Seçki məntəqələrində veb-kameraların quraşdırılması

 və istifadəsinə dair QAYDALAR

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/31 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

Bu qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 40.1-ci və 110-cu maddələrinə müvafiq olaraq hazırlanmış, Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumlarda) aşkarlıq institutunun daha geniş təmin edilməsi məsələlərini əhatə edir.

 

 

 

1. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasının məqsədi və təyinatı

 

 

 

1.1. Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq seçki prosesi aşkar olmalıdır. Səsvermə günü ictimaiyyət tərəfindən səsvermənin gedişinin izlənməsi yolu ilə aşkarlığın geniş təmin edilməsi və seçkilərə ictimai inamın daha da artırılması  məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-kamera (bundan sonra - kamera) tətbiq edilir. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini heç bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunaraq seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir.

 

1.2. Seçki prosesində kameraların tətbiq edilməsi heç bir halda seçkilər və referendum zamanı səsvermənin gizliliyinə xələl gətirməməli, habelə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.

 

1.3. Kamera səsvermə günü, səsvermə kabinəsi istisna olmaqla, seçki məntəqəsinin içərisində gedən prosesləri müşahidə etmək və əldə edilən görüntülərin birbaşa Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) internet səhifəsində yerləşdirilməklə kütləvi şəkildə nümayiş etdirmək üçün nəzərdə tutulan müvafiq texniki qurğudur.

 

1.4. Kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılır.

 

 

 

2. Kameraların quraşdırılmasına, istifadəsinə və əldə olunmuş məlumatların saxlanmasına dair tələblər

 

 

 

2.1. Kameralar tələb olunan qaydada quraşdırılaraq yerləşdirilməli, səsvermə günü fasiləsiz fəaliyyət göstərməli, məlumatlar təhlükəsiz şəkildə əldə edilməli, ötürülməli və müəyyən olunmuş müddətdə saxlanılmalıdır.

 

2.2. Kameraların tətbiqi və onunla bağlı digər məsələlər Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə müəyyən edilir. Kameraların qanunauyğun tətbiqi və fəaliyyəti üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.

 

2.3. Seçki məntəqəsində stasionar qaydada, hərəkət etməyən, yalnız yönəldiyi ərazini izləmək imkanı verən kamera quraşdırılır. Kameralar seçki məntəqələrində elə yerləşdirilməlidir ki, onun vasitəsilə seçicilərə seçki bülletenlərini verən və seçki sənədləri ilə prosesini həyata keçirən məntəqə seçki komissiyası üzvlərinin əyləşdikləri və səslərin sayılması həyata keçirilən masa və daşınmaz seçki qutusunu izləmək mümkün olsun.

 

2.4. Kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından, səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərir. Kameraların texniki cəhətdən saz vəziyyətdə olmalarına əminlik məqsədilə səsvermə gününə 2 gün qalmış onlar müvafiq qaydada sınaqdan keçirilir.  

 

2.5. Quraşdırılma yekunlaşdıqdan sonra kameraların hərəkət etməsi, başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə  bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır. Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

2.6. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır. Bu cür videoyazılar şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilə bilər və onların 5 il müddətində saxlanılmasını həmin qurğuları quraşdıran tərəf təmin edir.

 

 

3. Yekun müddəalar

 

 

 

3.1. Bu qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi" Qaydaları qüvvədən düşmüş hesab edilir.

 

Azərbaycan.-2013.- 20 iyul.- S.10.