Xaçmazda Olimpiya İdman Kompleksi
açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə
səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.
Kompleksin tikintisinə 2010-cu ilin sonunda
başlanılmışdır. Tikinti işlərinin ən
yüksək səviyyədə aparıldığı
binanın inşası üçün 6 hektar torpaq sahəsi
ayrılmışdır. Həyətində
geniş abadlıq-quruculuq işləri görülmüş
kompleksdə idmanın bir çox növləri ilə məşğul
olmaq üçün hərtərəfli şərait
yaradılmışdır. Kompleksin həyətində
1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol
meydançaları inşa edilmişdir. Azərbaycanda
Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman
Kompleksində fəaliyyət göstərir.
Binanın foyesində ümummilli lider Heydər
Əliyevin idmançılara göstərdiyi diqqət və
qayğını, eləcə də sovet dövründə və
müstəqillik illərində Xaçmaza səfərlərini
əks etdirən fotolardan ibarət stend
yaradılmışdır. Burada Prezident İlham
Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti
və bu rayona səfərlərini əks etdirən fotolar da
böyük maraq doğurur.
Prezident
İlham Əliyev kompleksin üzgüçülük hovuzu
ilə tanış oldu. Qeyd edildi ki, burada
uzunluğu 25 metr olan və ən müasir səviyyədə
qurulan hovuz böyüklər, uzunluğu 10 metr olan
üzgüçülük hovuzu isə balacalar
üçün nəzərdə tutulmuşdur. Hovuzlarda xüsusi nəmalma qurğusu da
quraşdırılmışdır. Kompleksdəki
yeməkxana da müasir səviyyədədir.
Bildirildi ki, kompleksin idman zalı 750 yerlikdir. Zalda
idmançıların mini-futbol, voleybol və basketbolla məşğul
olmaları üçün hər cür şərait
vardır. Burada istər yerli, istərsə
də beynəlxalq əhəmiyyətli idman tədbirləri
keçirmək mümkün olacaqdır. Kompleksdəki
güləş zalı Beynəlxalq Güləş
Federasiyasının standartlarına uyğun qurulmuşdur.
Müasir idman qurğuları ilə təchiz
edilmiş aerobika və trenajor zalları da
idmançıların ixtiyarına verilmişdir.
Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı
üç lüks nömrənin olduğu mehmanxana da
vardır.
Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti
üçün hər cür şərait
yaradılmışdır.
Komplekslə tanışlıqdan sonra Prezident İlham
Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Xaçmaz
ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident
İlham ƏLİYEV dedi:
- Sizi
yenidən görməyimə çox şadam. Bildiyiniz
kimi, mən Xaçmaz rayonunda dəfələrlə
olmuşam. Son
illər ərzində bu, mənim Prezident kimi altıncı səfərimdir
və hər dəfə burada olanda çox sevinirəm ki,
Xaçmazda işlər çox yaxşı gedir.
Şəhər gözəlləşir,
abadlaşır, böyük işlər görülür,
gözəl binalar tikilir. Onların içində
də bu möhtəşəm Olimpiya İdman Kompleksi də əlbəttə
ki, öz yerini tutacaqdır. Şadam ki, bu
kompleks çox böyük imkanlara malikdir. Burada həm idmançılar, həm də ki, rayon
sakinləri də öz vaxtlarını keçirə bilərlər.
Əlbəttə ki, Azərbaycanda idmanın
inkişafı sürətlə gedir və belə komplekslərin
yaradılması əslində idmanın kütləviliyini də
təmin edir.
Ancaq, eyni zamanda, adi vətəndaşlar da
idmanla məşğul olmalıdırlar. Çünki
idman sağlamlıq, sağlam həyat tərzi deməkdir.
Belə komplekslərin tikilməsi bu imkanları
da yaradır. Burada üzgüçülük hovuzları, açıq
meydançalar, idman zalları, trenajor zalları vardır. Yəni, gənclər, uşaqlar, yeniyetmələr,
yaşlı nəsil də istifadə etməlidir.
Xaçmazda böyük Olimpiya kompleksinin tikilməsi
lazım idi. Çünki artıq başqa şəhərlərdə
komplekslər vardır və bu, sayca 38-cidir. Bu, onu göstərir ki, indi ölkəmizin
bütün bölgələrində idmanla məşğul
olmaq üçün yaxşı imkanlar vardır. İdmançılarımız da bizi sevindirirlər.
Bu yaxınlarda universiadada
idmançılarımız çox böyük uğurlara
imza atıblar - 15-ci yerə layiq görülüblər, 16
medal qazanmışıq və Avropa ölkələri
arasında 9-cu, müsəlman ölkələri arasında isə
1-ciyik. Keçən il London Yay
Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə
qazanmışlar. Yəni, idmanın
inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir
və indi dünyada Azərbaycan idman ölkəsi kimi
tanınır.
