Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
Sonra
nəqliyyat naziri Ziya MƏMMƏDOV çıxış edərək
dedi:
-
Möhtərəm cənab Prezident!
Hörmətli
iclas iştirakçıları!
Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması Sizin, cənab Prezident, müəyyən etdiyiniz iqtisadi siyasətin mühüm tərkib hissəsi olaraq, yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından ölkəmizin geniş tranzit imkanlarından tam istifadəyə yönəlmişdir.
Müxtəlif nəqliyyat növlərinin vahid nəqliyyat sistemində mövcud şəbəkələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sistemin etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsi barədə Sizin, cənab Prezident, tapşırıqlarınıza əsaslanan, zati-alilərinizin diqqət və qayğısı ilə həyata keçirilən nəqliyyat fəaliyyətimiz davamlı olaraq özündə ölkəmizin sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönəlmiş tədbirləri əhatə edir.
Bu ilin ən əlamətdar tədbiri olan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı nəqliyyat-yol kompleksində keçirilən bütün tədbirlərdə bu sahənin hazırkı inkişafının Heydər Əliyev siyasətindən bəhrələndiyi qeyd edilmiş, ulu öndərin misilsiz xidmətləri dərin minnətdarlıq hissi ilə qeyd olunmuş və xatırlanmışdır.
Möhtərəm cənab Prezident!
İcazə verin, diqqətinizə çatdırım ki, 2013-cü ilin 6 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, əhalinin və ölkə iqtisadiyyatının daşımalara olan tələbatı ödənilmişdir. 2012-ci ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 1,8 faiz artaraq 105,2 milyon ton və sərnişin daşımaları 5,7 faiz artaraq 804 milyon nəfər təşkil etmişdir. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 923 milyon manat təşkil etmişdir.
Dəmir yolu nəqliyyatında aparılan yenidənqurma işləri davam etdirilmişdir. Hazırda şərq-qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulmuşdur.
Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilmişdir. 6 ay ərzində paytaxta 340 yeni sərnişin avtobusları gətirilərək istismara verilmişdir. Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilmişdir.
İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə bu ayın sonuna qədər 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması başa çatdırılacaq və sentyabr ayından bu sistemə keçidə başlanılacaqdır.
Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunmuş, 6 körpü inşa və təmir edilmişdir. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilmişdir.
Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilmiş, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilmişdir.
Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılmışdır.
Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi, Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilmişdir.
Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Bu il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi" üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. Fürsətdən istifadə edərək, bu proqramların icrası ilə əlaqədar, son 5 il ərzində görülmüş işlər barədə məlumatları da diqqətinizə çatdırmaq istərdim.
Bu dövr ərzində bütün nəqliyyat növləri ilə 688 milyon ton yük, 7,1 milyard nəfər sərnişin daşınmışdır. Yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 və 7,1 faiz təşkil etmişdir. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi 7,3 milyard manat təşkil edərək, əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artmışdır.
Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar olaraq, sahələr üzrə infrastruktur layihələri barədə bir neçə əsas məqamları və görülmüş işləri diqqətinizə çatdırmaq istərdim.
Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və iş hazırda da davam etdirilir. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulmuşdur. Layihə başa çatdıqdan sonra, dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.
Cənab Prezident, Siz nitqlərinizdə dəfələrlə qeyd etmisiniz ki, Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, Şərqlə Qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi də buna nümunədir.
Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilmiş və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaqdır.
Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılmışdır və quruda tikinti işləri davam etdirilir. 2014-cü ildə birinci kompleks - Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaqdır.
Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işləri qeyd edərək bildirmək istərdim ki, 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilmiş və təmir olunmuş, avtomobil yollarında 158 körpü inşa edilmişdir.
Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. 2014-cü ildə Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.
Görülən işlərin müqayisəsi üçün bir neçə rəqəmi qeyd etmək istərdim. Əgər 1990-cı ilə qədər Azərbaycanda bütün körpülərin uzunluğu 29 min metr idisə, təkcə son beş ildə istismara verilmiş körpü və bağlantıların uzunluğu təxminən 20 min metr təşkil edir. Bu körpülərin texniki parametrlərini - zolaqlarının sayını, uzunluğunu və yükgötürmə qabiliyyətini də müqayisə etsək, o zaman nə dərəcədə irimiqyaslı işlərin görüldüyünü təsəvvür etmək olar.
