Azərbaycanın UNESCO-ya
üzv olmasının
20 illiyi münasibətilə Parisdə mərasim
keçirilmişdir
Birinci xanım Mehriban
Əliyeva mərasimdə iştirak etmişdir
Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə iyulun 18-də Parisdə qurumun baş qərargahında mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycan tərəfindən quruma hədiyyə olunan və tarixi irsimizi əks etdirən abidə-heykəllər UNESCO-nun baş qərargahının həyətində qoyulmuşdur.
Əvvəlcə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu münasibətlər bundan sonra da inkişaf edəcəkdir.
Görüşdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin bu il dekabrın 2-dən 8-dək Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılmışdır.
Görüşdən sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzalamışlar.
UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, birinci xanım Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğulamışdır. Baş direktor qeyd etmişdir ki, imzalanan saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır.
Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökuməti adından Azərbaycan ilə UNESCO arasında humanitar əməkdaşlıq, təhsil, səhiyyə, sosial məsələlər, mədəni proseslər sahələrində əməkdaşlığın inkişafından dərin məmnunluğunu ifadə etmişdir.
Sonra Azərbaycan ərazisində tapılan daş abidələrin fotostendi ilə tanışlıq olmuşdur.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimində iştirak etmişlər.
UNESCO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Əyyublu kəndindən tapılmışdır. Ümumilikdə daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Bu cür heykəllər həm atın, həm də qoçun xalqımız tərəfindən güclü və davamlı simvollar kimi qəbul olunduğunu əks etdirir.
Mərasimdə UNESCO-nun baş direktoru İrina BOKOVA çıxış edərək dedi:
- Zati-aliləri, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva.
Hörmətli nazir Əbülfəs Qarayev, hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün biz burada Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyini qeyd etmək üçün bir araya gəlmişik. Dərhal sizə bu xoş xəbəri çatdırmaq istərdim. Biz indicə əməkdaşlığımızı gücləndirmək, onun səviyyəsini daha da artırmaq məqsədi ilə 5 milyonluq trastın yaradılmasına dair saziş imzalamışıq. İndi isə biz əməkdaşlığımızın və dostluğumuzun rəmzi olaraq bu gözəl heykəllərin açılışında iştirak edirik. Bu gün, əziz dostlar, UNESCO sizin evinizdir, digər ölkələr kimi, Azərbaycanın da evidir. Xüsusilə, zati-aliləri, Azərbaycanın birinci xanımını burada salamlamaq mənim üçün böyük şərəfdir. Azərbaycanda bir neçə həftə bundan əvvəl "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" mövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumun açılışında iştirak etmişəm. Bizim qızğın müzakirələrimiz zəmanəmizin çox mühüm məsələlərini əhatə edirdi. Bu ilin sonunda - dekabrda biz Bakıda Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci iclasını keçirəcəyik. Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. Xanımlar və cənablar, Azərbaycanın rəhbərliyi UNESCO-dan bu ölkənin qədim tarixi, İpək Yolu ilə bilavasitə əlaqəsi olan mübadilə, elm və incəsənət mərkəzi kimi səmərəli istifadə edir.
Bu ölkənin zənginliyi mədəniyyətlər arasında davamlı dialoqdan bəhs edən UNESCO-nun Mərkəzi Asiya sivilizasiyalarının tarixində öz əksini tapıb. Bu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim İçərişəhərin divarlarında öz əksini tapıb. Lakin biz bunun, həmçinin Azərbaycanın təkrarolunmaz qeyri-maddi irsində də şahidi oluruq. Buraya qədim xalçaçılıq sənəti və Türkiyə, Hindistan, İran, Qırğızıstan, Pakistan və Özbəkistanda da qeyd olunan Novruz bayramı da daxildir. UNESCO-nun Azərbaycan ilə əməkdaşlığı zəngin və genişmiqyaslıdır. Bu gün biz bu əməkdaşlığı daha da gücləndirdik.
