VƏTƏNPƏRVƏR JURNALİSTİKA
AXTARIŞINDA
Elə bir jurnalist tapmaq olmaz ki, Azərbaycanın müstəqilliyini istədiyini, bu yolda hər şeyə hazır olduğunu söyləməsin!
Elə
bir jurnalist yoxdur ki, özünü vətənpərvər
saymasın!
Əlbəttə,
biz bunu onların dilindən eşidirik!
İnsanlar
isə bir-birlərinə sözlərinə görə deyil,
əməllərinə görə qiymət verirlər!
Məşhur
atalar sözü var: qazan deyir, dibim qızıldandır,
çömçə isə bildirir ki, indicə
fırlanıb gəlirəm!
Jurnalistin vətənpərvərliyini sübut edən ən
mühüm fakt onun öz yazılarıdır. Çap və elektron mediada
dərc olunan yazılara, həmin yazılarda qaldırılan
məsələlərə, faktlara yanaşmaya, habelə
jurnalistin hər bir faktı və hadisəni hansı
mövqedən qiymətləndirməsinə baxmaqla müəllifin
vətənpərvərliyi barədə dəqiq fikir
yürütmək mümkündür!
Jurnalistin
həqiqi vətənpərvərliyi onun milli və dövləti
maraqları nə sayaq gözləməsindən və
müdafiə etməsindən də birbaşa
asılıdır! Çünki belə məsələlərdə
ikibaşlı mövqe, şəxsi, qrup, partiya və digər
maraqların üstün tutulması qəbuledilməzdir!
Bu
yaxınlarda çox maraqlı və qəribə bir hadisə
baş verdi.
İyulun
4-də Moldovanın parlament vəkili Aureliya Qriqoriu Ermənistan
parlamentində "Dondurulmuş münaqişə
zonalarında insan hüquqlarının qorunması" mövzusunda
məruzə ilə çıxış edərkən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətləri dilə gətirdi, beləliklə,
erməni riyakarlığını ermənilərin
qulaqları eşidə-eşidə onların ali qanunvericilik
binasında ifşa etdi: "Xocalıda baş verən soyqırımını
ermənilər törədib və bu, beynəlxalq səviyyədə
qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan
torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara
münasibətdə soyqırımı həyata
keçirib".
Moldovalı ombudsmanın Ermənistan parlamentinin
tribunasından bu ifşaedici çıxışı, təbii
ki, ermənilərin xoşuna gəlməyib. Beləliklə, beynəlxalq
qalmaqal qopub:
Əvvəlcə
spiker ona çıxış vaxtının bitdiyini
xatırladıb;
Sonra onu
kiminsə "siyasi sifarişini" icra etməkdə ittiham
edib!
Bundan sonra isə zorakılıqlar və terror tədbirləri
başlayıb. Belə ki, Aureliya Qriqoriu:
*
İnternetdə ölümlə hədələnərək
təhqir olunub;
* Hoteldə
dustaq vəziyyətinə salınıb;
*
Qaldığı hotelin qarşısına
yığışanlar onu ölümlə təhdid ediblər;
* Digər
qonaqları aeroporta aparan avtobusa mindirməyiblər;
* Ölkədən
çıxıb getməsinə maneələr yaradıblar.
Xatırladırıq,
bütün bunlar Ermənistanda beynəlxalq tədbirdə
iştirak etməyə gəlmiş diplomat immuniteti olan
qadının, parlament vəkilinin başına gətirilib!
O,
yalnız həqiqəti cəsarətlə və ucadan dediyinə
görə belə bir həqarət və təhlükəyə
tuş gəlib!
Amma həmin
həqiqət Azərbaycanın milli maraqlarına uyğundur,
onun müdafiəsi deməkdir!
Bəs bu beynəlxalq biabırçılığa Azərbaycan
KİV-lərinin münasibəti necə oldu?
Çox
təəssüf ki, bu qalmaqallı mövzu gündəmsiz
qalan qəzetlərin gündəmini zəbt etmədi!
Adlarını
"tənqidçi qəzet" qoyaraq aqressiv müxalifətin
liderlərinə xidmət edən qəzetlər bu hadisəni
nəinki manşetə, heç qəzetlərinin birinci səhifəsinə
belə çıxarmadılar!
Sonrakı
səhifələrində bir-iki dənə solğun,
ordan-burdan götürülmüş xırda yazını
sıxılmış halda verməklə kifayətləndilər!
Nə
qınaq yazıları baş alıb getdi, nə kampaniya
başlandı!
Heç
bir "köşə yazarı" bu mövzuda qələm
çalmadı!
