Ən layiqli namizəd

 

Təhsil işçisiyəm, otuz beş ildir ki, bu sahədə çalışıram. Yerlərdə görülən işlərə, adamların əhval-ruhiyyəsinə yaxından bələdəm.

Tovuzun təbiəti gözəldir. Lakin son illərdə sistemli surətdə görülən abadlıq və quruculuq işləri onu tanınmaz etmişdir. Dövlət başçısı İlham Əliyevin müəllifi olduğu Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayonun hər sahəsində böyük işlər görülür. Sahibkarlığa geniş meydan açılıb, taxıl, kartof, tərəvəz istehsalı ilbəil artır, üzüm bağlarının sahəsi genişlənir. Bununla əlaqədar olaraq müəssisələr yaradılır. Bozalqanlı kəndində müasir süd emalı zavodu istifadəyə verilib. Aşağı Quşçuda üç yüz tonluq soyuducu kameralar inşa olunub. Daha bir neçə yerdə çeşidləmə anbarları və qarışıq yem dəyirmanı tikilir.

Hamı yaxşı bilir ki, bütün bunlar Prezident İlham Əliyevin bölgələrin tərəqqisinə göstərdiyi tükənməz qayğı və diqqətin bəhrəsidir. Son vaxtlarda rayonumuzun inkişafı ilə əlaqədar bir sıra tarixi sənədlər qəbul edilib. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında," "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında", "Goytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında", habelə Tovuz-Qoylar-Ağbaşlar avtomobil yolunun tikintisi barədə sərəncamlar imzalamış, bunların hər birinin icrası üçün kifayət qədər vəsait ayrılmışdır.

Dövlətin tükənməz qayğısı və köməyi sayəsində əhalinin güzəranı ilə bağlı bir sıra problemlər həll olunur. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə əməli işlər aparılır. Artıq hər birinin tutumu 2500 kubmetr olan iki su anbarı, suqəbuledici qurğu, laboratoriya binası, nasos stansiyası və s. tikilmiş,  şəhərdaxili şəbəkələrə sağsol istiqamətlərdə su xətlərinin çəkilməsi başa çatdırılmışdır.

Su anbarının tikintisi üçün rayona kifayət qədər vəsait ayrılmış və nəzərdə tutulan vaxtda göstərilən həcmdə görülmüşdür. Həmin anbardan Ağstafaçay kanalına suyun ötürülməsi üçün uzunluğu 5 kilometr olan polad su kəməri çəkilmiş, Ağdam ərazisinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılmışdır. Bütün bunlar hamımızı ürəkdən sevindirir.

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq son illərdə rayonumuzda 18 yeni məktəb binası tikilmiş, onlarca məktəbdə cari təmir işləri aparılmışdır. Bundan əlavə, "Qərənfil" uşaq bağçası-körpələr evi müasir standartlara uyğun yenidən qurulmuşdur. Artıq 22 məktəb mərkəzləşmiş istilik sistemi ilə qızdırılır. Hazırda daha bir neçə kənddə müasir məktəb binaları inşa olunur. Bir sözlə, gözəlliklər məskəni Tovuz əsl tikinti meydanını xatırladır. Yaşıllıqlar qoynunda mədəniyyət və istirahət parkının salınması, qala komplekslərinin, Bayraq meydanının və Olimpiya idman kompleksinin inşası, Tovuz - Böyük Qışlaq - QaralarTovuz - Qovlar - Ağbaşlar avtomobil yollarının çəkilişi, beşulduzlu "Ayan-Palace" hotelinin istifadəyə verilməsi, səkkiz min il yaşı olan Göytəpə yaşayış məskənində Arxeo Parkının yaradılması, su-kanalizasiya xətlərinin təzələnməsi, bir sıra küçələrin başdan-başa asfalt döşənməsi üçün hazırlanması, yeni-yeni parkların, qəsəbələrin salınması Tovuzun uğurlu yüksəlişindən, bu cənnətməkan bölgənin daha xoş sabahından xəbər verir.

Bütün bunlar ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin vətənə və xalqa olan sonsuz məhəbbətinin bəhrəsidir. Ona görə də növbəti seçkilərdə cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi hamının ürəyindən xəbər verir. Cənab İlham Əliyev bu ali kürsüyə ən layiqli namizəddir. Biz həmişə, hər işdə onu qəlbən dəstəkləyəcək, ona səs verəcəyik.

 

 

 

Şamil ALIYEV,

əməkdar müəllim

Azərbaycan.-2013.- 17 iyul.- S.2.