Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar

 və təmayüllər nəzərə alınmaqla qurur

 

Bu fikirlər "Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi" mövzusunda uğurla başa çatan beynəlxalq konfransın ana xəttini təşkil etmişdir

 

 

Son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər sırasında BMT-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə "Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi" mövzusunda bu günlərdə Bakıda uğurla başa çatan konfrans öz aktuallığı ilə xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrin müzakirəyə çıxarılması Azərbaycanın çoxsahəli fəaliyyət prioritetlərinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadisiyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir. Dövlət başçısının həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri həm də bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafının təminatına xidmət edir.

Bu barədə ətraflı bəhs olunan konfransda dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak etmişlər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek  bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin müddətinin başa çatdığı 2015-ci ildən sonrakı dövrdə əsas inkişaf məqsədlərini formalaşdırmaq üçün əhatəli məsləhətləşmələr prosesini aparmaq  məqsədi ilə hökumətlər və digər tərəfdaşlarla birgə fəaliyyət göstərir. 2013-cü ilin iyun ayınadək milli dialoqların nəticələrinin əldə olunması və  Yüksək Səviyyəli İşçi Qrupuna təqdim edilməsi nəzərdə tutulur. Bu hesabatların əsasında hazırlanan 2015-ci ildən sonrakı dövr üçün əsas inkişaf məsələləri ilə bağlı təkliflərin BMT Baş Məclisinin 2013-cü ilin sentyabrında keçiriləcək 68-ci sessiyasının gündəliyinə daxil ediləcəyi gözlənilir.

Konfransa sədrlik edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxışında demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər əldə edilən sosial, iqtisadisiyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir: "Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşmüşdür. Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə (MİM) ilk sıralarda nail olmağı bacarmışdır. Bu, o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf etmiş və beynəlxalq ictimaiyyət qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirmişdir".

Akademik Ramiz Mehdiyev vurğulamışdır ki, Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevrilmişdir. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir. Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilmişdir.  2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək. Ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək.

Prezident Administrasiyasının rəhbəri bildirmişdir ki,  Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bunun nəticəsidir ki, indi Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir.

2012-ci ildə   Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri daha sonra bildirmişdir ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir: "Biz regionalqlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milliregional səviyyədən qlobal miqyaslara çıxmışdır".

2015-ci ilədək Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir: "Təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır" - deyə akademik Ramiz Mehdiyev vurğulamışdır.

BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milliregional səviyyədən qlobal miqyaslara çıxdığını bildirən Prezident Administrasiyasının rəhbəri təəssüflə qeyd etmişdir ki, dünyanın ən əhatəli və nüfuzlu qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra edilmir. Minsk qrupu həmsədr ölkələrin yaydıqları bəyanat yeniləşmiş Madrid prinsiplərindən, demək olar kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin sözlərinə görə, Ermənistanın bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün yollarla yaranmış status-kvonu saxlamağa çalışır: "Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcək. Zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi  xüsusilə Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açarhumanitar böhran girdabında çapalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı". Natiq onu da xüsusi olaraq vurğulamışdır ki, BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın Davamlı İnkişafı naminə işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, özünün dörd qətnaməsinin yerinə yetirilməsi, sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün yürütdüyü nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə də Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam etdirəcəyinə  əminliyini bildirmişdir.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi A.Broek isə çıxışının sonunda əminliklə vurğulamışdır ki, Bakıda keçirilən konfrans "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası milli prioritetlərlə uzlaşan, Azərbaycanın 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinə dair tövsiyələrin hazırlanmasına və  qlobal inkişafın problemlərinin müəyyən edilməsinə töhfə verəcək.

BMT-nin beynəlxalq məsləhətçisi xanım Şəhrbanu Tacbahş "Azərbaycanda 2015-ci ildən sonrakı inkişafla bağlı Milli Məsləhətləşmələr" mövzusunda çıxışında bildirmişdir: "2000-ci ildə Nyu-Yorkda qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərində səkkiz məqsəd müəyyənləşdirilmişdir. Azərbaycanda  bu sahədə böyük nailiyyət əldə edilmişdir. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 45 faizdən 6 faizə enmişdir. İqtisadi artım əməkhaqlarının  qaldırılması, sosial yardımların tətbiqi Azərbaycana böyük imkanlar yaratmışdır".

2015-ci ildən sonrakı inkişaf məsələləri ilə bağlı tövsiyələrə dair geniş müzakirələrdə respublikamızın  qazandığı sosial-iqtisadi uğurlardan danışılaraq bildirilmişdir ki, 2015-ci ildən sonrakı dövrdə bu uğurların yeni mərhələsi ötən il dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapmışdır. Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrə qoşulmuşdur. Bu isə belə bir inam yaradır ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün qeyd edilən müddətdən sonrakı dövrdə də Azərbaycan böyük uğurlara imza atacaqdır.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 17 iyul.- S.4.