Son nəfəsinədək Azərbaycan
dedi
Qaspralı-Yusifbəyli. Bu iki soyad bizlərə Azərbaycanın ictimai-siyasi həyatında, mətbuat tarixində xüsusi xidmətləri, çəkisi, nüfuzu olan böyük şəxsiyyətləri xatırladır. Türk dünyasının XIX və XX əsrlərinin qovşağında yaşayıb-yaratmış böyük yazar, Rusiya müsəlmanları arasında türkçülük hərəkatının ideoloqlarından biri, maarif islahatçısı, milli nəşriyyatın və mətbuatın yaradıcılarından olan İsmayıl bəy Qaspralı və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri, dövlət xadimi Nəsib bəy Yusifbəyli. Hər iki soyadın daşıyıcısı haqqında söhbət açmaq istədiyimiz Şəfiqə xanım isə İsmayıl bəyin övladı, Nəsib bəyin isə ömür-gün yoldaşı idi.
Şəfiqə Qaspralı-Yusifbəyli ictimai xadim, pedaqoq, tərcüməçi, jurnalist, qadın hüquqları uğrunda mübarizənin öncül nümayəndələrindən biri kimi tanınmış və fədakar fəaliyyəti ilə türk xalqlarının mədəni-ictimai fikir tarixinə adını əbədi olaraq həkk edə bilmişdir.
Bu nəcib, kübar Şərq xanımı barədə Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasındakı material o qədər də geniş deyil. Şəfiqə Qaspralı gənclik illərindən nəşriyyat işi, qəzetçilik, jurnalistika ilə məşğul olmuş, atasının redaktorluğu ilə çıxan "Tərcüman" qəzetində işləmişdir. Ensiklopediyada onun yaradıcılığı, jurnalistlik fəaliyyəti barədə əlavə məlumat verilməyib. Lakin burada Şəfiqə xanımın həyatının maraqlı bir məqamı açıqlanıb: "XX əsrin əvvəllərində atasının yanına gələn azərbaycanlı tələbələr Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli - hər ikisi Şəfiqə xanıma elçi düşsə də, o, Nəsib bəyə üstünlük vermiş və onunla ailə qurmuşdur. Bu izdivacdan Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlmişdir... Aprel işğalından (1920) sonra övladları ilə birlikdə yaşadığı mənzildən çıxarılmışdı. 1922-ci ildə İsmayıl bəy Qaspralının yaxın dostu, Bakıda işləyən türk diplomatının köməyi sayəsində əvvəlcə türk hərbçiləri ilə birlikdə Batuma, sonra Trabzona, oradan da böyük çətinliklə İstanbula gəlmişdir. "Qızıl ay" beynəlxalq xeyriyyə cəmiyyətində işləmişdir". Bununla da qısa ensiklopedik material sona yetir. Şəfiqə xanım görkəmli istiqlal mücahidinin ömür-gün yoldaşı, böyük mühərririn qızı olmasına baxmayaraq, eyni zamanda, ağrılı-acılı, əzab və mərhumiyyətlərlə dolu bir həyat yaşamışdır. Ailə zəminində də, ictimai-siyasi fəaliyyətində də çətinliklər onunla daim yol yoldaşı olmuşdu...
Lakin bir məqamı unutmaq lazım deyil ki, istər doğulub böyüdüyü, istərsə də gəlin köçdüyü ailənin tarixilik baxımından maraq kəsb etdiyi, görkəmli şəxsiyyətin övladı və tanınmış dövlət xadiminin xanımı olduğu üçün onlara aid bütün tədqiqatlarda Şəfiqə Qaspralının həyatı qırmızı xətlə keçir. Xüsusilə Vilayət Quliyevin "Baş nazirin xanımı" əsəri onun ömür yoluna aydın bir işıq salır.
