Şabran şəhərini içməli
su ilə təmin edəcək xəttin
açılış mərasimi keçirilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyevin respublikanın şimal bölgəsinə səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlət başçısı "Qurtuluş" parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi: - Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Doğrudan da böyük hadisədir, tarixi hadisədir. Şabran şəhərinə suyun verilməsini qeyd edirik və bir daha demək istəyirəm ki, bu hadisə böyük əhəmiyyətə malikdir. Çünki içməli su insan üçün, insanın sağlamlığı üçün ən vacib amildir. Mən şadam ki, indi Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya layihələri icra edilir. Bəzi yerlərdə bu layihələr artıq başa çatıb, bəzi yerlərdə hələ ki, icra edilir və yaxın 2-3 il ərzində ölkəmizin hər bir şəhərində təmiz içməli su layihələri istismara veriləcəkdir.
Bu, tarixi layihədir, tarixi əhəmiyyətə
malikdir. Çünki əsrlər boyu su problemi bizim
insanları incidirdi, su qıtlığı
yaşanırdı. Müxtəlif
dövrlərdə layihələr icra edilmişdir. Ancaq sonra bu layihələrin imkanları tələbatımızı
ödəmirdi. Çünki ölkə
inkişaf edir, əhali artır. İndi artıq Azərbaycanın
9 milyon 400 min əhalisi vardır və tələbat
artdıqca əlbəttə ki, biz yeni layihələrin
icrasına da
başlamalıyıq və bunu edirik. Bu proses Bakı
şəhərində, böyük şəhərlərdə
çox geniş vüsət almışdır. Hər bir şəhərdə içməli
su-kanalizasiya layihələri icra edilir.
İnsanların sağlamlığı ən
başlıca vəzifədir. Sağlamlığı
təmin etmək üçün müxtəlif kompleks tədbirlər
görülür. İlk növbədə,
içməli su təminatına diqqət yetirilir.
Özü də bu
içməli su Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğundur, yəni, təmizdir, keyfiyyətlidir.
Tibbi xidmət əlbəttə ki, çox
vacibdir və bu məsələ də öz həllini
tapır. Ekoloji tədbirlər, idman, digər
amillər. Ancaq onların içində
içməli su birinci yerdədir. Biz bu
layihənin səmərəsini görəcəyik, gələcək
nəsillər də görəcəkdir. Mən
çox şadam ki, Şabranda artıq bu layihə tamamilə
hazırdır, içməli su və kanalizasiya layihələri
istifadəyə verilir. Əlbəttə
ki, bu kimi layihələr ölkəmizin imkanlarını
göstərir. Müstəqil Azərbaycan
dövləti bu layihələri icra etməyə qadirdir.
Biz 20 ildən bir qədər çox müstəqilik.
Müstəqilliyin bəhrələrini hər bir Azərbaycan vətəndaşı
görür. Bizim taleyimiz öz əlimizdədir
və ölkəmiz, xalqımız üçün nə
lazımdırsa, biz onu edirik və edəcəyik.
Şabran rayonunda digər böyük layihələr
icra edilir. Deyə bilərəm ki, ölkə miqyasında və
qeyri-neft sektorunda ən iri layihələrdən biri olan
Taxtakörpü su anbarı layihəsi icra edilir. Bu gün biz Vəlvələçay-Taxtakörpü
su kanalının açılışını qeyd etdik.
Artıq Taxtakörpü gölünə suyun
doldurulması başlanmışdır. Bu
da ölkə miqyasında nəhəng layihədir, 180 min
hektar sahəni əhatə edəcəkdir. 180 min hektarda suvarma yüksək səviyyədə
təşkil ediləcək, 30 min hektar sahəyə isə
yenidən su veriləcəkdir. Yəni, bu,
kənd təsərrüfatının inkişafına,
fermerlik fəaliyyətinə təkan verəcək, nəticədə
ölkənin qeyri-neft sektoru inkişaf edəcəkdir. Bizim daxili tələbatımızı öz
hesabımıza təminetmə prinsipi təmin ediləcəkdir.
Yəni, bütün bunlar bir-biri ilə
bağlı olan məsələlərdir. Taxtakörpü su anbarı, su elektrik stansiyası,
kanallar nəhəng infrastruktur layihələridir. Ancaq güclü dövlətlər belə layihələri
icra edə bilərlər. Azərbaycanda nəhəng
layihələr icra edilir. Bu, əlbəttə
ki, bir tərəfdən ölkəmizin gücünü
göstərir, digər tərəfdən dövlət siyasətini
əks etdirir. Çünki bu layihələr
insanların rahat yaşaması üçün icra edilir.
