Azərbaycan Kannda

 

Fransa mətbuatı Azərbaycanın Mədəniyyət Günlərindəki triumfundan yazır

 

 Avropanın kinematoqrafiya paytaxtı, kurort, festivallarbayramlar şəhəri olan Kann bu yay yerli sakinlər və turistlərin yaddaşında Azərbaycan ilə qalmışdır.

Şəhəriçi və ətrafındakı Azərbaycan bayraqları, ölkəni tanıtım banerləri və posterləri hamıya möhtəşəm Azərbaycan həftəsindən xəbər verirdi.

AzərTAc xəbər verir ki, ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin Fransada tanıdılması məqsədilə paytaxt Paris ilə yanaşı, 16 şəhərdə  regionda mədəniyyət layihəsi həyata keçirən Heydər Əliyev Fondu bu dəfə Kannda mədəniyyət, incəsənət və ənənələrimizi tanıdan proqram tərtib etmişdir.

İyulun 4-dən 7-dək Lacivərd sahilinin ürəyi Azərbaycan ilə döyünmüşdür. Həmin günlər Kannın hər yerində Azərbaycanı görmək, hiss etmək mümkün olmuşdur.  Bütün həftə boyu yerli medianın - "Le Figaro", "Diapason", "Nice-Matin", "Le Cannois", "BeauxArts" kimi nəşrlərin, televiziya və radioların diqqəti Azərbaycana yönəlmişdir.

"Rəngarəng işıqlar canlı musiqi ilə gözəl həmahənglik yaradırdı. Bununla AsiyaAvropa arasında yerləşən ölkəyə həsr edilmiş festival açıq elan olundu. Bu,  özünü təbliğ etməyin gözəl üslubudur". Fransanın "Nice-Matin" qəzeti Kannda keçirilən beynəlxalq "Pirotexnika sənəti" festivalında ilk dəfə təmsil olunan Azərbaycanın çıxışını belə təqdim etmişdir. "Atəşfəşanlığı seyr etmək istəyənlər üçün sahildə və Kruazett bulvarında kifayət qədər yer ayrılmışdı. Tamaşaçılar izlədiklərindən çox məmnun idilər. Bu şərəf Azərbaycana məxsus idi. Demək olar ki, bu Qafqaz ölkəsi bütün mümkün imkanlardan istifadə etmişdi. Burada həm effektlərdən, həm də müxtəlif pirotexnik vasitələrdən istifadə olunmuşdu. Maraqlı və parlaq sonluqlu təntənəli şou, demək olar ki, bütün Kann sahilini və səmasını bürümüşdü".

Kannda hər il keçirilən beynəlxalq "Pirotexnika sənəti" festivalının açılışını edən Bakı Atəşfəşanlıq Qrupu "Azərbaycan musiqi və rənglərdə" şousu ilə səmada əsrarəngiz mənzərə yaratmışdı. Azərbaycan bəstəkarlarının musiqiləri və Kann səmasını bürüyən rəngarəng atəşfəşanlığı "Nice-Matin" qəzeti belə təsvir etmişdir: "Bakı Atəşfəşanlıq Qrupu Azərbaycan bayrağının rənglərini canlandırdı. Mavi, qırmızı və yaşıl zolaqlı bayraq atəşfəşanlıqda yol göstərən ulduz kimi görünürdü".

Həmin gecə Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, Niyazinin "Rast" simfonik muğamı, Fikrət Əmirovun "Şur" simfonik muğamı atəşfəşanlığı müşayiət edərək Avropanın mərkəzində möhtəşəm gecə yaşatmışdır. Azərbaycan günlərinin Kannda açılış şousu elə "Azərbaycan" mahnısı ilə də başa çatdı. İrəlidə isə sakinləri və turistləri zəngin bir proqram - müasirklassik musiqilərimiz, tariximüasir Azərbaycana dair sərgilər, Azərbaycanın milli mətbəx günü gözləyirdi.

"Festivallar sarayının qarşısında quraşdırılmış Azərbaycana dair plakatları  nəzərdən qaçırmaq mümkün deyil. Bu plakatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Qafqazın inciləri" adlı layihə ilə əlaqədar quraşdırılmışdır. Layihənin məqsədi hər bir kəsi Azərbaycan mədəniyyətinin özəllikləri ilə tanış etməkdir. Heydər Əliyev Fondu bütün Fransanı əhatə edən turdan sonra Azərbaycanın mədəni sərvətlərinin nümayişi üçün ən layiqli şəhər axtarışında idibu, Kann şəhəri oldu", - deyə "Le Cannois" qəzeti yazmışdır. "Azərbaycan şərəf  duyar" başlıqlı bu yazıda iyul ayı ərzində Kannda yaşanacaq Azərbaycan ab-havasından bəhs edilir. "Bayramın proqramına melomanlar üçün Dövlət Simfonik Orkestrinin ifasında və Kann şəhərinin meri Bernar Broşan, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən konsert daxildir. Festivallar sarayında Azərbaycanın ənənəvi və müasir incəsənətinə dair sərbəst girişli sərgilər təşkil olunmuşdur. Kinonun vətənində filmdən söz açmamaq mümkün deyil. Kann şəhərində tamaşaçılara "Arşın mal alan" filmi nümayiş etdirilmişdir. Ümumiyyətlə, bu ay Kann şəhərində silsilə tədbirlər keçiriləcəkdir".

