Türkiyənin «Takvim»
qəzetində «İlham Əliyev
yenidən
seçilməlidir» sərlövhəli məqalə dərc edilmişdir
Türkiyənin "Takvim" qəzetinin guşə yazarı Bülənt Erandaçın "İlham Əliyev yenidən seçilməlidir" sərlövhəli məqaləsi dərc edilmişdir.
AzərTAc xəbər verir ki, məqalədə Türkiyənin və Azərbaycanın Avrasiyanın nüfuzlu ölkələrindən olduğu diqqətə çatdırılır. Müəllif yazır ki, oktyabrın 16-da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Bu seçkidə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi Türkiyənin Qafqazdakı taleyi ilə sıx bağlıdır. Eyni dilə, eyni dinə, eyni tarixə malik olan Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafında İlham Əliyevin çox böyük xidmətləri vardır. İki liderin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdikləri görüşlərdə söylədikləri sözlərini xatırlasaq, İlham Əliyevin yenidən Prezident seçilməsinin əhəmiyyətini daha yaxşı dərk edərik.
Sonra
müəllif Azərbaycan Prezidenti İlham Əliyevdən sitat
gətirir: "Bizim qəlblərimiz bir döyünür. Bizim dünyadakı ən mühüm
qardaşımız, dostumuz, müttəfiqimiz
Türkiyədir. Əminəm ki,
Türkiyə üçün də dünyada bir nömrəli
dost, qardaş və
müttəfiq Azərbaycandır". Baş
nazir Rəcəb Tayyib
Ərdoğanın fikirləri xatırladılır:
"Aramızdakı qardaşlıq bağları çox güclüdür.
Cənubi Qafqazda Türkiyə və Azərbaycan
əməkdaşlığı olmadan heç bir mühüm regional və qlobal layihələr həyata keçirilə
bilməz. Biz nə qədər birlikdə
olarsaq, gücümüz
də o qədər artacaqdır".
Müəllif yazır ki, Qafqaza geosiyasi marağın yeni mərhələyə yüksəldiyi həqiqətdir. Yaxın Şərqdə baş verən hadisələrin daha geniş geosiyasi sahəyə təsir etməsi haqqında düşünmək lazımdır. Qlobal güclər, ABŞ, Rusiya, İngiltərə və Almaniyanın da Azərbaycana artan marağı nəzərə alınarsa, "İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan" birliyinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyi daha aydın olar.
Bülənt Erandaç yazır ki, Ermənistan rəhbərliyi isə əvvəldən olduğu kimi, dağıdıcı mövqeyini davam etdirməkdədir. Bu vəziyyətdə bəzi güclərin Azərbaycanda sabitliyi pozmağa çalışması pis niyyətli planların olduğunu düşünməyə əsas verir. Problemi ədalətli şəkildə həll etmək əvəzinə, bölgənin bəzi ölkələrinin daha çox silahlandırılması istiqaməti seçilir. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər.
Bildirilmişdir
ki, Azərbaycanın zəngin enerji resurslarına malik
olması və Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti
gələcəkdə hər iki ölkənin
dünyadakı mövqeyini gücləndirir. Bu məsələdə Prezident
İlham Əliyev Baş
nazir Rəcəb Tayyib
Ərdoğan ilə Bakıdakı görüşündə
belə demişdir: "Azərbaycanın
çox böyük neft, təbii qaz
resursları vardır. Türkiyə çox
böyük iqtisadi
gücə malik bir
ölkədir. Biz bu resursları, tranzit
imkanlarını, iqtisadi gücü
birləşdirərək hər bir məsələdə
dünyadakı mövqeyimizi qoruya biləcəyik. Çünki
bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi
məsələləri ön plana çıxır. Biz
yaxşı bilirik ki,
gələcəkdə Xəzər hövzəsində olan təbii resurslar dünya üçün böyük rol oynayacaq və Azərbaycan bu
baxımdan yenə birinci sırada
olacaqdır".
Azərbaycan.-2013.- 17 iyul.- S.1.