YAP-ın qərarı Azərbaycan xalqının iradəsini tam ifadə edir

 

Azərbaycanın son 20 ildə əldə etdiyi uğurların müəllifi olan Yeni Azərbaycan Partiyasının V qurultayı təkcə bu partiyanın deyil, bütövlükdə ölkənin siyasi həyatında əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Çünki bu qurultayonun qəbul etdiyi qərarlar bütün cəmiyyətin sosial sifarişinin nəticəsi idi. Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ilə söhbətimiz də bu barədədir. O dedi:

- Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır günlərində, ölkənin ciddi sınaqlara çəkildiyi  bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında yaranmışdır. Azərbaycan dövlətinin və xalqının xoş gələcəyinə hesablanan ideyaların möhkəm təməli üzərində yaranan YAP-ın siyasi meydana çıxması cəmiyyətimizə yeni nəfəs verdi. Bu təşkilat hər bir vətəndaşın həyatında ümid çırağı yandırdı. O zamankı iqtidar nümayəndələri Heydər Əliyevin adı ilə bağlı bir partiyanın yaranmasından və bütün Azərbaycanda sürətlə təşkilatlanmasından hədsiz ehtiyatlanırdılar. Xalqın Heydər Əliyevin zəkasına, idarəçilik qabiliyyətinə, müdrikliyinə olan inamı, bu partiyanın tezliklə milyonların partiyasına çevriləcəyinə şübhə yaratmırdı. Məhz bu reallıq o dövrki səriştəsiz rəhbərliyi qane etmirdionlar hakimiyyətlərini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edərək YAP-ın təşkilatlanmasına maneçilik törətməyə çalışırdılar. Lakin bu əngəllər, əsassız təzyiqlər insanların əzmini və iradəsini qıra bilmədi. Respublikanın hər yerində YAP-ın yaranması xəbərini eşidən sadə insanlar, ziyalılar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını böyük ruh yüksəkliyi ilə qarşılayırdılar.

1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə qalmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqın təkidli tələbi, hətta çıxılmaz vəziyyətə düşmüş o dövrki iqtidarın istəyi ilə Bakıya gələn ulu öndər fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə istifadə edərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu.

Məhz bu xilaskar missiyanın nəticəsi olaraq Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünə rəhbər seçdi. Heydər Əliyevin prezident seçilməsindən sonra YAP ölkənin əsas siyasi qüvvəsinə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. YAP bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində durmuş, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi istənilən tarixi situasiyada taktiki tədbirlər həyata keçirməyi bacarmışdır. Təsadüfi deyil ki, 1993-cü ildən başlayaraq ölkəmizdə keçirilən bütün seçkilərin qalibi YAP-ın namizədləri olmuşlar. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu,  ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Böyük şəxsiyyətin yolunu, ideyalarını yalnız o səviyyədə olan insanlar davam etdirə bilər. Məhz buna görə də 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına müraciət edən ümummilli lider Heydər Əliyev xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdi. Həm 2003-cü il, həm də 2008-ci ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi eyni zamanda YAP-ın zəfəri, nailiyyəti idi. Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi isə ölkədəki siyasi mühitə yüksək ab-hava gətirdi. Bu, YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanmışdır. Ötən 10 ilə yaxın dövrün statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi göz önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Bu həqiqətin əsasını Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Bu gün Yeni Azərbaycan Partiyası iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir. Odur ki, YAP-ın keçirdiyi hər bir tədbir kimi V qurultayı da bütövlükdə ölkəmizin siyasi həyatında əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin geniş və dərin məzmunlu nitqləri ölkəmizin həm bu gününün, həm də gələcəyinin aydın və fərəhləndirici mənzərəsini yaratdı.

V qurultayda YAP-ın Siyasi Şurasının 90 nəfərdən ibarət üzvləri, 21 nəfərlik idarə heyətinin tərkibi və partiya sədrinin müavinləri seçildilər. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın ictimai-siyasi həyatında öz fəallığı ilə seçilən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasına sədr müavini seçilməsi partiyamızın fəaliyyətinə özünün mühüm töhfələrini verəcək. Həyata keçirdiyi geniş xeyriyyəçilik, Azərbaycanı bütün dünyaya tanıdan fəaliyyəti, mədəniyyətimizin inkişafına və təbliğinə verdiyi töhfələrlə Azərbaycan cəmiyyətinin hər bir üzvü tərəfindən təqdir olunan Mehriban xanım Əliyevanın YAP rəhbərliyində təmsil olunması əlamətdar hadisə kimi səciyyələndirilir.

Təbii ki, V qurutlayın mühüm qərarlarından biri cənab İlham Əliyevin yenidən partiyanın sədri seçilməsi idi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi Azərbaycan üçün nə qədər uğurlu olubsa, partiyamıza rəhbərliyi də o qədər uğurludur. Cənab İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənəcək, möhtəşəm bir siyasi təşkilat olaraq ölkəmizin inkişafına töhfələr verəcək.

Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib olmaq hüququnun əsas prinsipidir. Hələ bir müddət nüfuzlu ictimai təşkilatlar qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə Azərbaycan xalqının öz siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə ediblər. Yeni Azərbaycan Partiyasının V qurultayı isə öz tarixi qərarı ilə təkcə partiyamızın üzvlərinin deyil, bütün xalqın iradəsini ifadə etdi. Qurultay Azərbaycan xalqının və 600 minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin iradəsini, ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni və beynəlxalq inkişafının yüksək sürətini qeyd edərək, son 10 ildə həyatımızın bütün sahələrində köklü dəyişikliklərin baş verdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən yenidən prezidentliyə namizədliyini irəli sürdü.

Ötən 10 ildə ölkənin iqtisadiyyatının 3 dəfə artması, Azərbaycanın dünyada yüksək iqtisadi inkişaf göstəriciləri nümayiş etdirməsi, ölkəmizin birmənalı şəkildə bölgənin lider dövlətinə çevrilməsi, 1 milyondan çox yeni iş yerlərinin açılması ilə ölkədə məşğulluğun mənzərəsinin kökündən dəyişdirilməsi, abadlıq-quruculuq işlərinin və müasir infrastruktur layihələrinın Azərbaycanın simasını büsbütün yeniləşdirməsi və müasirləşdirməsi Azərbaycanın artan iqtisadi gücünün hərbi-siyasi və diplomatik gücə çevrilməsi sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ölkəmizin mövqelərinin həlledici dərəcədə güclənməsi və Prezident İlham Əliyevə olan dərin inamı daha da möhkəmləndirib. Xalqımızın və partiyamızın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə bu nailiyyətlərlə bağlı deyildir. Bu seçim habelə növbəti illərdə cənab İlham Əliyevin Azərbaycanın gələcəyinə daha çox töhfələr verə biləcəyinə dərin inamdan qaynaqlanır. Prezident İlham Əliyevin V qurultaydakı dərin məzmunlu çıxışı hər birimizdə bu inamı daha da artırdı və möhkəmləndirdi.

Azərbaycan Heydər Əliyev ideyaları ilə yüksəlir, inamla gələcəyə addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyması Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu əyani şəkildə göstərir. Bu il keçiriləcək prezident seçkilərində də Azərbaycan vətəndaşları cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının dövlətimz və xalqımız üçün alternativsizliyini nümayiş etdirəcək.

 

 

 

Söhbəti yazdı;

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 17 iyul.- S.3.