Naxçıvan ağsaqqallarının seçimi dəyişməzdir

 

Naxçıvan Muxtar Respublikasının 26 mindən çox ağsaqqalı Prezident cənab İlham Əliyevin daxilixarici siyasətini ürəkdən dəstəkləyir.

Ölkə başçısı 10 illik prezidentlik müddətində çox böyük işlər görmüşdür. Bunun sayəsində də son illərdə ümumi daxili məhsul xeyli artmış, əhalinin sosial rifah halı yaxşılaşmış, yoxsulluq azalmış, Azərbaycan əhalisinin pul gəlirləri çoxalmışdır. Əhalinin əməkhaqqı və təqaüdləri dəfələrlə artmışdır.

Azərbaycanın böyük istiqlal şairi Məhəmməd Hadinin təəssüf dolu bir misrasını xatırlatmaq istəyirəm: "Yox millətimin imzası imzalar içində" deyərək içindəki arzunu, niyyəti də ifadə edən bu misra artıq reallığa çevrilib. Çox fərəhli haldır ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev xalqımızın imzasını bütün dünyada tanıtdırmışdır. Ulu öndərin uğurlusistemli siyasi xəttinin ləyaqətli davamçısı cənab İlham Əliyev də bu sahədə çox mühüm addımlar atmışdır.

Bu gün Azərbaycan dünyanın ən mötəbər beynəlxaq təşkilatlarının üzvüdür. Bu da onu göstərir ki, cənab Prezident öz fəaliyyəti ilə xalqımızın imzasının imzalar içində olmasına nail olmuşdur. Xalqımızın və dövlətimizin yeganə həll olunmamış problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində cənab İlham Əliyev çox mühüm  işlər görür, beynəlxalq danışıqlar aparır. Məsələnin sülh yolu ilə sərhədlərimizin bərpası şəraitində təmin olunmasına çalışır.

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar möhtəşəm hərbi paradı biz ağsaqqallar da televiziya vasitəsilə qürurla izlədik. Düzü, bu möhtəşəm parad bizim hər birimizdə çox böyük fərəh yaratdı. Bütün ölkə vətəndaşları kimi, biz ağsaqqallar da fəxr elədik ki, bizim bu cür sistemli, nizamlı  və qüdrətli ordumuz var.  Bu ordu Cənubi Qafqazda ən güclü ordudur. Bu gün biz çox böyük inam hissi ilə bildiririk ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə  işğal olunmuş torpaqlarımız sülh yolu ilə alınmasa, məhz qüdrətli ordumuzun gücü ilə  alınacaq, Xankəndidə, Şuşada, Xocalıda, Laçında və digər torpaqlarımızda üçrəngli bayrağımız  dalğalanacaqdır.

Naxçıvan Muxtar Respublikasının çoxminli ağsaqqalları bütün bu inkişafı, suveren həyatı, qüdrətlənən ordu quruculuğunu, insanların sosial problemlərinin həllini, gənclərə göstərilən etimadın uğurlu nəticələrini görür. Bu bizdə əminlik yaradır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik konsepsiyası 10 ildir ki, layiqli varis İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz inkişaf trayektoriyası ilə irəliləyir.

Məhz bu amilləri nəzərə alaraq ölkənin növbəti 5 ildə də cənab İlham Əliyev tərəfindən idarə olunması üçün növbəti prezident seçkilərində biz ağsaqqallar yenə də ölkə başçısının namizədliyini dəstəkləyirik.

 

 

Əbülfəz ƏSGƏRLİ,

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar

 Şurasının sədri, yazıçı, əməkdar müəllim

Azərbaycan.-2013.- 17 iyul.- S.2.