Azərbaycan Respublikasında keçirilən
seçkilərdə (referendumda) səsvermə
üçün qeydiyyatdançıxma
(səsvermə) vəsiqəsinin seçicilərə verilməsi
qaydası haqqında TƏLİMAT
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/29 saylı qərarı
ilə təsdiq edilmişdir
Seçkilərdə (referendumda) (bundan sonra - seçkilər) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin (bundan sonra - səsvermə vəsiqəsi) seçicilərə verilməsi qaydasına dair tələblər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 101-ci maddəsi ilə və bu Təlimatla tənzimlənir.
1. Ümumi müddəalar
1.1. Seçici səsvermə günü adının seçici siyahısında olduğu müvafiq seçki məntəqəsinin hüdudlarından kənarda olacağı və ya digər seçki (referendum) məntəqəsində (bundan sonra - seçki məntəqəsi) səs verəcəyi halda, müvafiq seçki (referendum) komissiyasından (bundan sonra - seçki komissiyası) səsvermə vəsiqəsi (Təlimata 1 saylı əlavə) ala bilər.
1.2. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsini almaq üçün müraciət etməsinin səbəbləri göstərilməlidir (bu Təlimata 2, 2a, 2b və 2c saylı əlavələr). Bu ərizəyə əsasən seçiciyə səsvermə vəsiqəsi verilir.
1.3. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
2. Dairə seçki komissiyasında səsvermə vəsiqələrinin verilməsi
2.1. Dairə seçki komissiyası tərəfindən seçicilərə səsvermə vəsiqəsi səsvermə gününə 45-25 gün qalmış müddətdə verilir.
2.2. Dairə seçki komissiyası səsvermə vəsiqələrinin verilməsinin reyestrini tərtib edir. Reyestrdə seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir (Təlimata 3 saylı əlavə). Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası seçici siyahıları ilə birlikdə həmin reyestrdən təsdiq edilmiş çıxarışları məntəqə seçki komissiyasına göndərir. Hər bir məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər aparır.
2.3. Seçiciyə verilən səsvermə vəsiqəsi dairə seçki komissiyasının üzvü tərəfindən imzalanmalı və komissiyanın möhürü ilə təsdiqlənməlidir.
2.4. Dairə seçki komissiyası iki gündən bir məntəqə seçki komissiyasından aldığı məlumatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinə təqdim edir.
2.5. Seçici və ya onun nümayəndəsi səsvermə vəsiqəsini dairə seçki komissiyasından aldıqda, reyestrdə öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə əlavə edilir.
3. Məntəqə seçki komissiyasında səsvermə vəsiqələrinin verilməsi
3.1. Məntəqə seçki komissiyası ərizənin verildiyi gündən başlayaraq 2 gün müddətində dairə seçki komissiyasına müraciət edib seçicinin əvvəl səsvermə vəsiqəsi alıb-almamasını müəyyən etməlidir.
3.2. Məntəqə seçki komissiyası tərəfindən seçicilərə səsvermə vəsiqəsi səsvermə gününə 24-3 gün qalmış müddətdə verilir.
3.3. Seçici və ya onun nümayəndəsi məntəqə seçki komissiyasından səsvermə vəsiqəsini aldıqda, seçicilər siyahısında öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu halda vəsiqənin kəsilən hissəsi seçicilər siyahısına əlavə edilir.
3.4. Seçiciyə verilən səsvermə vəsiqəsi məntəqə seçki komissiyasında komissiya üzvü tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.
3.5. Müvafiq məntəqə seçki komissiyası seçiciyə səsvermə vəsiqəsi verdikdən dərhal sonra bu haqda dairə seçki komissiyasına məlumat verir.
4. Yekun müddəalar
4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında" Təlimat qüvvədən düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 18 iyul.- S.6.