Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) QAYDALARI

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

Səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) (bundan sonra - paylanması) ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və bu Qaydalarla tənzimlənir.

 

 

1. Ümumi müddəalar

 

 

1.1. Bildiriş aktiv seçki hüququ olan vətəndaşların seçkilərdə iştiraka dəvət vasitəsidir. Bu sənəd səsvermənin keçirilmə vaxtını və səsverməyə dəvət olunan şəxsin səsvermə hüququnu həyata keçirməyə metodik yardım göstərir və seçki məntəqəsinin (səsvermənin) yerini dəqiq müəyyənləşdirməyə kömək edir.

1.2. Seçicilərin məlumatlandırılması vasitəsi kimi bildirişin hazırlanması və vətəndaşlara çatdırılması üçün müvafiq seçki komissiyaları məsuliyyət daşıyırlar.

 

 

2. Bildirişlərin hazırlanması, aşağı seçki  komissiyalarına paylanması

 

 

2.1. Bildirişlərin forması, sayı və hazırlanmasına aid tələblər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 40 gün qalmış təsdiq edilir, bildirişlər müəyyən olunmuş formadasayda poliqrafiya müəssisəsində hazırlanır.

2.2. Bildiriş blankları poliqrafiya müəssisəsindən alındıqdan sonra, müvafiq dairə seçki komissiyasına onların sayı və verilmə tarixi göstərilməklə, akt əsasında verilir. Həmin akt dairə seçki komissiyasının sədri və katibləri, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyi müvafiq struktur bölməsinin rəhbəri tərəfindən möhürlənir və imzalanır.

2.3. Hər bir məntəqə seçki komissiyasına verilən bildirişlərin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir, səsverməyə azı 15 gün qalmışadək müvafiq akt tərtib edilməklə dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına yuxarıda göstərilən qaydada verilir.

 

 

 

3. Bildirişlərin seçicilərə paylanması və paylanmanın uçotunun aparılması

 

 

3.1. Məntəqə seçki komissiyası bildirişlərin seçicilərə çatdırılmasını səsvermə gününədək hökmən təmin etməlidir. Bildirişlərin səsvermə gününə 7 gün qalmışadək seçicilərə çatdırılmasının yekunlaşdırılması daha məqsədəmüvafiqdir. Bildirişlərin paylanması prosesində məntəqə seçki komissiyasının üzvləri ilə yanaşı, müvafiq qurumların (ərazi üzrə mənzil-istismar sahələrinin və s.) nümayəndələri də iştirak edə bilərlər.

3.2. Bildirişlər yaşayış və yerləri üzrə seçicilərə şəxsən çatdırılır. Şəxsin özü müəyyən səbəblərdən yaşayış və ya yerində olmadıqda, bildiriş onun yetkinlik yaşına çatmış ailə üzvünə və ya işlədiyi idarənin, təşkilatın, müəssisənin müdiriyyətinə təqdim edilə bilər.

3.3. Dairə seçki komissiyası tərəfindən qaytanlanıb möhürlənmiş və səhifələnərək məntəqə seçki komissiyasına verilmiş jurnalda bu barədə müvafiq qeyd aparılmalıdır.

3.4. Bildirişlərin seçicilərə paylanmasının yetkinlik yaşına çatmayanlara, o cümlədən məktəblilərə həvalə edilməsi yolverilməzdir.

3.5. Bildirişlərin paylanması barədə statistik məlumatlar məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına və elektron poçt vasitəsilə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinə ötürülür.

3.6. Dairə seçki komissiyası həmin məlumatların toplanmasını yekunlaşdıraraq Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir.

 

 4. Yekun müddəalar

 

 4.1. Bu Qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 5 oktyabr 2005-ci il tarixli 32/149 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması)" Qaydaları qüvvədən düşmüş hesab edilir.

 

Azərbaycan.-2013.- 18 iyul.- S.6.