Cəsur
qadın ombudsman müstəqil Azərbaycan mətbuatının
qəhrəmanına
çevrilmədi!
Halbuki
Oross, Herkel, Ştrasser və ya hansısa bir avara beynəlxalq
qurum Azərbaycanın əleyhinə bir kəlmə söz
desəydi, vəziyyət tamam başqa cür olardı:
* Qəzetlərin
manşeti günlərlə
həmin adamın şəklinə və dediklərinə həsr
olunardı;
*
"Köşə yazarları" qələmlərini qara
mürəkkəbə batıraraq meydana atılardılar;
* "Kənar
müəlliflər", "fikir bildirənlər"
heç qəzet əməkdaşlarına macal verməzdilər;
* "Dəstək"
yazılarının ardı-arası kəsilməzdi;
Bir
sözlə, bir "vur-çatlasın", bir "dartma,
yaxam cırıldı" düşərdi ki, gəl görəsən!!!
SUAL
EDİLİR: Necə olur ki, Azərbaycanın milli
maraqları əleyhinə söz deyəndə müxalifət
və "müstəqil" mətbuat onu günlərlə
"diqqət mərkəzində" saxlayır, amma ölkəmizin
xeyrinə olan həqiqətləri söyləyən olanda
onları qəribə laqeydlik bürüyür!
Əslində
bu, laqeydlik deyil!
Bu, vətənpərvərlik
hisslərinin olmamasıdır!
Şəxsi, qrup, partiya
maraqlarının milli mənafedən uca tutulmasıdır!
Bu, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məsələlərə də şəxsi
ambisiyadan yanaşma, bu problemin Azərbaycanın maraqları
naminə həllinə qeyri-səmimi münasibətdir!
Təkcə
bununla məsələ bitsəydi, nə vardı ki...
Vətənpərvərlik,
vətənin, xalqın
təəssübünü çəkmək hər bir
jurnalistə onun istedadlı olması qədər vacibdir!
Təəssüf ki, müxtəlif məsələlərin
qəzet səhifələrində
işıqlandırılmasında və faktların təqdimində
biz tez-tez məyusedici hallarla rastlaşırıq.
Bu gün
Azərbaycan mətbuatının ən böyük problemlərindən
biri vətənpərvərlik hisslərinin
çatışmazlığıdır!
BİR
NEÇƏ FAKTA NƏZƏR SALAQ:
Azərbaycanda
müstəqilliyin əsas şərtlərindən biri
sabitlikdir! Ötən əsrin doxsanıncı illərinin əvvəllərində
ölkədə baş alıb gedən xaos və
anarxiyanın hansı duruma gətirib
çıxardığını unutmamalıyıq!
"Ərəb
baharları"nın xalqları və
dövlətləri hansı günə saldıqları da
göz qabağındadır!
Paytaxtda icazəsiz və qanunsuz aksiyalar keçirilərkən
aksiya iştirakşılarını "günün qəhrəmanları"
kimi mətbuatda təqdim etmək, asayişi qoruyan polisin
nüfuzdan salınmasına xidmət edən çoxsaylı
yazılar vermək vətənpərvərlikdirmi?!
Azərbaycanla
bağlı çox məkrli planlar var və belə
planların icra məqamını gözləyənlər də
az deyil! Zəngin təbii sərvətlər,
əlverişli geosiyasi mövqe çoxlarının
ağzını sulandırır, müstəqil, milli maraqlara
xidmət edən siyasət yeritməyimiz heç də
hamını qane etmir. İkili standartlar formasında
ölkəmizə təsir və təzyiq cəhdləri də
ara vermir.
"Siyasi
məhbus", "insan hüquqlarının
pozulması", "mətbuat azadlığının məhdudlaşdırılması"
adı ilə ölkəmizə xaricdən təzyiq cəhdlərinə "özümüzünkülər"
tərəfindən dəstək verilməsi vətənpərvərlikdirmi?!
Sirr deyil
ki, bu gün ölkəmizdə "hüquq müdafiəçisi",
"jurnalist" adı ilə qrant xatirinə antiazərbaycançı şəbəkəyə
xidmət göstərənlər, müxtəlif beynəlxalq
qurum və təşkilatlara gizli, xəyanətkarcasına
donos göndərənlər, başqa dövlətlərin əli
ilə Azərbaycanda iqtidara gələrək həmin dövlətlərin
maraqlarının müdafiəçisi olacaqlarına
söz verənlər də
var!
Belələrinin təbliğatçısına, mətbuat
ruporuna çevrilmək, onların bədnam əməllərini
"demokratiyanın müdafiəsi" kimi qələmə
vermək vətənpərvərlikdirmi?!
