Özbəkistanda yaşayan
azərbaycanlılar
Prezident İlham
Əliyevin namizədliyini müdafiə edirlər
Yeni Azərbaycan Partiyasının ünvanına Özbəkistanda yaşayan azərbaycanlılar adından məktub daxil olmuşdur. Məktubda deyilir:
"Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu özündə 50 min nəfərdən çox azərbaycanlını birləşdirir. Müxtəlif illərdə və müxtəlif səbəblərdən bu ölkəyə köçən azərbaycanlılar qardaş xalq tərəfindən çox səmimi qarşılanmış və ölkənin həyatına qaynayıb-qarışmışlar. Azərbaycanlılar ölkənin ictimai-siyasi və mədəni-iqtisadi həyatında aktiv iştirak edirlər. Özbəkistanda yaşayan həmyerlilərimiz arasında görkəmli alimlər, ictimai xadimlər, həkimlər, müəllimlər, mühəndislər, hüquqşünaslar, idmançılar və incəsənət ustaları da var. Bir sözlə, elə sahə yoxdur ki, azərbaycanlılar özlərini məsuliyyətli peşəkar mütəxəssis və zəhmətkeş kimi göstərməsinlər.
Özbəkistanda qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Mədəniyyət Mərkəzi və onun filialları ölkənin bir çox regionunda aktiv fəaliyyət göstərir. Onların fəaliyyətinin əsas məqsədi milli mədəniyyətimizi, ədəbiyyatımızı və incəsənətimizi, xalqımızın adət-ənənəsini qorumaq, gənclərin beynəlmiləl və tolerant ruhda tərbiyəsini təşkil etməkdir.
Bununla yanaşı, bizlərdən heç kim tarixi vətənimiz olan Azərbaycanı yaddan çıxarmır, onun maraqları və istəkləri ilə yaşayır, orada baş verən hadisələri çox böyük diqqətlə izləyir. Özbəkistanda daimi yaşayan azərbaycanlılar ulu öndər Heydər Əliyevin xatirəsini uca tuturlar. Şəhərin mərkəzində onun adını daşıyan küçədə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında abidəsi də ucaldılmışdır.
İlham Əliyevin şəxsində biz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısını görürük. Keçən bu illər ərzində Prezident İlham Əliyev çox böyük işlər görmüş, o cümlədən Azərbaycan-Özbəkistan dostluğunun daha da möhkəmlənməsinə nail olmuşdur. Özbəksitan Respublikasının Prezidenti İ.Kərimovun dəvətilə Özbəkistana səfəri zamanı İlham Əliyev Daşkəndin ən gözəl binalarından biri olan Azərbaycan Mədəniyyət Mərkəzində olmuş, mərkəzdə çalışan əməkdaşlarla və diaspor üzvləri ilə görüşərək problemlərimizlə maraqlanmış və bizə dəstək vermişdir.
Qürurla deyirik ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mövqeyi dünya siyasi arenasında daha da güclənmişdir. Vətəndaşların rifahı daha da yaxşılaşmış, iqtisadiyyatın və sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Gənclər hərəkatının inkişafına, təhsilə, idman və səhiyyəyə böyük dəstək göstərilmişdir. Bu barədə biz yalnız mətbuat, televiziya və radio vasitəsilə deyil, həmçinin Azərbaycanda yaşayan dostlarımız və qohumlarımız vastəsilə məlumat alırıq.
Azərbaycan diasporu prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini böyük sevinclə qarşılayıb. Çünki Azərbaycanın əldə etdiyi nailiyyətlər onun adı ilə bağlıdır. Onu yalnız milyonlarla soydaşımız deyil, Azərbaycanın dünyadakı bütün dostları, həmçinin bizim Özbəkistanda olan diaspor dəstəkləyir.
Azərbaycan və özbək xalqlarını çoxəsrlik dostluq telləri birləşdirir, biz əminik ki, İlham Əliyev yenidən prezident seçiləcək, iki ölkənin əlaqələri nəinki möhkəmlənəcək, daha yüksək səviyyəyə qalxacaqdır.
Biz, Özbəkistanda yaşayan azərbaycanlılar daim Azərbaycanın və onun Prezidenti İlham Əliyevin diqqət və qayğısını hiss etmişik.
Azərbaycan vətəndaşı olmadıqlarına görə Özbəkistanda yaşayan bir çox azərbaycanlılar qarşıdan gələn seçkilərdə bu və ya digər namizədə səs verə bilməzlər, lakin bizdən kimi Azərbaycan Prezidenti görmək barədə xəbər alsalar, tarixi vətənimizdəki bu yüksək vəzifədə birmənalı olaraq İlham Əliyevi görmək istədiyimizi söyləyərdik.
Biz
tarixi vətənimizin bir kiçik hissəsi olaraq Azərbaycan
xalqına öz mövqeyimizi çatdırmaq istəyir və
Azərbaycan xalqına gələcəkdə uğurlar
arzulayırıq".
Azərbaycan.-2013.- 17 iyul.- S.1.