Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılmışdır. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36 kilometr, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılmış, 2013-cü ilin iyununda başa çatdırılmışdır.

Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, MumluSumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunmuşdur. Burada 14 metr uzunluğunda körpü də salınmışdır.

Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 iyul.- S.4.