2008-2013-cü illərdə birinci texniki dərəcəli, 4 zolaqlı yolların ümumi uzunluğu 150 kilometr artırılaraq 180 kilometrdən 330 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu 1100 kilometr artırılaraq 7678 kilometrə çatdırılmışdır. 2015-ci ilə qədər birinci texniki dərəcəli 4 zolaqlı yolların uzunluğu 800 kilometrə çatdırılacaqdır.
Avtomobil yollarımızın texniki dərəcələri əhəmiyyətli dərəcədə yüksəlmiş, yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, işıqlandırma, magistrallara giriş-çıxışın məhdudlaşdırılması və digər texniki tədbirlər görülmüşdür ki, bunlar hərəkətin təşkilində, təhlükəsizliyin qorunmasında və qəza hadisələrinin qarşısının alınmasında mühüm şərtlərdəndir. Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır.
Su nəqliyyatı sahəsində dövlət büdcəsi hesabına son 5 il ərzində 4 tanker və 5 bərə alınaraq istismara verilmişdir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2008-2012-ci illər ərzində "Azərbaycan Hava Yolları" QSC tərəfindən "Boeing", "Airbus" və "Embraer" tipli 16 sərnişin təyyarəsi və 3 helikopter alınmış və yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır. Azərbaycanın əsas regional mərkəzlərində (Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) beynəlxalq hava limanları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.
Ölkəmizdə daşımaların böyük hissəsinin həyata keçirildiyi avtomobil nəqliyyatında nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi tədbirləri də məqsədyönlü şəkildə həyata keçirilmişdir. Son 5 il ərzində paytaxta 3471 yeni iri və orta tutumlu avtobuslar və 1000 "London-Taksi"ləri olmaqla 1850 yeni taksi minik avtomobilləri gətirilmişdir. Bu dövr ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikilərək istismara verilməsi ilə yanaşı, regionlarda 11 avtovağzal və avtostansiya tikilmiş, 8-i yenidən qurulmuş, 3 avtovağzalın tikintisi isə davam etdirilir.
Möhtərəm cənab Prezident!
Sizin xüsusi qayğı və məhəbbətlə yanaşdığınız, gündən-günə müasirləşən və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilmişdir. Bakı şəhərində 572,2 kilometr yol əsaslı təmir olunmuş, 32 yol qovşağı, bu yol qovşaqlarında 35 körpü, yol ötürücüləri və tunellər tikilmişdir. 50 yeraltı və yerüstü piyada keçidləri tikilmiş, 10 yeraltı piyada keçidi isə təmir olunmuşdur.
Bu dövrdə Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilmişdir.
Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və "Yaşıl dalğa" tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artmışdır.
Möhtərəm cənab Prezident!
Nəqliyyatdan istifadənin asanlaşmasını təmin edən bütün bu işlər xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edir. Sizin adınızla bağlı olan bütün bu işlər ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. Göstərişiniz əsasında bölgələrdə keçirdiyimiz vətəndaşların fərdi qəbullarında ölkəmizdə aparılan böyük quruculuq işlərinə sadə insanlar tərəfindən yüksək qiymət verildiyinin, minnətdarlıqla dəyərləndirdiyinin, apardığınız siyasətin tam dəstəkləndiyinin şahidi oluruq, Sizin şəxsiyyətinizə səmimi arzuları eşidirik.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi böyük uğurlar, nail olduğu davamlı inkişaf və yüksəliş son illər ərzində respublikamızı dünya ictimai birliyinin diqqət mərkəzinə çıxarmış, ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirmişdir. Heç şübhəsiz ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də bu etimadın əyani nümunəsidir və hər birimiz bununla qürur duyuruq. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı qəbul edilərək icrasına başlanılmışdır. İki ildən az vaxt qalmasına baxmayaraq, bütün işlər vaxtında yekunlaşdırılacaqdır.
