Onu hamı sevirdi
Mirzə
Babayev-100
Milli estrada sənətimizin inkişaf etməsində xüsusi xidmətləri olan məşhur müğənni Mirzə Babayev həm də bu janrın banilərindən sayılır. On il öncə ömrünün 90-cı qışında dünyasını dəyişən bu nəhəng ifaçı öz zəngin yaradıcılığı və bənzərsiz səsi ilə musiqi mədəniyyətimizin, kino sənətimizin əbədiyaşar simalarından biridir. Pərəstişkarları indi onun 100 yaşını qeyd edirlər.
Əlbəttə, onun cismani yoxluğu musiqisevərləri qəmləndirməyə bilməz. Bir təsəlli var ki, xalq artisti milli musiqi mədəniyyətimizdə özünə elə yer tutub ki, nə illərin ayrılığı, nə də üzü soyuq torpağın laqeydliyi o böyük sənətkarı kiməsə unutdura biləcək.
Mirzə
Babayev 1913-cü il
16 iyulda Bakıda anadan olmuşdur. Yaradıcılığı, qurub-yaratmağa olan meyili onu
əvvəlcə Bakı
Sənaye İnstitutunun
(indiki Neft Akademiyası) memarlıq fakültəsinə gətirdi.
1940-cı ildə bu institutu müvəffəqiyyətlə
bitirən Mirzə Babayev gənc memar kimi fəaliyyətə
başladı. Gözəl əl
qabiliyyəti, yaradıcılıq
düşüncəsi, rəssamlıq
istedadı olan bu gənci hamı
gələcəkdə məşhur
memar kimi görürdü. Amma içində
qaynayan bir bulaq onu başqa
səmtə çəkirdi.
O, həmişə oxumaq
istəyirdi. Fikri-zikri ancaq musiqidə
və mahnıda idi. Günlərin bir günündə
arzusunun arxasınca konservatoriyaya gəlib çıxdı. 1948-ci ildə bu musiqi
məbədinin vokal şöbəsində (professor Bülbülün sinfində)
təhsil alaraq bu sənətin incəliklərinə yiyələndi.
Böyük Bülbül ürəyəyatımlı
yumşaq səsi, gözəl ifa tərzi, yüksək musiqi duyumu ilə
seçilən tələbəsinə
inanırdı. Ona da əmin idi ki,
Mirzə Babayev gələcəkdə mütləq
tamaşaçıların dərin rəğbətini,
sevgisini qazanaraq sevilən müğənnilərdən
biri olacaq. Bülbül
bu fikrində yanılmamışdır. Hələ konservatoriyada oxuduğu illərdən Mirzə Babayev öz ifası ilə diqqət çəkərək az müddət ərzində respublikamızda
tanınmağa başladı.
O, hər bir bəstəkar əsərini,
eləcə də xalq mahnılarını özünəməxsus tərzdə
elə ifa edirdi ki, dinləyicilər
həm onun səsinə, həm də yeni oxu
tərzinə məftun
olurdular.
Bu, bir faktdır
ki, Mirzə Babayev yaradıcılığı
Azərbaycan mədəniyyəti
tarixində ayrıca və xüsusi bir mərhələdir. Azərbaycan bəstəkarlarının
500-dən artıq mahnısı
məhz onun ifasında populyarlaşmışdır.
Bu mənada bir
çox bəstəkar
Mirzə Babayev sənətinə həmişə
minnətdardır. Çünki onlarla müğənninin
ifasında yaddaşlara
köçməyən mahnılar
olub ki, məhz Mirzə Babayevin məharəti sayəsində sevilərək
əbədi həyat qazanıb.
Azərbaycan Dövlət Caz
Orkestrinin ilk solistlərindən
olan Mirzə Babayev müxtəlif illərdə Dövlət
Televiziya və Radio Verilişləri
Komitəsinin estrada
orkestrində, Dövlət
Filarmoniyasında, Dövlət
Konsert Birliyində çalışmışdır. Müxtəlif bəstəkar
nəğmələri ilə
yanaşı, xalq mahnılarının da mahir ifaçısı olan Mirzə Babayev əsasən üç böyük bəstəkarımızla işləməyi
çox sevərdi: Rauf Kazımov, Tofiq Quliyev və
Emin Sabitoğlu. Bu bəstəkarların elə mahnıları var ki, onlar
ancaq Mirzə Babayevin ifasında tamaşaçı tərəfindən
qəbul edilir və sevilir. Mirzə Babayevin həmkarları arasında da dərin hörməti vardı. Onu hamı sevirdi.