Şəfiqə xanımın jurnalist və müəllim, qadın azadlığı carçısı kimi fəaliyyətindən söhbət açmazdan əvvəl onun bioqrafiyasına diqqət yetirək. "Tərcüman" qəzetinin naşiri, türkçülük hərəkatının rəhbərlərindən biri, "dildə, fikirdə və işdə birlik" tezisi ilə türk dünyasını birləşdirmək ideyasının müəllifi İsmayıl bəy Qaspralının qızı təbii ki, ev-ailə qayğıları ilə məhdudlaşa, insanlardan təcrid olunmuş vəziyyətdə, həyatın, ictimai və siyasi hadisələrin kənarında qala bilməzdi. O, türkçülük ideologiyasının öncüllərindən olan, sonralar Atatürkün silahdaşlarından birinə çevrilən və Türk Tarix Qurumunun ilk başqanı seçilən Yusif Akçuranın (1876-1935) bacısı Zöhrə xanımın qızı idi.
Şəfiqə xanım İsmayıl bəylə Zöhrə xanımın səkkiz övladından ikincisi olub. 1886-cı ildə Baxçasarayda dünyaya gəlmişdi. Əvvəlcə evdə özəl təhsil almışdı, Krım-tatar türkcəsi ilə yanaşı, rus dilini də təmiz öyrənmişdi. Bir müddət rüşdiyyə məktəbində oxumuşdu. Mətbuata demək olar ki, erkən yaşlarından atılmışdı. Belə ki, böyük qardaşı Rüfətlə birlikdə "Tərcüman"ın hazırlanmasında, qəzetin müəllifləri ilə əlaqə yaradılmasında, yazışmaların aparılmasında yaxından iştirak etmişdi.
İndiki nəslə Şəfiqə xanımın yaradıcılığının hansı dildə olduğu təbii ki, çox maraqlıdır. O, məqalələrini, qeydlərini, eləcə də məktublarını əsasən Krım-tatar türkcəsində, xatirələrini isə əksər vaxtlarda rus dilində yazırdı.
Şəfiqə Qaspralının ilk məqaləsi qadın azadlığı ilə bağlı idi. Sonralar bu, onun yaradıcılığının əsas mövzusuna çevrilmişdi. Özü bu barədə belə yazırdı: "Qələm təcrübələrimin başlanğıcında ilk olaraq qadınlara aid bir məqaləm "Tərcuman"da çap edildi. Yaxşı qarşılandı. Cəsarətləndim və Yaltada rusca çıxan qəzetdə bir rus mühərririn tatar qadınlarının geriliyi və bunun dinlə əlaqəsi haqqındakı yazısına silsilə məqalələrlə cavab verdim".
Atası İsmayıl bəy kimi Şəfiqə xanımın da işi-fəaliyyəti çoxşaxəli idi. O, Krıma sürgün edilmiş polyak inqilabçısı Olqa Dyalakovskanın tələbəsi olmuşdu. Bu maarifçi qadının məsləhəti və tövsiyələri ilə bir müddət xalq mahnılarını, nağıl və atalar sözlərini toplamışdı. Nəsib bəylə tanışlıq isə bu işin tezliklə reallaşmasına imkan vermişdi. Əslində, Nəsib bəylə Şəfiqə xanımın ilk görüşünün tarixçəsi sırf təsadüf nəticəsində olmuşdu. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin Şimali Qafqazdan və Azərbaycandan olan bir qrup tələbəsi Baxçasaraya - İsmayıl bəy Qaspralı ilə tanış olmağa, məsləhət və tövsiyələrini eşitməyə, fikir mübadiləsi aparmağa gəlmişdi. O zaman hüquq fakültəsində təhsil alan Nəsib bəy də həmin gənclərin arasında idi. Şəfiqə xanım azərbaycanlı tələbənin diqqətini dərhal cəlb etmişdi. Bunun səbəbi, şübhəsiz ki, gənc qızın tərbiyəsi, mərifəti, incəliyi olmuşdu. Nəsib bəyin onu özünə ömür-gün yoldaşı seçməsində isə təbii ki, Şəfiqənin savadı, istedadı, dünyagörüşü, yaşadığı ideallar da az rol oynamamışdı. Sonralar Şəfiqə xanım xatirələrində gənclərin Baxçasaraya səfəri barədə yazırdı: "1902-ci il sənəsi qanuniəvvəl ayı içində Odessa Universiteti Türk Tələbələri Dərnəyinin üzvləri (azərilər, Şimali qafqazlılar, krımlılar və s.) İsmayıl bəylə görüşmək, tanış olmaq, fikir mübadiləsi aparmaq məqsədilə Krıma gəldilər. Baxçasarayda və Ağməsciddə onların şərəfinə ziyafətlər verildi, toplantılar keçirildi. Krım gəncliyi lazım olan tərzdə hüsnü qəbuldan geri qalmadı". O zaman Nəsib bəyin alicənablığı, mütərəqqi fikirləri İsmayıl Qaspralıda, həmçinin ailə üzvlərində xoş təəssürat oyatdığından o, "Tərcüman" qəzetinin 20 illik yubileyinə həm məxsusi, həm də universitetdə təhsil alan müsəlman tələbələrin təmsilçisi kimi dəvət alır. Münasibətlərin əsası da elə həmin tanışlıq zamanı qoyulur. Gənclər ilk görüşdən bir-birilərini bəyənirlər.