Sonda icazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, zati-alilərinizin tapşırıq və tövsiyələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə minnətdaram!
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Bir daha qeyd etmək istəyirəm ki, bu ilin altı ayında görülmüş işlər deməyə əsas verir ki, biz bu yüksək templəri saxlayacağıq və ilin əvvəlində qarşıda duran vəzifələrin hamısını icra edəcəyik. Biz yüksək templəri saxlamalıyıq, bütün layihələri vaxtında icra etməliyik. Bu il çox böyük Dövlət investisiya proqramı icra edilir. Əminəm ki, ilin sonuna qədər bu Dövlət investisiya proqramı tam şəkildə icra ediləcəkdir. Bu da, öz növbəsində, gələcək illər üçün daha da yaxşı zəmin yaradacaqdır. Çünki Dövlət investisiya proqramında nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaqdır.
Ölkəmizdə böyük tikinti işləri gedir. Görülən işlərin bir hissəsi bu gün məruzələrdə də qeyd edildi. Azərbaycan böyük tikinti meydançasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq.
Qeyd etdiyim kimi, artıq birinci altı ayda 12,6 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin içində əlbəttə ki, dövlət investisiya layihələri də önəmli yer tutur. Biz elə etməliyik ki, bax bu temp gələcək illərdə də saxlanılsın. Çünki baxmayaraq ki, çox işlər görülüb, hələ görüləsi işlər çoxdur və infrastruktur layihələrinin bir hissəsi ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Ancaq biz gələn il də investisiya layihələrinə xüsusi diqqət göstərəcəyik. Bunu və eyni zamanda, gözlənilən maaş və pensiyaların artımını nəzərə alaraq biz makroiqtisadi sabitliyə də daim böyük fikir verməliyik. Sevindirici hal ondan ibarətdir ki, ilin əvvəlindən inflyasiya templəri çox aşağıdır. Giriş sözümdə qeyd etdiyim kimi, inflyasiya cəmi 2 faiz təşkil edir. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, inflyasiya birrəqəmli olsun və görürük ki, biz buna nail oluruq. Əminəm ki, ilin sonuna qədər inflyasiya məqbul səviyyədə olacaqdır. Ancaq buna nail olmaq üçün biz gərək çox ciddi iş aparaq.
Azərbaycanda dövlət xərcləri, büdcə xərcləri ildən-ilə artır. Bu gün bu rəqəmlər səsləndi, icmal büdcə də, investisiya layihələri, sosial ödəmələr, maaşlar, pensiyalar da artır. Sovet dövründən qalmış əmanətlərin, demək olar ki, mütləq əksəriyyətini qaytarmışıq. Bax, görülən bütün bu işlərin fonunda inflyasiyanı aşağı səviyyədə saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir və mən bunu qiymətləndirirəm. İnflyasiyanın aşağı səviyyədə qalması, ilk növbədə, sosial məna daşıyır. Bu, dövlətin öz vətəndaşlarına olan münasibətini bir daha göstərir.
Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatmalıdır. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi və artıqlaması ilə icra olunmuşdur. Ondan sonra 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı qəbul edilmişdir. Artıq proqramın icrasının başa çatmasına bir neçə ay vaxt qalır. Bu gün artıq demək olar ki, bu proqram da artıqlaması ilə icra edilir. Elə etməliyik ki, ilin sonuna qədər bu proqram tam icra edilsin.
Bu proqramların qəbul edilməsi nəticəsində hesab edirəm ki, biz böyük nailiyyətlərə imza atdıq. Bütün görüləcək işlər bu proqramlarda çox dəqiq qaydada göstərilmişdir. Əlbəttə ki, ölkəmizin inkişafı ilə bağlı çox konkret planlarımız vardır. Mən bu planlar haqqında vaxtaşırı öz fikirlərimi bildirirəm. Ancaq bütün bu planları, görüləcək bütün işləri vahid proqramda əks etdirmək, əlbəttə ki, bizim işimizi asanlaşdırdı və eyni zamanda, proqramın icrasına nəzarəti gücləndirdi. Ona görə hesab edirəm ki, bu ilin sonuna qədər bu proqram tam şəkildə icra edilməlidir.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin proqramı da bu ilin sonuna qədər başa çatmalıdır. Bu proqram ikillik proqram idi. İşlər çox qısa müddət ərzində görülməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir.
Növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstərəcəyik. Bu gün bu rəqəmlər səsləndi, son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kənlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək. Hesab edirəm ki, artıq götürülən bu temp əgər saxlanılarsa, biz buna nail olacağıq. Bildiyiniz kimi, kənd yollarının tikintisi iki mənbədən maliyyələşir - dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. İlin sonuna qədər bu proses davam etdiriləcəkdir.
Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyyəti, demək olar ki, tikilmişdir. Qalan işlər də növbəti illərdə görüləcəkdir. Biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmişik. Son illər ərzində bütün magistral yollarda böyük işlər görülür, rahat yollar salınır. Onlar müasir standartlara cavab verən yollardır. Şəhərlərarası yollara fikir verilir, kənd yolları tikilir. Bu, ölkəmizin inkişafını göstərir və eyni zamanda, infrastruktur layihələri arasında yol tikintisi xüsusi yer tutur. Çünki yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz.
Əlbəttə ki, yollar, ilk növbədə, insanların rahatlığı üçün tikilir. Yəni bu, başlıca məqsəddir və digər bütün məqsədlər də gözlənilir. Ona görə nəqliyyatla bağlı olan məsələlər kompleks şəkildə icra edilir. Dəmir yolunun yenidən qurulması gedir və bu layihə imkan verəcək ki, qatarların sürəti də artsın. İnsanların rahatlığı üçün bu, çox böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin də fəal işləməsi üçün buna böyük ehtiyac vardır. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətə malik olan layihədir. Mən çox şadam ki, Azərbaycan bu layihənin təşəbbüskarı kimi böyük işləri öz üzərinə götürmüşdür və bu gün yolun tikintisi davam edir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcəkdir. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çevriləcəkdir. Biz öz tranzit imkanlarımızı onsuz da artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcəkdir. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur.
Ona görə nəqliyyat infrastrukturuna qoyulan sərmayə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha da dolğun şəkildə təmin edəcəkdir. Azərbaycanda, Xəzərdə ən böyük dəniz limanı tikilir. Bu da bizim təşəbbüsümüz idi, buna da böyük ehtiyac vardır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti nəticəsində ən azı 10 milyon artıq yük daşınacaqdır, - yəni biz bunu gözləyirik, gələcək illərdə bu rəqəm daha da artacaqdır, - əlbəttə ki, müasir dəniz limanına böyük ehtiyac vardır. Eyni zamanda, yeni tikilən dəniz limanı Bakıda, şəhərin mərkəzində yerləşən dəniz limanının şəhərdən köçürülməsinə də imkan yaradacaqdır. O ərazidə ictimai yerlər salınacaqdır.
Ümumiyyətlə, son illər ərzində Bakıda ictimai yerlərin salınması prosesi geniş vüsət almışdır. Yeni parklar salınır, yeni xiyabanlar, yollar açılır, ictimai yerlər yaradılır. Deyə bilərəm ki, ictimai yerlərin sayına, onların həcminə, gözəlliyinə görə Bakı ən qabaqcıl yerlərdədir. Dənizkənarı bulvar genişləndirilmişdir. Şəhərin mərkəzindəki köhnəlmiş, yarıdağılmış vəziyyətdə olan tikililər artıq yığışdırılır. Onların yerində yeraltı parkinqlər və yerüstü parklar salınır. Görün, bu gözəllik nə qədər insanlara rahatlıq verir, insanların gözünü oxşayır. Eyni zamanda, yeni salınmış bu parklarda gün ərzində bəlkə də on minlərlə insan öz asudə vaxtlarını keçirir.
