Professor Erşan Aygün: İki il əvvəl Bakıya ilk dəfə

 gələndə burada belə sürətli inkişaf görəcəyimi gözləmirdim

 

Bakıya ilk dəfə 2011-ci ilin avqustunda gəldim. Bakının gözəlliyinə çox heyran oldum. Bakıda belə sürətli inkişaf görəcəyimi gözləmirdim. Hər gəlişimdə çox sürətli inkişafın əsaslı dəyişikliyin şahidi oluram.

Mərkəzi Klinik Xəstəxananın həkimi, ümumi cərrahiyyə mütəxəssisi, türkiyəli professor Erşan Aygün AzərTAc-a müsahibəsində  ölkəmizə ilk gəlişini məhz belə xatırlayır.

Professor Erşan Aygün 1981-ci ildə Hacəttəpə Universitetinin tibb fakültəsini bitirmişdir. O, 1986-cı ildə Qara Dəniz Texniki Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini başa vurmuş, 1991-ci ildə dosent, 1996-cı ildə isə professor elmi dərəcəsini almışdır. 2000-ci ildə İstanbuldakı Bakırköy Elmi-Tədqiqat Xəstəxanasının baş həkimi ümumi cərrahiyyə klinikasının müdiri olmuşdur. Erşan Aygün 2010-2011-ci illərdə İstanbul Bahçelievler Medical Park Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hazırda İstanbulda özəl xəstəxanada çalışan E.Aygün, eyni zamanda, iki ilə yaxındır ki, Bakıda, Mərkəzi Klinik Xəstəxanada da qonaq həkim kimi fəaliyyət göstərir. Professor Erşan Aygünün əsas fəaliyyət sahəsi ümumi cərrahiyyənin mədə-bağırsaq sistemidir.

Mədə-bağırsaq sistemində endoskopiya deyilən şlanqsalma üsulundan söhbət açan professor Erşan Aygün demişdir ki, bu yolla mədənin müayinəsini apara, baş verən qanaxma hallarının qarşısını ala bilirik. Əyri cəbhə dediyimiz üsulla isə öd yollarına daxil olaraq daşları çıxarırıq. Qarın boşluğunun, öd yollarının əməliyyatını, xərçəng, kor bağırsaq əməliyyatlarını qarını açmadan lazer vasitəsilə aparmaq mümkündür. Bütün bu üsulları artıq Azərbaycanda yüksək səviyyədə tətbiq edən həkimlər vardır.

Müsahibimiz son on ildə dünyada ən çox yayılmış beş xəstəlikdən biri olan piylənmədən ətraflı söhbət açmışdır. ABŞ-da köklükdən əziyyət çəkənlərin sayı əhalinin 35, Avropada isə 25 faizini təşkil edir. Türkiyədə oxşar rəqəmlər vardır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayının artması ciddi tədbirlərin görülməsini zəruri edir. Təsadüfi deyildir ki, Dünya Səhiyyə Təşkilatının son 10 ildə hər kəsi xəbərdar etdiyi ən ciddi problemlərdən biri məhz piylənmə hesab olunur. Hər bir insanda kökəlmənin səviyyəsi bədən kütlə indeksi ilə hesablanır. Bu zaman insanın çəkisi onun boy ölçüsünün kvadratına bölünür. Bədən kütlə indeksinin normal göstəricisi kişilər üçün 18-25, qadınlar üçün isə 17-23-dür. İndeks 25-30 olarsa, insanda piylənmənin getdiyini, 30-40 ölçüsü artıq xəstəlik dərəcəsinə çatdığını, 40-dan yuxarı olduqda isə həmin şəxsin ağır xəstə olduğunu göstərir.

