Bakıda Gəncənin 4000 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

"Alov qüllələri" kompleksindəki "Fairmont Baku" otelində Azərbaycanın, eyni zamanda, dünyanın ən qədim şəhərlərindən olan Gəncənin 4000 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin inkişafı ilə yanaşı, qədim yaşayış məskənlərimizin tarixinin öyrənilməsinə də başlanılmışdır. Müstəqilliyimizə görə borclu olduğumuz ulu öndər Heydər Əliyev həmişə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz işlər  görmüşdür. Bu gün bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın qədim şəhərlərinin tarixini öyrənmək üçün arxeoloji qazıntılar aparılır.

AzərTAc xəbər verir ki, tədbirdə bütün bu faktları diqqətə çatdıran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhərinin tarixindən danışmışdır.

Bildirmişdir ki, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi, mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilmişdir. Fondun prezidenti Mehriban xanım  Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür. Buna misal kimi VII-VIII əsrlərə aid Comərd Qəssab türbəsi və xalqımızın canlı qəhrəmanlıq salnaməsini yaratmış Cavad xanın abidəsinin, qədim Gəncə qapılarının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını göstərmək olar. Bu gün Gəncənin tarixinin daha dəqiq araşdırılması üçün xarici mütəxəssislərin iştirakı ilə arxeoloji qazıntılar davam etdirilir.

Elmar Vəliyev onu da qeyd etmişdir ki, ən qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan Gəncə şairlərin, filosofların, alimlərin məkanı olmuşdur. Bu qədim diyar dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahilər bəxş etmişdir. Gəncədə Nizami Gəncəvinin 870 illiyi, UNESCO-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyləri artıq qeyd edilmişdir. Bu, Gəncənin qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, bəşər tarixində xüsusi rola malik şəhər olduğunu da bir daha təsdiqləyir.

UNESCO-nun sabiq baş direktoru, qurumun fəxri baş katibi Federiko Mayor Saraqosa bildirmişdir ki, dünyada 4000 illik tarixi olantarixi köklərini təbliğ edən çox az sayda şəhər vardır. "Biz keçmişimizi gənclər üçün tədqiq etməliyik", - deyən qonaq Gəncənin Nizami, Məhsəti kimi dünya miqyaslı şəxslərin vətəni olduğunu söyləmişdir. Qeyd etmişdir ki, şəhərin tarixində belə şəxsiyyətlərin olması mühüm amildir.

Tədbirdə Gəncənin 4000 illik yubileyi münasibətilə UNESCO-nun baş direktoru İrina Bokovanın və İordaniya Kraliçası Nur əl Hüseyninin təbrik məktubları oxunmuşdur.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Gəncədə aparılan arxeoloji tədqiqatlar barədə danışmışdır.

Digər çıxış edənlər də vurğulamışlar ki, zəngin keçmişi olan ölkənin zəngin gələcəyi də olur. Gəncənin tədqiqi Azərbaycanın qədim dövrünün araşdırılması işinə də dəyərli töhfələr verəcəkdir. Gəncənin 4000 illik tarixi Amerika Birləşmiş Ştatları, İngiltərə və digər ölkələrin arxeoloqları tərəfindən aparılan araşdırmalar nəticəsində də təsdiq olunmuşdur. Gəncə haqqında hesabatın UNESCO tərəfindən təqdim olunması isə bu qədim şəhərin tarixinin bəşəriyyət üçün əhəmiyyətini təsdiq edən bir hadisədir.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.7.