Bu proses bir daha onu göstərir ki, düşünülmüş siyasət olan yerdə nəticələr də olur. Əlbəttə, bütün köçürülmələr qanun çərçivəsində aparılmalıdır. Vətəndaşlara lazımi səviyyədə kompensasiya da ödənilməlidir. Qeyd etmək istəyirəm ki, verilən kompensasiya bazar qiymətindən təxminən iki dəfə çoxdur. Biz hamımız bilirik ki, şəhərin hansı yerində qiymətlər necədir və verilən kompensasiya təxminən bazar qiymətindən iki dəfə artıqdır. Bu da Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təzahürüdür. Hesab edirik ki, bütün köçürülmələr bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Bakıda
yeni yolların çəkilişi prosesi gedir. Çünki
buna böyük ehtiyac vardır. Əgər biz vaxtilə bu
proqramı başlamasaydıq, indi şəhər nəqliyyatı
tam iflic vəziyyətinə düşərdi. Bu il ərzində
100 minə qədər yeni avtomaşının idxalı
gözlənilir. Əgər, biz yolları genişləndirməsək,
köçürülmələri etməsək və yeni
yol qovşaqlarını, tunelləri tikməsək onda şəhər
nəqliyyatı dayanar. Biz bəzi böyük şəhərlərin
vəziyyətini yaxşı bilirik. Orada, demək olar ki, nəqliyyat
iflici hökm sürür. Ona görə, Bakının tarixi
yerlərində genişləndirmə
işlərinin aparılması çox çətindir. Bunu
etmək mümkün deyildir, tarixi binalar vardır. Ancaq harada
mümkündürsə, orada biz yeni yolları
açmalıyıq, açırıq da, acacağıq da.
Çünki bunsuz mümkün deyildir. Bu, böyük vəsait
tələb edir. Çünki yolun tikintisi özlüyündə
çox böyük vəsait tələb edən məsələlərdir.
Köçürülmələr, kompensasiyalar,
kommunikasiyaların yerinin dəyişdirilməsi - yəni biz
bütün bu işləri kompleks şəkildə
aparırıq və aparacağıq.
Sosial məsələlərin
həllinə gəldikdə, bu barədə mən giriş
sözümdə qeyd etdim. Gələn aylarda maaşların,
pensiyaların artırılması nəzərdə tutulur.
Digər sosial tədbirlər görüləcəkdir.
Bakıda və bölgələrdə sosial infrastrukturun
tikintisi davam etdirilir. Hesab edirəm ki, bu sahədə nailiyyətlər
böyükdür.
Sahibkarlığın
inkişafı ilə bağlı nəzərdə
tutulmuş kreditlərin böyük əksəriyyəti
artıq verilmişdir. Bu il bu kreditlər 250 milyon manat məbləğində
nəzərdə tutulubdur. Kreditlərin böyük hissəsi
əvvəlcə verilmiş və qaytarılmış kreditlər
hesabına verilir. Bu kreditlər çox səmərəli
şəkildə işləyir və iqtisadiyyatın real
sektoruna bir töhfədir. Sahibkarlığın
inkişafına da bir töhfədir. Yəni artıq bundan
sonra hər il sahibkarlara ən azı 250 milyon manat güzəştli
şərtlərlə kredit veriləcəkdir ki, bu, qeyri-neft
sektorunun, sahibkarlığın inkişafına xidmət
göstərəcək, beləliklə, ölkə
qarşısında duran vəzifələri icra etmək
üçün daha da yaxşı şərait
yaradacaqdır.
Mən ərzaq
təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə
bildirmişəm. Sahibkarlarla görüşlərdə də
bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm
ki, biz son illər ərzində bu istiqamətdə çox
önəmli addımlar atmışıq və bəzi
pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin
səviyyəsinə yaxınlaşırıq. Bəzi
pozisiyalar üzrə əvvəlki dövrlərdə biz
özümüzü 100 faiz təmin məsələlərini
həll etdik. Sahibkarlığın inkişafı dövlət
siyasəti, bütün bu işlərin koordinasiyası,
infrastruktur layihələrinin icrası və əlbəttə
ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq
təhlükəsizliyini təmin etmək üçün bizə
imkan yaradacaqdır.