1903-cü il aprelin 14-də İsmayıl bəyin həyat yoldaşı Zöhrə xanım qəflətən dünyasını dəyişir. Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspralıya başsağlığı teleqramı göndərir. Eyni zamanda, Şəfiqəyə də məktub yazaraq təsəlli verir. Bu, Nəsib bəyin sevdiyi qıza ilk məktubu olur...
Nəsib bəy və Şəfiqə xanımın həyatının bu dövrünü türk tədqiqatçıları Şəngül və Nəcib Həbləmitoğlunun kitabından izləmək olar. Araşdırmalara görə, gənclərin münasibətlərinin rəsmiləşdirilməsi, yəni nişan tarixi 1904-cü ildə baş tutur. Vilayət Quliyevin "Baş nazirin xanımı" əsərində oxuyuruq: "Həmin ilin may ayında Krıma gələn Nəsib bəy yas mərasimində, ardınca isə "Tərcüman"ın əvvəlcədən hazırlanan və təxirə salınması imkansız görünən 20 illik yubiley tədbirlərində iştirak etmişdi. Odessaya döndükdən sonra məktublaşma daha intensiv xarakter almışdı. Bəlli səbəblərdən yazışmanın Şəfiqə xanımla bağlı hissəsi mühafizə edilməyib. Nəsib bəyin isə bir sıra məktubları günümüzə qədər qorunub saxlanıb. Baxçasaraydan Bakıya, Bakıdan isə İstanbula aparılan həmin məktublar hazırda "Şəfiqə Qaspralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)" adlı fakt və sənədlərlə zəngin, maraqlı bir kitab yazmış türk tədqiqatçıları Şəngül və Nəcib Həbləmitoğlunun şəxsi arxivində saxlanır. Məzmununa əsasən, 1904-cü ildə yazıldığını söyləmək mümkün olan məktub azərbaycanlı gənclə tatar qızının həmin dövrdə artıq münasibətlərini rəsmi çərçivəyə saldıqlarını, yəni nişanlandıqlarını göstərir". Bir faktı da qeyd edək ki, məktubların əksəriyyətində şəxsi münasibətdən çox ölkədə baş verən ictimai-siyasi hadisələrin müzakirəsinə daha geniş yer verilirdi.
Çox qəribə idi ki, mütərəqqi fikirli İsmayıl bəy nişanlı gənclərin tez-tez görüşmələrini məqbul saymırdı. Bu da çox güman ki, onun müsəlman adət-ənənəsinə sadiqliyi, dövrün şərtləri ilə bağlı idi. Bəhs etdiyimiz məktub da elə bununla əlaqədar qələmə alınmışdı. Nəsib bəy nişanlısına "Şefi" deyə müraciət edərək yazırdı: "Şefi, nəhayət ki, məktubunu aldım. Yazırsan ki, İsmayıl Mirzə mənim Bağçasaraya gəlməyimin əleyhinədir. Çünki cəmiyyətdə formalaşan fikirlərə qarşı çıxmaq istəmir. Sizin cəmiyyətin də qəribə şıltaqlıqları var, Şefi! O, cavan xanımların yad kişilərlə ünsiyyət saxlamasına etiraz etmir, öz nişanlıları ilə görüşməsini isə böyük qəbahət, günah və ayıb sayır. Şəfiqə, cəmiyyətinizin baxışlarında bu qəribəliyi necə izah etmək olar? O, nəyə əsaslanır? Şəriətə əsaslana bilməz. Çünki ən sərt baxışlara malik əmmaməlilər də nişanlıların görüşməsini qəbahət hesab etmirlər".