Bu, elə layihələrdir ki, buraya qoyulan vəsait
dövlətə birbaşa qayıdan vəsait deyildir. Bu, yalnız insanlara şərait yaratmaq, xidmət
göstərmək və biznes imkanlarını genişləndirmək
üçün nəzərdə tutulmuşdur. Yaxın aylarda Taxtakörpü gölündə
suyun səviyyəsi tamamilə təmin ediləcəkdir və
bu nəhəng layihə istismara veriləcəkdir. Bu layihə onilliklər, yüzilliklər bundan sonra
da bizə xidmət edəcəkdir.
Bu gün səhər biz kənd yolunun istismara verilməsini
də qeyd etdik. Bu da çox vacib layihədir. İndi Zeyvə kəndinə qədər uzanan yol
müasir standartlara cavab verir və bu da bizim niyyətimizi
göstərir. Kənd yollarının
tikintisi ölkəmizdə, o cümlədən Şabran
rayonunda geniş vüsət almışdır. Kəndlərdə
yaşayan insanlar da
normal imkanlardan istifadə etməlidirlər. Kənd yolları vacib məsələdir,
insanların rahatlığı, hər bir rayonun
inkişafı üçündür.
Bax, bir gündə Şabranda qeyd olunan hadisələr
onu göstərir ki, ölkəmiz nə qədər hərtərəfli
inkişaf edir.
Həm sosial layihələr, infrastruktur layihələri
icra edilir, şəhər də abadlaşır, yeni parklar
salınır. Mən buna çox sevinirəm,
bunu təqdir edirəm. Hər bir yerdə,
hər bir şəhərdə ictimai yerlər
yaradılmalıdır - parklar, bağçalar, xiyabanlar ki,
ictimaiyyət onlardan istifadə etsin və Şabranda da bu
işlər gedir. Burada gələcəkdə
diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac
vardır. Çünki Şabran qədim
yaşayış yeridir, burada arxeoloji qazıntılar da
aparılıb və aparılır. Çox
qədim tarixə malik olan bir diyardır və mütləq
müasir diyarşünaslıq muzeyi də
yaradılmalıdır, bu gün müvafiq göstərişlər
verilmişdir.
Bu gün sizinlə bərabər bu gözəl hadisəni
qeyd edirik və bu hadisə münasibətilə sizi təbrik
edirəm.
* * *
Azərbaycan
Prezidenti
İlham
Əliyevə Şabran ictimaiyyəti adından minnətdarlığını
bildirən rayon sakini Ağaşirin BAĞIROV dedi:
- Möhtərəm
cənab Prezident!
Şabrana xoş gəlmisiniz. Biz Sizi rayonumuzun
camaatı adından səmimi qəlbdən təbrik edirik və
salamlayırıq. Cənab Prezident, bu gün rayonumuzun həyatında
olduqca əlamətdar günlərdən biridir. Bu müqəddəs Ramazan günlərində Siz
bizim camaata içməli su, şəfalı su verirsiniz.
Su isə həyat və sağlamlıq deməkdir, cənab
Prezident!
Biz televiziyadan izləyirik. Siz mütəmadi
olaraq bölgələrdə, rayonlarda içməli su
açılışlarında iştirak edirsiniz. Vaxtınızın çox məhdud olmasına
baxmayaraq, şəxsən özünüz bu
açılışlarda iştirak edirsiniz. Xalqın sevincli, şad saatlarında onlarla birlikdə
olursunuz. Bununla Siz xalqa çox doğma
olursunuz. Bu işinizlə cənab Prezident,
Siz mehribanlığınızı büruzə verirsiniz.
Bu yaxınlarda Ağstafa şəhərində içməli
su açılışında iştirak edirdiniz. İnanın, möhtərəm
Prezident,
insanların gözündə, mimikasında o xoşbəxtliyi,
o məmnunluğu görməmək mümkün deyildi. Siz o insanları məmnun etdiniz. Bu
xoşbəxtliyi bu gün bizə bəxş edirsiniz. Yüksək diqqət və qayğınız nəticəsində
şəhərimizin 26 min nəfərlik əhalisi daimi
içməli su ilə təmin olunur. Bu, eyni zamanda,
şəhərimizin içməli su, kanalizasiya probleminin növbəti 50 il
müddətində təminatı deməkdir. Buna
görə Sizə rayonumuzun sakinləri adından dərin
minnətdarlığımızı, təşəkkürümüzü
bildirirəm.
