Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında ƏSASNAMƏ

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/27 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

Namizədin qeydə alınması üçün müvafiq seçki komissiyasına təqdim olunmuş imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaradılmış işçi qrupunun (bundan sonra - işçi qrupu) hüquqları, vəzifələri və fəaliyyət qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsi və bu Əsasnamə ilə müəyyən edilir.

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. İşçi qrupu Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra - Seçki Məcəlləsi)  və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qəbul etdiyi normativ xarakterli aktlara uyğun fəaliyyət göstərir.

 

1.2. İşçi qrupu seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq seçki komissiyası tərəfindən yaradılır.

 

1.3. İşçi qrupunun tərkibinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (onun yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və s. orqanların mütəxəssisləri sırasından ekspertlər daxil edilə bilər.

 

 

 

2. İşçi qrupunun formalaşdırılması qaydası və səlahiyyət müddəti

 

 

 

2.1. İşçi qrupu müvafiq seçki komissiyasının qərarı ilə yaradılır.

 

2.1.1. İşçi qrupunun  səlahiyyət müddəti yaradıldığı andan başlayır, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməklə başa çatır.

 

2.2. İşçi qrupuna müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü rəhbərlik edir.

 

2.3. İşçi qrupunun üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla bu işə cəlb edilir və əsas yerindən müvəqqəti ayrılmaqla öz vəzifələrini həyata keçirirlər. Onların əsas yeri üzrə vəzifə maaşları və digər ödənişlər saxlanılır.

 

2.4. İşçi qrupunun üzvləri fəaliyyət göstərdikləri müddətdə müvafiq seçki komissiyası ilə bağlanmış əmək müqaviləsinə əsasən komissiyanın müəyyən etdiyi məbləğdə  əməkhaqqı alırlar.

 

 

 

3. İşçi qrupunun  hüquq və vəzifələri

 

 

 

3.1. İşçi qrupunun aşağıdakı hüquqları vardır:

 

3.1.1. obyektiv yoxlamanı təmin etmək məqsədilə öz səlahiyyəti daxilində aşağıdakı subyektlərdən zəruri məsələlər üzrə məlumat və materiallar tələb etmək və almaq;

 

3.1.1.1. namizəd, siyasi partiya, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, imza toplayan şəxslər və seçicilərdən;

 

3.1.1.2. müvafiq dövlət orqanları, bə

 

lədiyyə qurumları və digər orqanlardan;

 

3.1.2. verilmiş sorğuya 3 gün müddətində,  əgər səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində rəsmi cavab almaq.

 

3.2. İşçi qrupunun aşağıdakı vəzifələri vardır:

 

3.2.1. təqdim edilən seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanılmasını və bu barədə ayrı-ayrılıqda rəy verilməsini təmin etmək;

 

3.2.2. ekspert və mütəxəssislərin rəyləri və yoxlama cədvəli əlavə olunmuş, işçi qrupunun rəhbəri tərəfindən ayrıca tərtib edilmiş və imzalanmış hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticəsi haqqında protokolu qərar qəbul edilməsi üçün seçki komissiyasına təqdim etmək;

 

3.2.3. protokolun surətini (imzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edilərsə, yoxlamanın nəticəsi barədə cədvəlin surətini də) namizədin qeydə alınması məsələsini gündəliyə çıxaran müvafiq seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə vermək.

 

Qeyd: İşçi qrupu mütəxəssislərinin rəyləri imza vərəqələrində və digər seçki sənədlərindəki məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

 

 

 

4. İşçi qrupu rəhbərinin hüquq və vəzifələri

 

 

 

4.1. İşçi qrupu rəhbərinin aşağıdakı hüquqları vardır:

 

4.1.1.  qrupun işini təşkil etmək, seçki komissiyası ilə razılaşdırmaqla müvafiq orqan və təşkilatlara sorğu verməklə məlumat və sənədlər tələb etmək və almaq;

 

4.1.2.  qrupun üzvləri arasında vəzifə bölgüsü aparmaq, qrupun işinə cəlb edilmiş mütəxəssislərə tapşırıqlar vermək və onların icrasını yoxlamaq.

 

4.2. İşçi qrupu rəhbərinin aşağıdakı vəzifələri vardır:

 

4.2.1. hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələrinə dair protokolu tərtib etmək və imzalamaq, qərar qəbul edilməsi üçün müvafiq seçki komissiyasına təqdim etmək;

 

4.2.2. işçi qrupunun seçki komissiyası ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

 

4.2.3. yoxlamanın yekunlarına dair protokolları və başqa sənədləri imzalamaq;

 

4.2.4. seçki komissiyasının tələbinə əsasən komissiyanın iclasında işçi qrupunun gördüyü işlər  barədə məruzə etmək.

 

 5. Yekun müddəalar

 

 

5.1.      Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-2 saylı qərarı ilə təsdiq edilmiş "Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında" Əsasnamə qüvvədən düşmüş hesab edilir.

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

 

LİNKLƏR

 

 

  Azərbaycan.-2013.- 18 iyul.- S.6.