Xarici İşlər Nazirliyində
Azərbaycan və
Türkiyə münasibətləri
müzakirə olunmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 17-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə bütün sahələrdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi vurğulanmışdır.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə birgə iqtisadi, enerji və nəqliyyat layihələri razılaşdırılmışdır. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını da müzakirə etmişlər. Nazirin sözlərinə görə, NATO-nun Əfqanıstandakı qoşunlarının çıxarılması üçün həmin dəmir yolundan istifadə oluna bilər. E.Məmmədyarov demişdir: "Məlumdur ki, 2014-cü ildə qoşunların Əfqanıstandan çıxarılması planlaşdırılır və biz hesab edirik ki, həmin məqsədlər üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə oluna bilər. Biz çalışmalıyıq ki, sözügedən dəmir yolu tezliklə işə salınsın".
E.Məmmədyarovun sözlərinə görə, ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri də danışıqlar mövzusu olmuşdur. Bundan əlavə, nazirlər TANAP və TAP birgə layihələrinin həyata keçirilməsini müzakirə etmişlər. Görüşdə o da vurğulanmışdır ki, iki ölkə beynəlxalq qurumlarda həmişə bir-birini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Danışıqlar zamanı bütün sahələrdə ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunduğunu bildirən Əhməd Davudoğlu demişdir: "Biz qardaşlıq münasibətləri və strateji əhəmiyyətli münasibətlər kimi səciyyələndirdiyimiz Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü vəziyyətinə şadıq. Biz Azərbaycanın müasir inkişafını ölkə hökumətinin uğuru sayırıq". A.Davudoğlunun sözlərinə görə, Türkiyədə Azərbaycanın iqtisadi yüksəlişini və inkişafını müşahidə edirlər.
Ə.Davudoğlu
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında jurnalistlərin suallarına
cavab verərək demişdir ki, ATƏT-in Minsk qrupunun
üzvü olan Türkiyə münaqişənin nizama
salınması prosesində bundan sonra da iştirak etməyə
hazırdır. O demişdir:
"ATƏT-in Minsk qrupu
20 il ərzində bu
prosesdə bir nəticəyə nail ola bilməyibsə, tərəflər
özlərinə "nə üçün?"
sualını verməlidirlər". Onun
sözlərinə görə, Bakı və Ankaranın Ermənistan-Azərbaycan
münaqişəsinin həlli istiqamətində fəal
işləmələri bu gün
hamıya məlumdur. Türkiyə naziri demişdir: "Zənnimcə, Türkiyənin
həmin problemin nizama
salınması prosesində fəal iştirak
etməsinə imkan yaradılması onun həlli üçün
faydalı ola bilərdi".
Azərbaycan.-2013.- 18 iyul.- S.4.