Bizdə
hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu
torpaqlarda meliorativ tədbirlər görülməlidir və
görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar
torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq
hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə
çoxdur. Yəni biz əslində, bu rəqəmləri də
gözləyirdik. Çünki bu yeni, iri fermer təsərrüfatlarında
bütün tədbirlər yüksək səviyyədə
görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə
ilə təminat, əlbəttə ki, dövlət tərəfindən
verilmiş kreditlər hesabına bütün bu işlər
görülür.
Hesab edirəm
ki, bax, biz bu təcrübəni, əlbəttə ki,
genişləndirməliyik. Bizə təqribən 40-50
böyük, iri fermer təsərrüfatı lazımdır
ki, taxıla olan tələbatı biz tam şəkildə
ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər,
yəni, böyük olmayan fermer təsərrüfatlarında
da tətbiq etməliyik. Kənd təsərrüfatı
texnikasının alınması ilə bağlı son qərarım
da məhz bu məqsədi güdür. Bir daha demək istəyirəm
ki, vaxtilə "Aqrolizinq"in yaradılması bu sahədə
bir dönüş oldu. Əgər biz "Aqrolizinq"i
yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də
bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı
almaq üçün imkanlara malik deyillər. Dövlət
burada öz rolunu oynamışdır. Gələcək illərdə
kənd təsərrüfatı texnikasının, xüsusilə
kombaynların alınması ilə bağlı əlavə tədbirlər
görüləcəkdir. İlin sonuna qədər əlavə
vəsait də ayrıla bilər. Biz yaxın
üç-dörd il ərzində özümüzü ən
müasir texnika ilə tam şəkildə təmin etməliyik.
Çünki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını
yaradacağıq. Burada təxminən 10 minlərlə hektar
torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında
da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd
Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini
bir daha verməlidir ki, biz öz işlərimizi
planlaşdıraq, bilək, nə qədər traktor, nə qədər
kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər
tam şəkildə öz həllini tapsın.
Bununla bərabər,
meliorasiya tədbirləri də böyük əhəmiyyətə
malik olan məsələlərdir. Bu il Taxtakörpü su
anbarı layihəsi istismara veriləcəkdir. Bu nəhəng
infrastruktur layihəsidir. Bunun böyük əhəmiyyəti,
tarixi əhəmiyyəti vardır. Bu, müstəqillik
dövründə qeyri-neft sektorunda icra edilən ən
böyük layihələrdən biridir, bəlkə də
birincisidir. Bu layihə sırf sosial xarakter daşıyır,
suvarılan torpaqların sahəsi böyük dərəcədə
artacaqdır. Eyni zamanda, içməli su məsələləri
öz həlini tapacaqdır.
İndi Vəlvələçay
- Taxtakörpü su kanalı açılışa
hazırdır və Taxtakörpü anbarının su ilə
doldurulması başlanacaqdır. İlin sonuna qədər bu
nəhəng layihə, - bunun içində elektrik
stansiyası da vardır, - istismara veriləcəkdir.
Bununla bərabər,
digər meliorativ tədbirlər görülməlidir. Hesab
edirəm, meliorasiya ilə bağlı gələcəkdə
xüsusi proqram da qəbul edilə bilər ki, biz öz
strategiyamızı və planlarımızı proqram şəklinə
salaq və bu məsələləri ardıcıllıqla həll
edək. Onsuz da biz bunu həll edirik. Yeni kanallar tikilir, artezian
quyuları qazılır, indi Taxtakörpü, Şəmkirçay
su anbarları tikilir. Şəmkirçay anbarı yəqin
ki, gələn il istismara veriləcəkdir. Bu da on minlərlə
hektar yeni torpaqlara suyun verilməsi deməkdir. Ancaq bununla bərabər,
başqa imkanlar da vardır. Biz
kiçik çaylardan daha da səmərəli şəkildə
istifadə etməliyik. Yəni, hesab edirəm ki, bu sahədə
çox dəqiq, müfəssəl və dünya praktikasına
uyğun bir proqram işlənib təqdim edilməlidir.
