Arzularımız çin
olur
Redaksiyamıza Sabirabad rayonunun bir qrup sakininin ölkə rəhbəri İlham Əliyevin adına minnətdarlıq məktubu daxil olmuşdur. Məktubda deyilir:
"Çox şadıq ki, bu gün ölkəmizə ulu öndər Heydər Əliyevin layiqli davamçısı rəhbərlik edir, ümummilli liderin başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə həyata keçirir. Sizin həm ölkəmizin daxilində, həm də beynəlxalq aləmdə uğurlu fəaliyyətiniz hər birimizi ürəkdən sevindirir.
Yaxşı yadımızdadır, 2003-cü ilin oktyabrın 31-də demişdiniz ki, "Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam". Artıq hamıya gün kimi aydındır ki, Siz ölkəmizin hər bir vətəndaşının alternativsiz Prezidentisiniz. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyiniz altında sosial-iqtisadi, mədəni yüksəliş yolundadır. Bunu biz həyatımızda aydın hiss edirik. Güzəranımız ilbəil yaxşılaşır. Artıq 2010-cu ilin yazında rayonda baş vermiş təbii fəlakətin ağır nəticələri aradan qaldırılıb. Çiy kərpicdən olan evlərin yerində möhkəm özüllü daşdan evlər tikilib, qəsəbələr salınıb, məktəblər, tibb ocaqları əsaslı şəkildə təmir olunub, əhaliyə dəyən təbii ziyana görə milyonlarla manat kompensasiya ödənilib.
Rayon sakinlərinin təbii qazla və elektrik enerjisi ilə təchizatında böyük irəliləyişlərə nail olunmaqla həmin işlər davam etdirilir. İçməli su və kanalizasiya sistemi də yenidən qurulur. Hacıqabul-Sabirabad-Horadiz magistral avtomobil yolunun rayonumuzdan keçən hissəsinin əsaslı təmiri başa çatdırılmaq üzrədir. Rayonumuzda abadlıq və quruculuq işləri də geniş vüsət alıb. Sabirabad şəhərinin görkəmi büsbütün dəyişib".
Məktubda daha sonra deyilir: "2011-2012-ci illərdə 17 kəndi əhatə edən 35 min nəfər əhalisi olan 68 kilometr uzunluğunda Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolu istifadəyə verilib. Uzun illər insanların həsrətlə gözlədiyi Arzu-Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün inşası başa çatır.
Bu il iyunun 12-də iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd Sarxanbəyli avtomobil yolunun tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırmanız rayonumuzda böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Hələ sovetlərin ən imkanlı vaxtlarında belə həmin kənd yolları asfalt görməmişdi. Siz kəndlərimizə firavanlıqla yanaşı, rahatlıq da gətirirsiniz.
Əziz Prezident! Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq. Sevinirik ki, dövlətimizin Sizin kimi insanpərvər, xalqının qeydinə qalan Prezidenti vardır.
Əmin
olun ki, ulu öndər Heydər Əliyev ideyalarına sadiq
olan sabirabadlılar Sizin ətrafınızda
sıx birləşmişlər. Biz
Sizə hədsiz inamımızı və sədaqətimizi bildiririk. Qarşıdakı prezident
seçkilərində də bizim yeganə namizədimiz Sizsiniz".
Hörmətlə,
Şərif Məmmədbəyov - rayon Ağsaqqallar
Şurasının sədri,
Zülfəli Əliyev - rayon Veteranlar Şurasının sədri,
Füzuli Paşayev - Qarabağ əlilləri və şəhid
ailələri İctimai Birliyi rayon
şöbəsinin
müdiri, Böyükağa Həmidov - rayon Ziyalılar Cəmiyyətinin sədri,
Yolçu Yolçuyev - Poladtoğay kənd sakini, Allahverdi
Əliyev - Nizami kənd sakini, Dədəkişi Dövlətov-
Sarxanbəyli kənd sakini, Mustafa Məşədioğlu -
Əliləmbəyli kənd sakini, Həbib Quliyev- Azadkənd
kənd sakini,
cəmi 162 imza.
Azərbaycan.-2013.- 17 iyul.- S.1.