Bu unudulmaz sənətkarla
duet oxumayan az
qadın müğənni
tapılar. Əlbəttə ki, hər kəs bu cəsarəti
etməzdi. Çünki Mirzə Babayevlə bir yerdə oxumaq üçün sənin həm gözəl səsin, yüksək musiqi duyumun, həm də səhnə mədəniyyətin və
digər məziyyətlərin
olmalı idi.
Səhnəyə gəldiyi ilk gündən
ömrünün sonuna
kimi Mirzə Babayev səsinin gözəlliyinə, məlahətinə,
qəlbə təsiredici
ahənginə xələl
gəlmədi. Bu, bir
tərəfdən Allah vergisi,
digər tərəfdən
Mirzə Babayevin özünün sənət
məsuliyyətinin, səhnə
mədəniyyətinin gücü
idi. Hər bir mahnını
özünəməxsus məharətlə
ifa edən müğənnimiz son dərəcədə
həyatsevərliyi, yaşamaq
eşqi ilə seçilirdi. Gəncliyinin ilk illərində də, ömrünün ahıl çağlarında da Mirzə Babayev səhnədə eyni görünüşdə, eyni
formada idi. Bəlkə də elə bu səbəblərə görə tamaşaçılar
Mirzə dayını
daha çox sevirdilər. Onun nəğmələri
dillər əzbəri
idi.
Milli musiqimizi
varlığı qədər
sevən Mirzə Babayev xarici ölkələrdə də
mədəniyyətimizi ləyaqətlə
təmsil etmiş, ona hər yerdə
şöhrət gətirmişdir.
Kino sənətimizin inkişafında
da xalq artistimizin
böyük əməyi
vardır. 30-dan artıq
filmdə yaratdığı
müxtəlif xarakterli
obrazlar tamaşaçıların
yaxşı yadındadır.
"Aygün", "Alma almaya bənzər",
"Bir ailə",
"İstintaq", "Qaynana",
"Qəm pəncərəsi",
"Sən niyə susursan?", "Qaraca qız", "Qorxma, mən səninləyəm",
"Telefonçu qız",
"Dərviş Parisi
partladır", "Romeo mənim
qonşumdur", "Dəli
Kür", "Bəyin
oğurlanması" və
s. filmlərdə özünün
aktyorluq məharətini
nümayiş etdirən
Mirzə Babayev bu lentlərin yaddaşında həmişə
yaşayır. Elə filmlər
də var ki, özü orada olmasa da,
xoş səsi, şux nəğmələri
eşidilir. Hətta bəzən
bu mahnılar o qədər təsirli alınaraq yerinə düşüb ki, həmin filmlər o səsə, o nəğmələrə
görə daha çox yadda qalıb. Məsələn, "Onu bağışlamaq
olarmı?", "Ulduz",
"Gün keçdi"
və s. filmlər.
Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev sənətə memar kimi başlamışdı. Onun bu sahədə də xalqımıza töhfələri
vardır. O, Azərbaycan
Memarlıq İnstitutunun
üzvü idi. Mirzə Babayev Nizami adına
Azərbaycan Ədəbiyyatı
Muzeyinin tərtibatında
yaxından iştirak etmişdir. Bu ədəbiyyat
məbədinə yolu
düşənlər bir
daha Mirzə Babayevin rəssamlıq istedadının şahidi
ola bilərlər.
Xalq tərəfindən
böyük məhəbbətlə
sevilən, hər yerdə rəğbətlə
qarşılanan Mirzə
Babayevin milli musiqi mədəniyyəti
sahəsindəki xidmətləri
dövlətimiz tərəfindən
də yüksək qiymətləndirilmişdir. O, Azərbaycan
Respublikasının xalq
artisti fəxri adına layiq görülmüş, ümummilli
lider Heydər Əliyevin sərəncamı
ilə respublika Prezidentinin fərdi təqaüdçüsü olmuş,
bir sıra orden və medallarla,
o cümlədən "Şöhrət"
ordeni ilə təltif edilmişdir.
Mirzə Babayevin çox məşhur olan "Kəpənək" adlı
bir mahnısı var.
Lap gənclik illərindən
oxuduğu bu mahnı bir növ onun nəğmələrinin
simvolu idi. Sanki o, ifa etdiyi bütün
əsərlərə o mahnıdan
gələn bir zəriflik bağışlayırdı.
Flora XƏLİLOVA,
Azərbaycan.-2013.- 17 iyul.- S.6.