Sənayeləşmə
ilə bağlı artıq bütün müvafiq göstərişlər
verilmişdir. Sadəcə olaraq, bir daha qeyd etmək istəyirəm
ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının
yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda
artıq yeni müəssisələrin
açılışını
qeyd edəcəyik. Azərbaycanın sənaye
potensialı böyüyür, artır. Bu ilin birinci
rübündə qeyri-neft sənayemiz təxminən
üç faiz artmışdır. Əminəm ki, gələcək
illərdə bu artım daha da böyük rəqəmlərlə
ölçüləcək. Hazırda tikilməkdə olan
böyük sənaye kompleksləri Azərbaycanda çox
güclü ixrac yönümlü sənaye potensialı
yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir.
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye
şəhərlərimizdir və bu şəhərlərdə
sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin
ediləcəkdir.
Bununla bərabər,
ixrac məhsullarının istehsalının
artırılması da daim diqqət mərkəzindədir. Əlbəttə
ki, ilk növbədə biz diqqətimizi daxili bazara yönəldirik. Daxili bazarı həm sənaye məhsulları,
həm tikinti materialları və
həm də ərzaq məhsulları
ilə təmin etməliyik. Bu, birinci məsələdir. Ancaq
görülən və görüləcək işlərin
miqyasını nəzərə alsaq görərik ki, biz ancaq
daxili bazarla kifayətlənə bilmərik. Bizdə istehsal
olunacaq məhsullar daxili bazarın tələbatından qat-qat
üstün olacaqdır. Ona görə mən indidən bu göstərişləri
mütəmadi qaydada verirəm. Hesab edirəm ki, bunda
böyük fayda vardır. Biz yeni bazarlara
çıxış yollarını axtarmalıyıq.
Xüsusilə indi dünyanı bürümüş
böhran hələ ki, davam edir, alıcılıq qabiliyyəti
bəzi ölkələrdə aşağı
düşübdür və tələbat da aşağı
düşübdür. Ona görə də yeni bazarlara
çıxmaq o qədər də bizə asan olmayacaqdır.
Burada, ilk növbədə, həm rəqabət qabiliyyətli
məhsullar buraxılmalıdır, eyni zamanda, çox fəal
siyasət aparılmalıdır ki, biz yeni bazarlara
çıxaq, özümüzü təqdim edək və məhsullarımızı orada sata
bilək.
Korrupsiya
və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini
verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ
ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər.
Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən
aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi
korrupsiyaya qarşı mübarizənin aparılması ilə
bağlı atılan addımları alqışlayır.
Əhalinin
təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə
çox ciddi və səmərəli mübarizə
aparılır. Deyə bilərəm ki, dünya miqyasında
bu göstərici təxminən 20 faiz səviyyəsindədir.
Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni,
budur göstərici və budur gördüyümüz işlərin
əsas nəticəsi. Ona görə mən çox şadam
ki, bu mübarizə öz səmərəsini verməkdədir.
Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya,
rüşvətxorluq üçün mövcud olan meydanı
maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək
istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və
tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və
sistem xarakterli addımlar atılır və atılacaqdır.
Onların içində əlbəttə ki, elektron hökumət,
elektron xidmətlər xüsusi yer tutur. "Asan xidmət"in
fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm.
Qısa müddət ərzində əhali arasında
böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini
genişləndirir. Mənim göstərişimlə orada
göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz
baxmalıyıq ki, orada qısa müddət ərzində
toplanan təcrübəni biz başqa sahələrdə də
necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu
bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki,
dövlət məmurlarının məsuliyyəti də bu məsələdə
öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət
məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə
aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri
əsas tutmalıdır. Çünki Azərbaycanın
sürətli inkişafı reallıqdır. Gələcəyimiz
çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm
ki, inkişaf etmiş ölkələrin sırasına daxil
ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə
də biz bütün xoşagəlməz halları aradan
götürməliyik və elə etməliyik ki, bu göstəriciyə
görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə
olsun.
İnfrastruktur
layihələri arasında xüsusilə içməli su,
kanalizasiya layihələrini mən qeyd etmək istəyirəm.