Əlbəttə, idmanın kütləviliyini təmin
etmək, gənc, peşəkar kadrları hazırlamaq
üçün belə imkanlar lazımdır. Bu kompleks ən
yüksək dünya standartlarına cavab verir və burada
idmanla məşğul olmaq üçün bütün
şərait vardır, bir də ki, Xaçmaz şəhərinə
yaraşıq verir. Keçən dəfə
burada, bu ətrafda olarkən görürdüm ki, burada
quruculuq işləri aparılır, parklar salınır.
Xaçmaz indi parklar şəhəridir.
Gözəl abidələr tikilir, bu gün biz Tarix-Diyarşünaslıq
Muzeyinin açılışını qeyd etdik. Çox möhtəşəm binadır, memarlıq
baxımından çox gözəldir və daxili tərtibatı
da çox yaxşıdır. Deyə bilərəm
ki, rayonlarımızda mövcud olan
tarix-diyarşünaslıq muzeyləri arasında bunun
xüsusi yeri var, bəlkə də ən
böyüyüdür və ən gözəlidir desəm, səhv
etmərəm.
Bu
gün, eyni zamanda, sahibkarlığa dəstək üçün Regional
İnkişaf Mərkəzi açılır. Buna
da böyük ehtiyac vardır. Təsadüfi
deyil ki, bu mərkəz məhz Xaçmazda
yaradılmışdır. Çünki
Xaçmaz bu zonanın ən böyük rayonudur,
böyük imkanları var, o cümlədən
sahibkarlığın inkişafı üçün
böyük imkanlar var və Regional İnkişaf Mərkəzi
də bu zonada biznes imkanlarını artıracaqdır. Buna da böyük ehtiyac vardır. Çünki ölkə iqtisadiyyatı bundan sonra
daha çox sahibkarlığın fəaliyyətindən
asılı olacaqdır.
Dünən Nazirlər
Kabinetinin növbəti toplantısında ilin altı
ayının yekunlarına baxaraq bir daha gördük ki, Azərbaycan
iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru
inkişaf edir, sahibkarlıq inkişaf edir və bölgələrin
inkişafı da artıq reallıqdır. Biz bunu Xaçmazın timsalında
görürük. Çünki əvvəlki
dövrlərlə müqayisədə böyük
inkişaf, böyük irəliləyiş var, sosial obyektlər
tikilir. Keçən dəfə burada olarkən
biz Mərkəzi Xəstəxananın təmirdən sonra
açılışını qeyd edirdik.
Bundan əvvəlki dövrlərdə digər
açılışlar olmuşdur. Yadımdadır, ilk
modul tipli elektrik stansiyasını biz Xaçmazda yaratdıq.
Yəni, infrastruktur layihələri icra edilir.
İndi qazlaşdırma prosesi sürətlə
gedir. Rayonun demək olar ki, əksər məntəqələri
qazlaşdırılıbdır. İçməli
su layihəsinin icrasına başlanmışdır. Artıq işlər gedir. Yəqin ki, gələn
il, bəlkə də 2015-ci ildə Xaçmazın içməli
su problemi tamamilə
həll olunacaqdır, 24 saat ərzində təmiz içməli
su veriləcəkdir.
İnfrastruktur layihələrinin icrası
bütövlükdə ölkə qarşısında duran əsas
vəzifələrdəndir. Hər rayon üzrə
xüsusi proqramlar mövcuddur. Biz
bütün işləri planlı şəkildə
aparırıq. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində
gözəl nəticələri də görürük.
Nəticələr göz
qabağındadır. Tikilən binalar,
salınan parklar, açılan yollar, çəkilən qaz,
su xətləri. Azərbaycanın
inkişafı bu istiqamətdə gedir. Şadam
ki, Xaçmaz kimi böyük rayonda bu işlər yüksək
səviyyədə aparılır.
Gələcək illərdə görüləcək
işlərlə bağlı bizim konkret fikirlərimiz
vardır. Gələn
ilin əvvəlində üçüncü regional
inkişaf proqramı qəbul ediləcəkdir. Düzdür, iki proqramın icrası nəticəsində
bölgələrdə mövcud olan problemlərin
böyük əksəriyyəti öz həllini
tapmışdır. Xüsusilə
infrastruktur layihələri. Ancaq hələ
görüləsi işlər çoxdur.
Xüsusilə
kənd yollarının tikintisi, yəqin ki, növbəti beş il üçün prioritet olacaqdır. Məktəb tikintisi sürətlə getmişdir.
Ancaq hələ də qəzalı, yararsız
vəziyyətdə olan məktəblər vardır. Bu
məsələ də əlbəttə ki, növbəti beş ildə öz həllini tam
tapmalıdır. Tibb müəssisələrinin
yaradılması, təmiri ilə bağlı əlavə tədbirlər
görüləcəkdir. Yəni, həyat
yerində durmur. Biz bir çox məsələləri
həll etdik. Ancaq hələ ki, həllini
gözləyən məsələlər vardır. Biz bunları tədricən,
ardıcıllıqla həll edəcəyik. Ölkəmizin dinamik inkişafını gələcəkdə
də təmin edəcəyik.
Sakinlər:
Çox sağ olun!
