Azərbaycanın Dostları
Assambleyasının Vaşinqtonda
keçirdiyi tədbirdə ABŞ
Konqresinin çoxsaylı üzvləri iştirak etmişlər
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası iyulun 18-də Vaşinqtonda "Cənub" qaz dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu"na həsr olunmuş təntənəli tədbir təşkil etmişdir.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən "Cənub" qaz dəhlizinin daşıdığı strateji əhəmiyyətin, xüsusilə, Avropanın enerji təhlükəsizliyinə verəcəyi mühüm töhfənin, eləcə də bu layihənin yaradacağı yeni əməkdaşlıq imkanlarının ABŞ siyasi dairələrinin və ictimaiyyətinin diqqətinə çatdırılması olmuşdur. Tədbirdə ABŞ Senatının və Nümayəndələr Palatasının 20-dən artıq üzvünün, dövlət departamenti rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş diplomatların, nüfuzlu analitik mərkəzlərin mütəxəssislərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı Azərbaycana böyük marağın bariz nümunəsidir.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək ölkəmiz və regionumuz üçün mühüm əhəmiyyət kəsb edən "Cənub" qaz dəhlizinin reallaşdırılması baxımından əlamətdar günlər yaşadığımızı söyləmiş və bu istiqamətdə tərəqqinin əldə olunmasında ABŞ tərəfindən verilən davamlı dəstəyin vacib rolunu qeyd etmişdir. R.Abdullayev bu layihənin Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qitənin iqtisadi inkişafına töhfə verəcəyini bildirmişdir.
Tədbirdə çıxış edən senator Mayk Kreypo, Nümayəndələr Palatasının üzvləri Mayk Törner, Havyer Besera, Robert Aderholt, Henri Kuellar, Leonard Lens, Gin Qrin, Dana Rohrabaker, Qreys Menq, Ruben Hinoyosa, Mət Kərtrayt, İvet Klark, Bil Kasidi, Mayk Fitspatrik, Stiv Stokmən və Şeyla Cəkson Li Azərbaycanı ABŞ-ın yaxın dostu və etibarlı tərəfdaşı kimi xarakterizə etmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmişlər. Natiqlər Azərbaycanın apardığı enerji siyasətini, xüsusilə, enerji resurslarından əldən edilən gəlirlərin ölkənin müxtəlif sahələr üzrə inkişafına yönəldilməsini təqdir etmişlər. Cari ilin mayında Bakıda keçirilmiş Amerika-Azərbaycan Forumunda iştirak etmiş konqresmenlər Azərbaycana səfər əsnasında ölkəmizdə şahidi olduqları inkişafı yüksək qiymətləndirmişlər. Onlar həmçinin Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş kimi əhəmiyyətinin əyani surətdə şahidi olduqlarını vurğulamışlar. ABŞ Konqresinin üzvləri, eyni zamanda, Azərbaycan rəhbərliyinin "qara qızıl"ın "insan kapitalı"na çevrilməsinə yönəlmiş siyasətinin onlara xoş təsir bağışladığını diqqətə çatdırmışlar.
Konqresin digər üzvləri Ted Po, Pit Qaleqo, Dən Lipinski, Rob Endryuz və Al Qrin tədbirdə iştirak etməklə "Cənub" qaz dəhlizinin həyata keçirilməsinə dəstəklərini nümayiş etdirmişlər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Cənub" qaz dəhlizinin reallaşması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlərdən, bu layihənin iştirakçısı olan ölkələr üçün yaratdığı yeni imkanlardan bəhs etmişdir.
Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, qrupun üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə ölkələrimiz arasındakı möhkəm əməkdaşlıq və tərəfdaşlıq münasibətləri haqqında danışmış, sarsılmaz əsaslara söykənən bu münasibətlərin inkişafına verdikləri dəstəyə görə tədbirə qatılmış Konqres üzvlərinə təşəkkür etmişlər.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu "The Hill" qəzetində Konqresin
NATO
Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri
Mayk Törnerin "Cənub" qaz dəhlizinə dair məqaləsi
nəşr olunmuşdur.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 20 iyul.- S.7.