Yevlaxda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iyulun 18-də Yevlax şəhərində partiyanın yerli fəalları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev adına sarayda keçirilən tədbiri YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açaraq partiya üzvlərinin rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmış, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, sıralarında 7750 partiya üzvünü birləşdirən rayon təşkilatı seçkilərə ciddi hazırlıq görür, bu məsul kampaniyada yüksək fəallığı təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilir. Xalqımızın ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla reallaşdıran Prezident İlham Əliyevi seçkilərdə alternativsiz namizəd kimi gördüyünü qeyd edən İ.Məmmədov yevlaxlı seçicilərin də ölkəmizi böyük inkişaf yoluna çıxarmış Yeni Azərbaycan Partiyasının vahid namizədini yekdilliklə dəstəklədiyini vurğulamışdır.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışmışdır. Qeyd olunmuşdur ki, bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artmış, 1 milyon 200 min yeni yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, ölkədə sabitlik, əmin-amanlıq təmin edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən dövlətə çevrilmişdir. Bütün bunları lazımınca dəyərləndirən Azərbaycan seçicisi  qarşıdakı beş ildə də hakimiyyət sükanında Prezident İlham Əliyevi görmək istəyir, onun namizədliyini birmənalı olaraq dəstəkləyir.

YAP sədrinin müavini qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar görüləcək işlərdən bəhs etmiş, partiya fəallarına müvafiq tövsiyələr vermişdir.

Tədbirdə çıxış edən rayon təşkilatının fəalları yevlaxlıların növbəti Prezident seçkilərində də yüksək fəallıq nümayiş etdirəcəklərinə və dövlət başçısı İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliklərini bildirmişlər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.- 19 iyul.- S.7.