Çünki bu layihələr növbəti aylarda, illərdə
də icra ediləcəkdir. Digər infrastruktur layihələrinin
icrası tamamlanır. Elektrik enerjisi ilə bağlı
artıq bütün layihələr, demək olar ki, başa
çatıbdır. Sonuncu böyük elektrostansiya - 780
meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan
şəhərində istismara verilibdir. Demək olar, sonuncu
bir stansiyadır ki, artıq ən yüksək standartlara cavab
verir və orada şərti yanacağın sərfiyyatı da
lazımi səviyyədədir və bütün texniki
parametrlər də dünya səviyyəsindədir.
Qazlaşdırma
prosesi sürətlə gedir. Bu ilin sonuna qədər
qarşıya vəzifə qoyulmuşdur ki, bütün
yaşayış məntəqələrinin 90 faizi
qazlaşdırılmalıdır. Xüsusilə indi bölgələrdə bu iş
geniş vüsət almışdır. Elə etməliyik ki,
biz qazlaşdırmanı maksimum dərəcədə təmin
edək. Ona görə içməli su-kanalizasiya layihələri
bu gün əsas prioritetdir. Gördüyünüz kimi, demək
olar ki, biz hər həftə, hər
ay hansısa bir şəhərdə yeni su layihəsinin
istismara verilməsini qeyd edirik, yaxud da onun təməlini
qoyuruq. Bu proses artıq geniş vüsət
almışdır. Dövlət büdcəsində də
kifayət qədər vəsait nəzərdə tutulur.
İçməli su, kanalizasiya xətləri infrastruktur layihələri
arasında bu gün prioritet məsələdir.
Enerji təhlükəsizliyi
ilə bağlı mən giriş sözümdə qeyd etdim
ki, Azərbaycan tərəfindən qəbul edilmiş qərarlar
çox böyük beynəlxalq əhəmiyyətə
malikdir. Bizim tərəfimizdən irəli
sürülmüş layihələr böyük beynəlxalq
dəstəyə malikdir. TANAP layihəsi artıq beynəlxalq
aləm tərəfindən dəstəklənir və beynəlxalq
layihəyə çevrilibdir. "Cənub" qaz dəhlizinin
icrası nəticəsində Azərbaycan bundan sonra ən
azı 100 il ərzində çox önəmli və əvəzolunmaz
qaz ixrac edən ölkəyə çevriləcəkdir.
Bütün bunları biz edirik, Azərbaycanın bu
günü və ölkəmizin gələcəyi
üçün. Əlbəttə ki, enerji layihələri əlavə
investisiyaların cəlb edilməsinə də gətirib
çıxaracaqdır. İlkin hesablamalara görə,
"Şahdəniz-2" və bu layihə ilə
bağlı olan digər layihələr Azərbaycana təxminən
40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib
çıxaracaqdır. Təbii ki, bu investisiyalar digər neft
sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət
sektoruna da öz müsbət təsirini göstərəcəkdir.
Bu
rübdə gələn ilin büdcəsi artıq
hazırlanacaqdır. İndidən büdcə üzərində
işlər aparılır. Büdcə, əlbəttə ki,
həm investisiya, həm sosial yönümlü
olmalıdır. Büdcədə müdafiə xərcləri
önəmli yer tutmalıdır, eyni zamanda, bütün
infrastruktur layihələri, sosial layihələr, sosial ödəmələr
nəzərə alınacaqdır.
Eyni zamanda, bu ilin sonunda, bayaq qeyd etdiyim kimi, regional inkişaf proqramının ikinci hissəsi başa çatır. Gələn il yeni, üçüncü proqram qəbul ediləcəkdir. Müvafiq qurumlar bu proqramın tərtibatı üzərində işləyirlər. Növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək və bizə imkan verəcək ki, bundan sonra da Azərbaycan uğurla inkişaf etsin, qarşıda duran bütün vəzifələr icra edilsin. Sağ olun!
AzərTAc
Azərbaycan.-2013.- 19 iyul.- S.3,4.