Daim Azərbaycana
qərəzli mövqe nümayiş etdirən "Freedom
House", "Human Rights Watch", "Amnesty International",
"Sərhədsiz reportyorlar" kimi beynəlxalq təşkilatlar,
Qross, Ştrasser kimi siyasətçilər ölkəmizlə
bağlı qeyri-obyektiv, yalan açıqlamalar verəndə
bəzi qəzetlərin çiçəyi
çırtlayır! Sərsəm
açıqlamalara manşetdə yer ayrılır,
köşə yazıları həsr edilir, uzunmüddətli
kampaniya aparılır.
Azərbaycana
düşmən münasibət bəsləyənlərə
"dostcasına" yanaşıb onların tribunası olmaq,
haqsızlığa haqq qazandırmağa çalışmaq vətənpərvərlikdirmi?!
Azərbaycanda
iqtidar, müxalifət və müstəqil mətbuat var! Hər
qrup qəzetlərin öz mövzuları, hadisəyə və
fakta yanaşmada fərqlilikləri və müstəqillikləri
var! Bu, normaldır!
Dövləti
və milli maraqlarla bağlı məsələlərdə
"müxalif mövqe"nin
mövcudluğu vətənpərvərlikdirmi?!
Hansısa bir qurumda Azərbaycanla bağlı ədalətsiz
qərar qəbul ediləndə bunu "iqtidarın
uğursuzluğu" kimi təqdim edərək sevinmək, qəzet
səhifəsində toy-bayram etmək vətənpərvərlikdirmi?!
Azərbaycan
Ermənistanla müharibə vəziyyətindədir, hələ
Qarabağ müharibəsinin birinci mərhələsi başa
çatıb və hərbi əməliyyatların bərpası
hər an mümkündür! Odur ki, ordu quruculuğuna, yeni, müasir silahlar
alınmasına xüsusi fikir verilir və kifayət qədər
vəsait ayrılır. Bəzi hallarda
alınan texnikanın adı və miqdarı gizli
saxlanılır. Ola bilsin, heç hərbi
paradda da nümayiş etdirilmir.
"Haradansa" bu barədə xəbər tutan qəzetlərin
bunu açıb-ağartması, "jurnalist
araşdırması" adı ilə silsilə məqalələrin
yazılması vətənpərvərlikdirmi?!
Dövlət başçısı tərəfindən
imzalanmış KİV-in İnkişafına Dövlət Dəstəyi
Konsepsiyasında Azərbaycan dövlətinin marağında
olduğu və daim mətbuatda görmək istədiyi
mövzular açıqlanmışdır. Təəssüf ki, milli
maraqları özündə ehtiva edən həmin məsələlərin
KİV-lərdə təbliği və
işıqlandırılması qənaətbəxş deyil!
Hazırda KİV-ə Dövlət Dəstəyi Fondunun xətti
ilə qrant layihələri və jurnalistlərin fərdi yaradıcılıq
müsabiqələrinin keçirilməsi yolu ilə
həmin mövzuların gündəmdə saxlanılması
təcrübəsindən istifadə olunur. Təəssüf
ki, bir sıra qəzetlərdə bu məsələyə
yanaşmada bir soyuqluq, yazılarda isə jurnalist ürəyinin hərarəti
duyulmur!
Niyə?
Daha nə etməliyik
ki, vətənpərvərlik tərbiyəsini hər bir qəzet
və internet portalı doğma vəzifəsi hesab etsin?
Belə biganə və fərqsiz münasibət
haradandır?
Axı
özümüzdən başqa on dörd müttəfiq
respublikanı da bizə vətən saydıran SSRİ
dövründə mətbuatda vətənpərvərlik tərbiyəsi
daha intensiv, rəngarəng və jurnalist
yaradıcılığı ilə aparılırdı!
İNDİ BİZƏ NƏ OLUB?
Niyə vətəni təmənnasız sevməyi, onun
uğurları və nailiyyətlərindən qürur
duymağı, düşmənlərinə isə nifrət
etməyi yeniyetmələrə və gənclərə
aşılamırıq?
Axı
kifayət qədər uğur və nailiyyətlərimiz də,
nümunə göstəriləcək insanlarımız da
var!
Niyə müstəqil dövlətimizin müstəqil mətbuatında
vətənpərvərlik mövzusu aparıcı
mövzulardan biri deyil?
Vətənpərvər jurnalistləri haradan tapaq, vətənpərvər
jurnalistikanı necə yetişdirək?!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2013.- 21 iyul.- S.2.