Elə bil ki, bu cavanların xoşbəxtliyinə sanki hansısa əl, şər bir qüvvə həmişə mane olurdu. Məsələn, 1905-ci il dekabrın 17-nə təyin edilmiş toylarının arasına rus inqilabının başlanması, imperiya ərazisi boyunca özbaşınalığın hökm sürməsi, üstəlik, Qafqazda, əsasən də Bakıda və Gəncədə ermənilərin törətdikləri vəhşilik və qırğınlarla bağlı olaylar düşür.
Tədqiqatçıların araşdırmalarına görə, Nəsib bəylə Şəfiqə xanım talelərini 1906-cı ilin yazında birləşdirirlər. Onlar Nəsib bəyin qohumları ilə tanışlıq üçün Gəncəyə gedirlər. Yusifbəylilər təzə gəlini səmimi-qəlbdən qəbul edirlər. Cavanlar bir müddət Gəncədə, Bakıda qaldıqdan sonra yenidən Baxçasaraya qayıdırlar. O zaman Nəsib bəy təhsilini hələ davam etdirirdi. Şəfiqə isə ailə qurmasına baxmayaraq, yenə atasının "sağ əli" idi, "Tərcüman"ın nəşrinə və yayılmasına var qüvvəsi ilə kömək göstərirdi.
1906-cı ilin əvvəlində Şəfiqə Qaspralının redaktorluğu ilə Rusiya imperiyasındakı türklərin ilk qadın dərgisi sayılan "Aləmi-nisvan" ("Qadın dünyası") jurnalı nəşrə başlayır. Jurnal "müslimələrə məxsus ədəbi və tədrisi həftəlik məcmuə" kimi təqdim olunurdu. Onun "sahibi-imtiyazı" İsmayıl Qasprinski, "müdirəsi" Şəfiqə xanım idi. Jurnal Baxçasarayda, "Tərcüman" qəzetinin mətbəəsində nəşr olunurdu.
Məcmuənin əsas mövzuları uşaqların tərbiyəsi, xəstələrə ilkin tibbi yardım, əl işləri haqqında bilgilər və s. idi. O zaman türk-tatarlar və başqa millətlər arasında qadın hüquqları çox aktual bir məsələ olduğundan jurnal bu mövzunu diqqət mərkəzində saxlayırdı. Bununla yanaşı, elm, ədəbiyyat, dövlət idarəçiliyi və siyasət sahəsində çalışan qadınlar haqqında yazılar, onların portretləri dərginin səhifələrində tez-tez görünürdü. Davranış və əxlaq məsələləri ilə bağlı yazıların, şeir və hekayələrin, tarixi araşdırma və səyahət qeydlərinin dərc olunması isə müsəlman qadınlarının savadını artırmaq, onların dünyagörüşlərini genişləndirmək bir növ maarifçilik məqsədi daşıyırdı.
Məcmuəni tədqiq edən türk müəllifləri Şəngül və Nəcib Həbləmitoğlunun yazdıqlarına görə, "Aləmi-nisvan"ın mövcud nüsxələrinə nəzər yetirdikdə heç bir yazı, yaxud xəbərin təsadüfi səciyyə daşımadığı, hər birinin "bilgiləndirmə", "aydınlatma", "təşviq və istiqamətləndirmə", nəhayət, "təşkilatlandırma" məqsədinə xidmət etdiyi ortaya çıxır". Yeri gəlmişkən qeyd edək ki, yuxarıda adıçəkilən müəlliflər Nəsib bəy Yusifbəyli və Şəfiqə xanımın ailə tarixçəsinin də ən böyük tədqiqatçılarıdır.
Şəfiqə xanım öz xatirələrində yazırdı: "Aləmi-nisvan" 1906-cı il sənənin ilk ayında intişar etdi. Müdir və yazarı məndən başqa zövcim idi. İstanbuldan gəncəli Abdulla Sur (tələbə) yazırdı. Krım, Qafqaz və Şimal qadınlarından da dərdlərlə dolu məqalə və məktublar gəlir, basılırdı. Bir sənə davam etdi məcmuə. Lisanı "Tərcüman" lisanıydı".
