Jurnalistin 40-cı kitabı

 

Jurnalist Əhməd İsayevin "Qalalar" adlı yeni kitabı işıq üzü görüb. Bu, tanınmış qələm sahibinin sayca 40-cı kitabıdır. Kitab Regionların İnkişafı İctimai Birliyinin layihəsi əsasında nəşr olunub.

Yeni nəşr tarixi abidələrimiz haqqında publisistik qeydlərdən ibarətdir. Kitabda müəllifin müxtəlif illərdə sözügedən mövzuda yazdığı oçerk və məqalələr toplanıb. Kitab xalqımızın ulu keçmişindən, onun keşməkeşli taleyindən xəbər verən abidə və qalalar, istehkamlarinsanlar haqqında söhbət açır. Onlar daşlaşmış tariximizin, bitib-tükənməyən maddi-mənəvi sərvətlərimizin dilmancı kimi təsvir edilir.

Qalalara Azərbaycanın hər bölgəsində və kəndində rast gəlmək mümkündür.  Özünün uzunmüddətli müxbirlik fəaliyyəti zamanı yurdumuzu qarış-qarış gəzib-dolaşan jurnalist Əhməd İsayev bu qalaların yanından laqeyd keçə bilmir, onların taleyini, tarixini öyrənir. Məsələn, o, Goranboy rayonu ərazisindəki Gülüstan qalası haqqında yazır: "Hər dəfə adı çəkiləndə istər-istəməz qanlı olaylar, gərgin günlər yada düşür. 1805 və 1813-cü illərdə burada Rusiyaİran dövlətləri arasında Gülüstan və Kürəkçay müqavilələri imzalandı. Azərbaycan iki yerə parçalandı, şəfalı yaylalarımıza ermənilər axışıb gəldilər. Beləcə, gözəlliyi Gülüstana bəla gətirdi... Mənbələrdən birində göstərilir ki, bu qədim qala hələ eramızdan əvvəl Xaldey hakimləri tərəfindən tikilib. Digər məlumatda deyilir ki, XII əsrdə müdafiə məqsədilə ucaldılıb və sonralar Gülüstan məlikləri tərəfindən bərpa edilib".

Dağlar diyarı Gədəbəyi isə açıq səma altında muzeyə bənzədən müəllif  bölgənin hər guşəsində qalaqalaçalar, müdafiə istehkamları, məbəd və türbələr olduğunu söyləyir. Bəzi hallarda Cavanşir qalası adlandırılan Koroğlu qalasının, bir sıra digər tarixi abidələrin adını çəkir. Tarixin bu əvəzsiz yadigarlarının bir çoxundan ətraflı bəhs edir. Məqalələrin birində göstərilir ki,  Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində, bu, nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk Dəmir dövründə tikilib.

Lakin çox təəssüf ki, bəzən qalalarımıza, tarixi abidələrimizə göz dikən, sahib çıxmaq istəyənlər də tapılır. Əhməd İsayev belələrinə qarşı dərhal öz qələmi ilə cavab verir. "Qalalar" kitabında müəllif tarixi təhrif edən "alim" İ.Adamianın "Gürcüstanın xalq memarlığı" "əsər"ində kobud səhvlər olduğunu konkret faktlarla sübut edir: "Azərbaycanın bir neçə qədim abidəsi, eləcə də V əsrin yadigarı olan Qum məbədi gürcü monumental memarlığının nümunəsi kimi təqdim edilir. Güllük-Gözbarax kəndləri yaxınlığındakı Pəri Kürmük qalası adı ilə tanınan Armatay məbədi Kaxetiyadakı qalalarla eyniləşdirilir. Hətta onu gürcü çarı Tamaranın adı ilə bağlamağa çalışırlar. İ.Adamianın həmin kitabında Ləkit və Kürmük məbədlərinin, İlisunun Ulu körpüsünün və digər abidələrin mənşəyi, mənsubiyyəti haqqında da beləcə yalan-yanlış fikirlər söylənilir".

Odur ki, "Qalalar" kitabına ön söz yazan respublikanın əməkdar mühəndisi Əhməd Əhmədzadə "Kitabda tarixçilər üçün konkret ünvanlar, diqqətçəkən məqamlar az deyildir" deməkdə tam haqlıdır. Başqa sözlə, əməkdar jurnalist, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əhməd İsayevin axtarışlarının bəhrəsi olan "Qalalar" kitabı tarixi abidələrimizi qorumağa, yaşatmağa, onlara yeni gözlə baxmağa, yeni tələblər baxımından  yanaşmağa çağırır.

 

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 21 iyul.- S.4.