Rayon
ictimaiyyəti və idmançıları adından Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirən Xaçmaz sakini Nəriman BABAYEV dedi:
- Möhtərəm
cənab Prezident, Xaçmaza xoş gəlmisiniz. Şadam ki, mənə
ikinci dəfədir Sizin
qarşınızda çıxış etmək nəsib
olur. İlk dəfə 2005-ci ildə rayonumuzda idman məktəbinin
açılışında çıxış
etmişdim. O vaxt belə bir kompleksin tikintisi barədə
arzumuzu Sizə çatdırdıq. Siz isə
bu gün həmin arzularımızı gerçəkləşdirdiniz.
Bu kompleks bütün xaçmazlılar üçün
böyük bir hədiyyədir, olduqca əlamətdar bir hadisədir.
Buna görə Sizə xaçmazlıların
çox böyük təşəkkürünü və
minnətdarlığını çatdırıram, cənab
Prezident. Eşq olsun Sizə!
Möhtərəm cənab Prezident, son on ildə Azərbaycan
sürətlə inkişaf edərək dünyanın ən
nüfuzlu ölkələrindən birinə
çevrilmişdir. Azərbaycanın hərtərəfli
inkişafını bütün dünya etiraf edir. Bu inkişaf idmandan da yan keçməmişdir.
Ona görə də Azərbaycan bütün
dünyada idman dövləti kimi tanınır. Azərbaycanın idman nailiyyətləri
bütün dünyaya yaxşı bəllidir. Son günlər Rusiyanın Kazan şəhərində
tələbələr arasında keçirilən 27-ci yay
universiadasında idmançılarımızın uğurlu qələbəsi
buna əyani sübutdur.
Cənab Prezident, Siz respublikamızda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə tam sağlam nəsil formalaşdırırsınız. İndi elə bir rayon, elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi, yaxud idman kompleksi olmasın. Bu gün açılışını etdiyiniz möhtəşəm Xaçmaz idman kompleksi sayca 38-cidir. Ona görə biz bütün xalqımız adından Sizə böyük təşəkkür edirik. İndi biz səbirsizliklə 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların ölkəmizdə keçirilməsi Sizin əməyinizin nəticəsidir. Bu oyunlar ölkəmizin tarixində böyük hadisədir, böyük uğurdur. Bir daha Sizə minnətdarlığımızı bildiririk. Bu oyunların keçirilməsində Azərbaycan xalqı da öz sözünü deyəcəkdir. Mehriban xanım Əliyevanın bu oyunların təşkilati işlərini öz üzərinə götürdüyünə görə ölkəmizdə keçirilən mötəbər tədbirlər kimi, bu tədbirin də yüksək səviyyədə baş tutacağına heç bir şübhəmiz yoxdur. Xalqımız yaxşı bilir ki, ölkəmizdə keçirilən bütün mötəbər tədbirlər Azərbaycanımızın tanınmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Buna görə Sizə və Mehriban xanıma öz dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizin regionlara səfəriniz hər bir Azərbaycan ailəsində böyük bayram əhval-ruhiyyəsi yaradır. Şübhəsiz ki, bu əhval-ruhiyyə xalqımızın Sizə olan böyük məhəbbətindən irəli gəlir. Xaçmazlılar Sizin hər bir səfərinizi diqqətlə izləyir və bundan qürur duyur. Rayonumuza səfəriniz zamanı hər dəfə yeni tikililərin açılışını edirsiniz, rayonumuz daha da inkişaf edir. İndi rayonumuz gözəlləşir, cəlbedici, qonaq-qaralı olur. Rayonumuza il boyu gələn hər bir qonaq həm burada, həm bütün respublikada gedən yeniliklərə heyran olur. Mən şəhərimizi açıq səma altında yerləşən böyük bir muzeyə bənzədirəm. Burada xiyabanlar, parklar salınır, geniş küçələr, yollar göz oxşayır. Əlbəttə ki, bu, təkcə rayonun mərkəzi ilə kifayətlənmir, ən ucqar kəndlərimizdə belə böyük inkişaf gedir. İnsanları narahat edən məsələlər öz həllini tapır. Xaçmazda yaşayıb-yaratmaq üçün hər bir şərait vardır. Xaçmazlılar bunu yaxşı görür və yüksək qiymətləndirirlər. Bunun üçün bir daha xaçmazlıların böyük minnətdarlığını Sizə çatdırıram, cənab Prezident.
Möhtərəm cənab Prezident, Xaçmaz gəncləri və idmançıları Sizi əmin edir ki, bu möhtəşəm kompleksin yetirmələri onlara bəxş etdiyiniz imkanlardan səmərəli istifadə edərək gələcəkdə öz böyük nailiyyətləri ilə bütün xalqımızı sevindirəcəklər. Mən idmançılarımız adından demək istəyirəm ki, bizim bütün qələbələrimiz, sabaha baxışımız, gələcəyə inamımız Sizinlə bağlıdır. Biz həmişə Sizin ətrafınızda, Sizə bağlı olacağıq, cənab Prezident. Sizə uzun ömür, cansağlığı, idmançı ruhu arzulayıram. Allah Sizə işlərinizdə uğurlar gətirsin! * * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 20 iyul.- S.3.