Möhtərəm cənab Prezident, ölkəmizin hər
bir bölgəsində olduğu kimi, bu gün bizim rayonumuz da
inkişaf edir, böyüyür, gözəlləşir. Qədim
Şabranımız bu gün müasirləşir, yeniləşir,
yeni-yeni park və xiyabanlar açılır, yeni müəssisələr
istifadəyə verilir, təhsil, səhiyyə, mədəniyyət
ocaqları üçün yeni binalar tikilir. Ən
ucqar dağ kəndlərimizə yollar çəkilir. Son 10 ildə ölkəmizdə baş verən
müsbət dəyişikliklər hamımızın ürəyində
böyük iftixar hissi yaradır. Azərbaycanın
dünyada qüdrəti artır. Elə bu yaxınlarda
Bakıda keçirilən paradda Siz Azərbaycanın hərbi,
iqtisadi gücünü bir daha dünyaya nümayiş
etdirdiniz, cənab Prezident!
Bu, bizim qəlbimizdə böyük fəxarət
doğurur.
Biz bugünkü firavan günümüzü, sabahkı
xoşbəxt gələcəyimizi görüb sevinirik, cənab
Prezident!
Sizin nəcib əməlləriniz,
fəaliyyətiniz barədə hər yerdə
danışılır, övladlarımızın dilindən
düşmür, bizi qəlbən sevindirir. Bilirsiniz ki, biz ziyalılar həmişə Sizinlə
olmuşuq, açığını deyirəm, bu, sirr deyil,
növbəti seçkilərdə də Sizinlə
olacağıq, Sizə səs verəcəyik, Sizi seçəcəyik.
Çünki biz bugünkü firavan həyatımızın,
xoşbəxt gələcəyimizin davamını görmək
istəyirik.
Buna isə yalnız Siz qadirsiniz, möhtərəm cənab
Prezident! Sizə inanırıq, Sizə güvənirik,
Sizdən ilham alırıq. Allah Sizi qorusun!
* * *
Sonra Azərbaycan
Prezidenti videoçarx və stendlər vasitəsilə milli su
təchizatı və kanalizasiya xidmətləri üzrə
ikinci layihə çərçivəsində Şabranda həyata
keçirilən tədbirlərlə tanış
oldu.
"Meliorasiya
və Su Təsərrüfatı" Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
dövlət başçısına məlumat verdi ki,
Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini
içməli su ilə təmin etmək üçün
layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı
su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə
134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin
çəkilməsi, 100 kubmetrlik sutəmizləyici
qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min
kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə
inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su
anbarlarının, həmçinin çirkab su nasos
stansiyası və gücü 29 min əhali ekvivalenti olan
çirkab sutəmizləyici qurğunun inşası
planlaşdırılır.
Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın
"SADE" və ölkəmizin "RAMKO" şirkətləri
ilə bağlanan müqavilə əsasında Şabran rayon
mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin
bərpası və tikintisinə başlanmışdır. İndiyədək 145 min
879 metr su, 129 min 356 poqonometr kanalizasiya xətti çəkilmiş,
5 min 766 ev kanalizasiya xəttinə birləşdirilmişdir.
Diqqətə
çatdırıldı ki, suyun şəhər əhalisinə
verilməsi üçün 100 kubmetrlik tənzimləyici anbarın,
həcmi 700, 1000 və 2000 kubmetr olan su anbarlarının və
çirkab su nasos stansiyasının tikintisi üzrə
işlər artıq tam başa
çatdırılmışdır. Gücü
29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici
qurğunun daha müasiri ilə əvəz olunması
üçün layihədə dəyişiklik edilmişdir.
Qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə
Şabran şəhərinə gün ərzində
adambaşına 180 litr su verilməklə əhalini 24 saat ərzində
daimi içməli su ilə təmin etmək mümkün
olacaqdır.
Dövlət başçısına şəbəkənin inşasında istifadə olunan mütərəqqi texnologiyalar, avadanlıq və materiallar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, layihənin reallaşdırılması zamanı mikrotunel qazma və digər müasir üsullar geniş tətbiq olunmuşdur. Bildirildi ki, ümumilikdə "Meliorasiya və Su Təsərrüfatı" ASC milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihəyə əsasən respublikanın 8 rayonunda - Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabadda iş aparır.
Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılmışdır.
Mərasimdən sonra Prezident İlham Əliyev həmin parkla tanış oldu. Bir hektar ərazidə orijinal layihə əsasında salınan park əhalinin ən çox üz tutacağı istirahət mərkəzlərindən biri olacaqdır. Burada quraşdırılan fəvvarə də orijinal layihəsi ilə fərqlənir. Əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış parkda əhalinin yaşa görə bütün təbəqələrinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın işıqlandırma sistemi də orijinallığı ilə seçilir.
AzərTAc
Azərbaycan.-2013.- 20 iyul.- S.5.