Xanımlar və cənablar, icazə verin, əlaqələrimizin inkişafına töhfələrinə görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyeva, Sizə UNESCO-nun xoşməramlı səfiri kimi gərgin fəaliyyətinizə görə dərin minnətdarlığımı bildirim. Eyni zamanda, Mehriban xanım Əliyeva, Sizə təhsilin, o cümlədən qızların təhsilinin inkişafına verdiyiniz töhfələrə və irəli sürdüyünüz təşəbbüslərə görə xüsusi təşəkkür edirəm. Özünüz də bilirsiniz ki, bu, mənim üçün nə qədər əzizdir. Pakistanda qızlar məktəbinin tikintisinin maliyyələşdirilməsini çox yaxşı xatırlayıram. Bu arada digər təşəbbüslər də olub, xüsusən də "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi və ölkənizin bir çox rayonlarında 132 məktəbin inşası. Mən həmçinin bu mənada mədəniyyətlərarası dialoqun, musiqi təhsilinin, bir daha qeyd etmək istərdim, qızların təhsilinin inkişaf etdirilməsinə ölkənizin sadiqliyini yüksək qiymətləndirirəm. Bu gün açılışını etdiyimiz heykəllərdə ölkənizin ruhunun tərənnüm olunduğunu görürəm. Onlar orta əsrlərdə yaranan, şifahi şəkildə nəsildən-nəslə ötürülən sənət formasını ifadə edir. Deyərdim, onlar xalqları və dinləri, insanlar və heyvanlar aləmini, həyatla ölüm arasında körpülərlə sərhədləri bir araya gətirən kosmoqrafiyanı ifadə edir. Bu ianəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm. Bir daha Azərbaycanın birinci xanımına və xalqına xüsusi təşəkkür etmək istərdim.
Xanımlar və cənablar, may ayında UNESCO Gəncə şəhərində anadan olmuş dahi şairə Məhsəti Gəncəvinin 900 illiyini qeyd etdi. Məhsəti Gəncəvi insan ruhunun məziyyəti haqqında şeirlər yazırdı. Düşünürəm ki, onun şeirlərinin fəlsəfəsi sülh naminə dialoqun məğzi və həmçinin UNESCO-nun ruhudur.
Diqqətinizə görə minnətdaram.
Daha sonra Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi:
- Hörmətli xanım baş direktor, xanımlar və cənablar, əziz dostlar. Bu gün burada, UNESCO-nun qərargahında, UNESCO ailəsinin üzvləri olan dostlarımın arasında yenidən olmağımdan şadam. Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan bu tədbirdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu fürsətdən istifadə edib Azərbaycanın ənənəvi daş sənətinin hörmət və cəsarət rəmzi olan 2 gözəl nümunəsini UNESCO-ya ianə etməyimizdən şadıq.
Azərbaycanda memorial abidələr yaratmaq ənənəsi qədim dövrlərə təsadüf edir və bu abidələrin əksəriyyətinin həm tarixi, həm də bədii dəyəri vardır. Əlbəttə ki, onların hamısı bizim qədim və zəngin mədəni irsimizin bir parçasıdır. Bu iki gözəl heykəlin burada, UNESCO-nun qərargahında, bağçada yerləşdirilməsinə görə xanım baş direktora və UNESCO-nun Katibliyinə dərin minnətdarlığımı bildirmək istərdim.
Əziz dostlar, bu gün biz Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20-ci ildönümünü qeyd etdik. Azərbaycanda bu təşkilatla əməkdaşlığa verilən əhəmiyyəti vurğulamaq istərdim. Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspeys-1"in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir.
Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Əziz dostlar, UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Ötən 20 ildə biz çox sayda birgə tədbirlər təşkil etmişik, UNESCO-nun fəaliyyətinin bütün sahələrini əhatə edən layihələr həyata keçirmişik. Burada, UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimaiyyət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Bu gün, xanım Bokova, Sizə bu ilin mayında Bakıda keçirilən mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumda iştirak etdiyinizə və bu tədbirin uğurla nəticələnməsinə verdiyiniz töhfələrə görə ən dərin minnətdarlığımı ifadə etmək istərdim. Ölkəmiz Azərbaycan hökumətinin təşəbbüslərinə start verildiyi ilk andan UNESCO-nun bu forumun keçirilməsinin rəsmi tərəfdaşı olması faktını yüksək qiymətləndirir.
Əziz dostlar, bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi imzaladıq. Bu da əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. Mən inanıram ki, bu saziş, həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlarına və təşəbbüslərinə dəstək verməklə UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəkdir.
Sonda UNESCO-ya və xanım Bokova, şəxsən Sizə bu illər ərzində tam dəstəyinizə, dostluğunuza görə təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcəkdir. Bu da gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialın tam şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır. Bu gün bizimlə olduğunuz üçün çox sağ olun.
Diqqətinizə görə minnətdaram.
***
Beləliklə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 20 il əvvəl üzv olan Azərbaycan bu müddət ərzində qurumla çox səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə bu quruma daş at və daş qoç abidələrinin hədiyyə edilməsi və bu abidələrin qurumun baş qərargahının həyətində daimi sərgilənməsi qədim tariximizin təbliği baxımından çox əhəmiyyətli addımdır.
Tədbir
iştirakçılarına Azərbaycanda tapılan daş
heykəllərin tarixini əks etdirən kitablar
paylanmışdır.
Əsgər
Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 20 iyul.- S.6.