 Piylənmə yuxuya, nəfəs almağa mənfi təsir edir, astma, xərçəng xəstəliklərinin yaranmasına səbəb olur, prostat vəzi, ürək çatışmazlığı, infarkt, təzyiq, şəkər xəstəliklərinin yaranma ehtimalını artırır. Piylənmədən qorunmaq üçün pəhriz saxlamaq müntəzəm idmanla məşğul olmaq, xüsusən həftədə ən az 20 kilometr piyada yerimək lazımdır. Bədən kütlə ölçüsünün 40 indeksindən çox olduğu xəstələr isə mütləq əməliyyat edilməlidir. Əməliyyat zamanı piylənmə səviyyəsindən asılı olaraq xəstələrin mədəsinə xüsusi şar taxılır ki, bu vasitə ilə 6 ayda 20-30 kiloqram arıqlamaq mümkündür. Əgər bu vasitə kömək etməsə, mədəkiçiltmə əməliyyatları aparılır.

 Hazırda dünyada ən geniş yayılmış üsul mədəkiçiltmə əməliyyatlarıdır. Bu əməliyyatlar üç cür aparılır. Bunlardan biri mədəyə qandal taxmaq, digəri mədəni yemək borusu ya bağırsaq kimi boru şəklinə salmaqdır. Üçüncü əməliyyat isə mədəni tamamilə kiçiltmək bağırsaqların yolunun dəyişdirilməsidir ki, bu da sürətlə arıqlamağa imkan verir. Lazerlə aparılan bu əməliyyatların daha az fəsad yarada biləni birinci ikinci əməliyyatlardır. İnsan arıqladığı zaman onun ürək çatışmazlığı, şəkər xəstəliyi, təzyiqi düzəlir.

Professor Erşan Aygün bütün bu əməliyyatların hamısının Bakıda, xüsusən Mərkəzi Klinik Xəstəxanada aparıldığını bildirmişdir.

O, hazırda Mərkəzi Klinik Xəstəxanada, eləcə digər səhiyyə müəssisələrində ən müasir tibbi avadanlığın quraşdırıldığını, yüksək şəraitin yaradıldığını vurğulamışdır. Mərkəzi Klinik Xəstəxanada bütün xəstəliklərin dəqiq diaqnozunu müəyyən etmək üçün ən müasir avadanlıq quraşdırılmışdır.

Müsahibimiz sözünə davam edərək demişdir ki, Mərkəzi Klinik Xəstəxana Türkiyənin ən yaxşı beş xəstəxanası ilə müqayisə oluna bilər. Burada işləyən həkimlər son dərəcə peşəkardırlar. Azərbaycanda universiteti bitirən gənclərin xaricdə təhsillərini davam etdirmələri, xüsusən dövlətin bunu təşviq etməsi məni olduqca heyrətləndirdi. Bu gənclər Avstriyaya, Fransaya, Almaniyaya, İngiltərəyə, Türkiyəyə ixtisas almaq üçün göndərilirlər. Mərkəzi Klinik Xəstəxananı yaradanlara təşəkkür edir, xüsusən ulu öndər Heydər Əliyevə dərin minnətdarlıq hissi ilə rəhmət diləyirəm.

Ulu öndərin açılışını etdiyi Mərkəzi Klinik Xəstəxananın bu gün çox güclü səhiyyə müəssisəsinə çevrilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin xidmətləri əvəzsizdir. Görkəmli alim, istedadlı tibb təşkilatçısı Cəmil Əliyevin rəhbərliyi qayğısı ilə bu xəstəxana dünyanın ən müasir standartlarına cavab verir. Mərkəzi Klinik Xəstəxananın inkişafında baş direktor Məlikşah Acunerin, baş həkim Kamran Musayevin xidmətləri böyükdür. Dünyada qabaqcıl tibb müəssisələrində aparılan ən mürəkkəb əməliyyatları Mərkəzi Klinik Xəstəxanada həyata keçirmək üçün bütün şərait vardır.

Müsahibəsinin sonunda professor Erşan Aygün demişdir ki, tibb sahəsində Azərbaycanda çox sürətli inkişaf yaşanır. Azərbaycanda tibb sahəsində istedadlı gənclərin olması, onların təhsillərini davam etdirmələri üçün dövlət tərəfindən dünyanın qabaqcıl ölkələrinə göndərilməsi bu inkişafın davamlı olacağını deməyə əsas verir.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.4.