Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində

 daim ölkəmizin haqlı mövqeyini dəstəkləyir

 

İyulun 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Oqtay Əsədov iki qardaş ölkə arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərdən danışmışdır. Bildirmişdir ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaranması ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına stimul vermişdir.

Dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərindən danışan Oqtay Əsədov qeyd etmişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynayır. Səfərlər çərçivəsində 180-ə yaxın ikitərəfli sənədin imzalandığını qeyd edən sədr yaxın vaxtlarda 19 yeni sənədin də imzalanacağını diqqətə çatdırmışdır.

Ölkələrimiz arasında hüquqi, siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edən Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri də yüksələn xətt üzrə sürətlə inkişaf edir.  Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2,5 milyarddan artıq olmuşdur. Dövlətlərimiz arasında qarşılıqlı investisiya qoyuluşları da günbəgün inkişaf edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2018-ci ilədək Türkiyə iqtisadiyyatına 18 milyarda yaxın investisiya qoyuluşunu həyata keçirmək iqtidarındadır.  Ölkəmizə yatırılan sərmayələrin 36 faizi məhz Türkiyə şirkətlərinin payına düşür. Bu investisiyaların böyük əksəriyyətini qeyri-neft sektoru təşkil edir.

Sədr  qeyd etmişdir ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləyirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov bildirmişdir ki, bu məsələnin həllində ölkəmiz əsas dəstəyini məhz Türkiyədən alır.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Əhməd Davudoğlu Azərbaycana hər səfərində ölkəmizdə gördüyü yüksək inkişafdan qürur duyduğunu qeyd etmişdir.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri iki qardaş ölkənin birlikdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi çox önəmli layihələri həyata keçirdiyini vurğulamışdır.

Nazir yaxın vaxtlarda Azərbaycan və Türkiyə arasında diplomat mübadiləsinin də həyata keçiriləcəyini diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin  haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Türkiyənin xarici işlər naziri diqqətə çatdırmışdır ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamını xatırladan türkiyəli nazir, qardaş Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini diqqətə çatdırmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 iyul.- S.1.