Heydər Əliyev Fondu "Azərbaycan Kannda" mədəniyyət günləri layihəsində ölkənin tarixini və maddi-mənəvi sərvətlərini təbliğ edən xüsusi proqramlara mühüm əhəmiyyət  vermişdir. Məsələn, Kannda, Lacivərd sahilin ən qaynar məkanı Kruazettdə keçirilən Beynəlxalq "Qız qalası" sərgisi həm fərqli ölkələrin müxtəlif din və adət-ənənələri olan rəssamlarını bir araya gətirmiş və Azərbaycanı mədəniyyət beşiyi kimi təqdim etmiş, həm də qədim abidəmiz olan "Qız qalası"nı təbliğ etmişdir. 2010-cu ildən təşkil olunan bu festival ilk dəfə idi ki, Azərbaycandan kənarda - Kann şəhərində keçirilirdi.

 "Qız qalası" sərgi-festivalının əsas məqsədi tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerlixarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirmişlər.

Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni də Kannda nümayiş etdirmişdir. Ümumilikdə, sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunmuşdur.

Həmçinin Azərbaycanın kino tarixi elə kinematoqrafiyanın paytaxtındaca,  fransız dilinə tərcümədə nümayiş olunmuşdur.

Fransanın məşhur "Diapason" jurnalı isə diqqəti muğam və Azərbaycan ritmlərinə çəkir. "Kann şəhəri iyul ayı ərzində Qafqazın incisinin mədəni sərvətini təmsil edən çoxsaylı nümayəndə heyətini qəbul edəcəkdir. Musiqi, rəqs, caz, müasir təsviri incəsənət, fotoqrafiyaya heykəltəraşlıq - bu sahələrin heç biri diqqətdən kənarda qalmayacaqdır.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qafqazın incisi mədəniyyət həftəsi Kann şəhərində geniş işıqlandırılır.

Festivallar sarayı və ya Kruazett bulvarının nüfuzlu səhnələrindəki silsilə tədbirlər bu ölkənin musiqi ənənələrinin üstünlüyü və zənginliyini təcəssüm etdirir. Bu ənənələr sırasında 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən və ölkənin rəmzi sayılan muğam musiqisiyer almışdır. Muğam qədim tar, kamança və qavalın müşayiəti ilə əsrlər boyu yaşayıb və bu gün ustad Alim Qasımovun ifasında dünyanı dolaşır".

Daha sonra jurnalda qeyd edilmişdir: "Bu musiqi XX əsrin əvvəllərində Azərbaycan klassik bəstəkarlar nəslini yetişdirdi. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, habelə onların avropalı müasirləri olan Bartok, Prokofyev, Şostakoviç musiqilərini muğamın təsiri altında bəstələmişlər. Bu müxtəlif repertuar dirijor Fəxrəddin Kərimovun mükəmməl rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri, pianoçu, xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə və gənc skripka ifaçısı, bir çox beynəlxalq müsabiqələr, habelə Karol LipinskiHenrix Venyavski adına 11-ci gənc skripka İfaçılarının Beynəlxalq müsabiqəsinin laureatı Elvin Qəniyev tərəfindən ifa olunur. Virtuoz pianoçucaz ifaçısı İsfar Sarabski isə "Art Deco de la Villa Domergue"nin səhnəsində qədim muğam və cazı səsləndirir. 2010-cu ildə Koreya Respublikasında keçirilmiş beynəlxalq festivalın qalibi olan nağara ifaçısı Natiq Şirinov da Kann şəhərində təşkil edilən mədəniyyət həftəsinin iştirakçılarındandır. Onun rəhbərliyi ilə "Natiq" ritm qrupu Kruazett səhnəsində nağara ifası təqdim etdi. Bu möhtəşəm və rəngarəng çıxış "Eurovision-2012" mahnı müsabiqəsində diqqəti çəkmişdi. Bu ifa Qafqaz ənənələrini, ritmlərini özündə gözəl əks etdirir".

Beləliklə, istər müasir "Qız qalası", "Ceyranlar" sərgisi, istər qədim və zəngin tariximizi nümayiş etdirən "Qafqazın incisi"- Azərbaycanın mədəni dəyərləri" sərgisi, istərsə də Azərbaycanı tərənnüm edən fotosərgi dünyanın nüfuzlu mədəniyyət mərkəzlərindən olan Kannda Odlar Yurdunu bütün incəlikləri ilə təqdim edə bilmişdir.

Kannın Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycanın xalçaçılıq məktəbi, milli geyimlərimiz, sənətkarlıq nümunələri və əlbəttə ki, zəngin Azərbaycan musiqisi - folklorumuz, klassikcaz musiqimiz, rəqslərimiz ölkəmizin təbliği ilə yanaşı, həm də xalqlar arasında daha bir körpü qurmuşdur.

Əslində, mədəniyyət insanların və xalqların bir-birini dərindən tanıması və olduğu kimi görməsi üçün bir vasitədir. Heydər Əliyev Fondunun bu layihəsi Azərbaycanı və Azərbaycan həqiqətlərini olduğu kimi təqdim etməyə imkan verir.

 

Azərbaycan.-2013.- 19 iyul.- S.8.