Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya

 şəbəkəsinin istifadəyə verilməsi mərasimi olmuşdur

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə səfəri

 

 

İyulun 18-də Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

"MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.

Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış oldu. Qeyd edildi ki, Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi   ikinci Bakı su kəməri qəbul edilmişdir. Layihələrdə  yeni qurğuların texniki  parametrləri öz əksini tapmışdır.

Prezidentə məlumat verildi ki, Fransanın  "SADE" və Azərbaycanın "RAMKO" şirkətləri arasında  imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılmışdır. Şəhərin bütün evləri sukanalizasiya şəbəkələrinə qoşulmuşdur. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi  başa çatdırılmışdır. Çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Siyəzən şəhər əhalisini 24 saat ərzində  içməli su ilə təmin etmək mümkün olacaqdır.

Prezident İlham Əliyev şəhərə suyun verilməsini bildirən düyməni basdı.

Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verdi. 

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 iyul.- S.5.