Dairə seçki
komissiyasının nəzarət-təftiş xidməti
haqqında ƏSASNAMƏ
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/25 saylı qərarı
ilə təsdiq edilmişdir
Dairə seçki komissiyasının nəzarət-təftiş xidmətinin yaradılması, hüquqi vəziyyəti, vəzifələri və fəaliyyət qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 97-ci maddəsi və bu Əsasnamə ilə tənzimlənir.
1. Ümumi müddəalar
1.1. Seçki Məcəlləsi və bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyəti həyata keçirmək üçün dairə seçki komissiyası öz qərarı ilə dairə seçki komissiyasında nəzarət-təftiş xidməti yaradır.
1.2. Nəzarət-təftiş xidməti dairə seçki komissiyasının səlahiyyəti müddətinə təşkil olunur.
1.3. Nəzarət-təftiş xidmətinin tərkibinə dairə seçki komissiyasının 3 nəfər üzvü, (komissiyaları formalaşdıran qüvvələrin təmsilçiliyi üzrə) müvafiq dövlət orqanlarının (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi rayon şöbələrinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergi idarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin) və müvafiq bank qurumlarının dairə seçki komissiyasının sədri ilə razılaşdırılmış əməkdaşları daxil edilir.
1.4. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil olan dairə seçki komissiyası üzvlərindən biri onun rəhbəri təyin olunur.
1.5. Nəzarət-təftiş xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı dairə seçki komissiyası tərəfindən həyata keçirilir.
1.6. Nəzarət-təftiş xidməti öz fəaliyyətində Seçki Məcəlləsini, bu Əsasnaməni və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qəbul etdiyi digər hüquqi aktları rəhbər tutur.
1.7. Nəzarət-təftiş xidmətinin rəsmi yazışmaları üçün dairə seçki komissiyasının blankından istifadə olunur.
2. Nəzarət-təftiş xidmətinin formalaşdırılması qaydası
2.1. Nəzarət-təftiş xidmətinin rəhbəri və dairə seçki komissiyasının təmsilçiləri olan üzvləri komissiyanın qərarı ilə təyin və azad edilirlər.
2.2. Nəzarət-təftiş xidmətinin üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla dairə seçki komissiyasının sədri tərəfindən xidmətin tərkibinə daxil edilirlər.
2.3. Seçkilərin təyin olunması haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilmək üçün müvafiq orqanlar tərəfindən dairə seçki komissiyasının sərəncamına tələb edilən vaxtadək müvafiq mütəxəssislər göndərilməlidir.
2.4. Nəzarət-təftiş xidmətinin üzvləri əsas işlərindən müvəqqəti azad edildikdə, əsas iş yerləri üzrə əməkhaqları və digər ödənişlər saxlanılmaqla Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə əlavə əməkhaqqı alırlar.
2.5. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilən mütəxəssislər nəzarət-təftiş xidməti rəhbərinin təqdimatı əsasında dairə seçki komissiyası sədrinin sərəncamı ilə və müvafiq komissiyanın vəsaiti hesabına xidməti ezamiyyətə göndərilə bilərlər.
3. Nəzarət-təftiş xidmətinin vəzifələri
3.1. Dairə seçki komissiyasının nəzarət-təftiş xidməti aşağıdakı vəzifələri həyata keçirir:
3.1.1. dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatını yoxlayır;
3.1.2. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını yoxlayır;
3.1.3. icra hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, mülkiyyət formasından asılı olmayaraq təşkilatlardan, vətəndaşlardan nəzarət-təftiş xidmətinə aid məsələlər barəsində, seçkilərin maliyyə təminatı ilə əlaqədar zəruri məlumatları alır;
3.1.4. seçkilərin maliyyələşdirilməsində məntəqə seçki komissiyalarında yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;
3.1.5. yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertlər cəlb edir;
3.1.6. seçkilərin maliyyələşdirilməsinin qanunvericiliyə uyğun aparılması ilə bağlı digər məsələləri yoxlayır;
3.1.7. yoxlamaların nəticələri haqqında akt, yaxud arayış tərtib edərək dairə seçki komissiyasının sədrinə təqdim edir;
3.1.8. seçkilərin maliyyələşdirilməsində buraxdıqları pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyalar bloklarına, referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq seçki komissiyaları qarşısında məsələ qaldırır.
4. Nəzarət-təftiş xidmətinin hüquqları
4.1. Nəzarət-təftiş xidməti aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq subyektlərdən öz səlahiyyətlərinə aid bütün məsələlər üzrə məlumat və arayış tələb etmək;
4.1.2. müraciətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü isə dərhal cavab almaq;
4.1.3. seçki komissiyalarına ayrılmış pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
4.1.4. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirmək.
Qeyd: Nəzarət-təftiş xidmətinin müraciətləri üzrə cavab və materiallar icra hakimiyyəti orqanları, bələdiyyə qurumları, hüquqi və fiziki şəxslər tərəfindən 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü isə dərhal verilir.
5. Nəzarət-təftiş xidməti rəhbərinin hüquq və vəzifələri
5.1. Nəzarət-təftiş xidmətinin rəhbəri aşağıdakı hüquqlara malikdir:
5.1.1. müvafiq idarə və təşkilatlara sorğular vermək, məlumatlar almaq;
5.1.2. xidmətin tərkibinə daxil olan şəxslərə və həmin xidmətin işinə cəlb edilmiş mütəxəssislərə (ekspertlərə) tapşırıq vermək.
5.2. Nəzarət-təftiş xidmətinin rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:
5.2.1. xidmətin fəaliyyətini təşkil edir və bu barədə dairə seçki komissiyasına hesabat verir;
5.2.2. xidmətin tərkibinə daxil olan şəxslər və həmin xidmətin işinə cəlb olunan mütəxəssislər (ekspertlər) arasında vəzifə bölgüsü aparır, onlara verilmiş tapşırıqların icrasına nəzarət edir;
5.2.3.
dairə seçki komissiyasının
tapşırığı ilə yoxlamaların keçirilməsi
və ekspert rəylərinin hazırlanması
üçün ekspertlər cəlb etmək.
6. Yekun müddəalar
6.1. Bu Əsasnamə qüvvəyə mindiyi
gündən Mərkəzi Seçki
Komissiyasının 8 sentyabr 2003-cü il tarixli 29/228 saylı qərarı
ilə təsdiq edilmiş "Dairə seçki komissiyalarının nəzarət-təftiş
xidməti haqqında" Əsasnamə qüvvədən düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 18 iyul.- S.5.