Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın idman,

 gənclər, xalq təhsili və ictimai məsələlər naziri ilə görüşmüşdür

 

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iyulun 19-da Parisdə Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə görüşmüşdür.

Görüşdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məsələlər müzakirə edilmişdir. Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ölkəsinin bu oyunların təşkil olunmasında öz təcrübəsini bölüşmək niyyətini bildirmiş, Fransa şirkətlərinin oyunlara hazırlıq prosesində iştirakında maraqlı olduğunu diqqətə çatdırmışdır.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq qeyd etmişdir  ki, idman ölkəsi kimi tanınan Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə ilkin  olmaq vəzifəsini layiqincə yerinə yetirəcək və oyunları yüksək səviyyədə keçirəcəkdir. Mehriban xanım Əliyeva oyunlara hazırlıq prosesində Fransa şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət qiymətləndirmişdir.

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə etmək üçün  sentyabr ayında Bakıda Fransanın İdman, Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi barədə razılığa gəlinmişdir.

Sonda işçi nahar verilmişdir.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Azərbaycan.-2013.- 20 iyul.- S.7.