Gənclərin namizədi cənab İlham Əliyevdir

 

Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Bu reallığı nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdı.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. Forumlarda Heydər Əliyevin proqram xarakterli çıxışlarının nəticəsi olaraq hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində lazımi tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında vəzifə kimi qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də  Azərbaycan gənclərinin Heydər Əliyev adına Sarayda keçirilən IV Forumunun yekun toplantısındakı çıxışı göstərdi ki, ulu öndərin gənclərlə bağlı siyasi kursu layiqincə davam etdiriləcək və Azərbaycan cəmiyyətində gənclərin hərtərəfli inkişafı, özlərinin həyatda təsdiqi üçün bütün imkanlar yaradılacaqdır.

2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin həyatda fəallıqlarının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən birielm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, ortaali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" isə gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb. Bu baxımdan Azərbaycanın təbii resursları içərisində ən böyük resursun insan biliyi olduğunu qeyd edən Prezident İlham Əliyevin maddi kapitalın insan kapitalına çevrilməsi çağırışı real həyata uğurla vəsiqə qazanmaqdadır.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında gənclərlə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, onların mənafeləri baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir. Həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Prezident İlham Əliyev 2011-ci il iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramda qarşıya qoyulmuş vəzifələr gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, gənclərin sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərdir. Prezident İlham Əliyevin Azərbaycan gənclərinin VI Forumunun iştirakçılarına məktubunda bu barədə deyilir: "Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır".

Bu gün Azərbaycanda gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü aparılır, gənclər mərkəzləri yaradılır. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin timsalında isə Azərbaycan gəncləri özlərinin ən böyük hamilərini görürlər. Odur ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan gənclərinin seçimi cənab İlham Əliyev olacaq.

Prezident İlham Əliyevin ötən 10 ilə yaxın müddətdə həyata keçirdiyi uğurlu siyasət cəmiyyət həyatının bütün sahələrində yüksəlişə yol açıb. Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoyub, insanların sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, kosmik kluba daxil olub. Bütün bunlar Azərbaycan dövlətinin ötən 10 ildə keçdiyi inkişaf yolunun möhtəşəm uğurlarıdır. Xalqımız bütün bunları görür və yüksək qiymətləndirir. Bu mənada Yeni Azərbaycan Partiyasının V qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün ölkə ictimaiyyətinin, o cümlədən gənclərin iradəsinin ifadəsidir.

 

 Elxan ŞİRİYEV,

BDU-nun doktorantı

Azərbaycan.-2013.- 17 iyul.- S.2.