Jurnalın qırxa yaxın sayı işıq üzü görmüşdü. Burada Azərbaycanla bağlı məsələlər də mütəmadi olaraq öz əksini tapırdı. Məsələn, 1907-ci ildə çıxan dördüncü nömrədə Şəfiqə xanım öz Gəncə təəssüratlarını qələmə almışdı. Müəllif bir ay ərzində həyat yoldaşının vətəni Gəncədə qalmağından bəhs edirdi. Milli zəmindəki qarşıdurmadan və şəhərin yarısından çoxunun ermənilər tərəfindən yandırılıb dağıdılmasından və talan edilməsindən ürəkağrısı ilə danışırdı. Şəfiqə xanımı narahat edən məsələlərdən biri də avamlıq və cahilliyin tüğyan etməsi, təhsilin, xüsusən də qadın təhsilinin bərbad vəziyyətdə olması idi. Müəllifin fikrincə, yandırılan binaların yerində yenilərini tikmək mümkündür. Cahilliyi aradan qaldırmayınca isə insanlar öz vətənlərinin həqiqi sahibi ola bilməyəcəkdilər. Bunu Şəfiqə xanım millətin faciəsi adlandırırdı.
"Bakıda qadınlar cəmiyyəti" adlı digər yazıda deyilirdi: "Bu son vaxtda Bakıda müsəlman qadınlar "Elm və həyat" adlı bir cəmiyyət təşkil etmişlər. Məhz o cəmiyyət indən sonra qızlar arasında elm və maarifi yayacaqmış. Toplanan paraları Gəncədəki ac və fəqirlərə yollamışlar. Belə cəmiyyətlərin təşkili bizim müsəlman qadınların ağıl və zəkalarının işıqlandığını göstərir".
İmzasız çap olunmuş məqalədə Bakıdakı qadınların xeyirxah təşəbbüsünü digər müsəlman qadınlar arasında yaymaq məsləhət görülürdü: "Belə bir cəmiyyət bütün Rusiya müslimələri arasında birinci olmaqdan başqa onun mislinin Türkiyədə də, Misirdə də, başqa müsəlman məmləkətlərində də bulunmadığı məlumdur. Bu kimi işlərə iqdam etmək üçün elm və maarif nuru ilə münəvvər olmaq və milliyyətçilik duyğularına sahiblənmək dəxi lazımdır".
Jurnal "Molla Nəsrəddin"i daim izləyirdi. 1906-cı ildəki nömrələrinin
birində bütün başqa məsələlərdə
olduğu kimi, qadın azadlığı mövzusunda da ən
cəsarətli fikirlərin "Molla Nəsrəddin"də
söyləndiyi vurğulanırdı: "Bu axır vaxtlarda
mətbuatımızda biz biçarə qadınların
halına və məişətinə dair az-çox məqalələr
və mülahizələr gözə görünməkdədir.
Bu xüsusda Tiflis şəhərində nəşr
olunan "Molla Nəsrəddin" hər bir məsələdə
məharət göstərdiyi kimi, biz məzlumələrin məişətinə
dair tərsim etdiyi lövhələrdə və
yazdığı məqalələrdə də məsələyə
ciddi nəzər ilə baxaraq qələmindən alimanə
bir tərzdə istifadə edir".
"Cəhrə xala" təxəllüslü müəllif
qələmini "Molla Nəsrəddin"in ruhuna
uyğunlaşdıraraq onun ayrı-ayrı nömrələrində
qadınların vəziyyəti ilə bağlı verilmiş
məqalə və felyetonlara münasibətini bildirirdi. Belə
yazılarda müəlliflər adətən jurnalın bədii
üslubundan, satira və yumor ünsürlərindən məharətlə
istifadə edirdilər. Qadın
azadlığı haqqında bir sıra yazılar "Molla Nəsrəddin"dən
götürülərək müəyyən ixtisarlarla
"Aləmi-nisvan"da dərc olunurdu.
Rusiya türklərinin ilk qadın jurnalında Azərbaycan
həyatı da müxtəlif janrlı yazılarda öz ifadəsini
tapırdı və bu, şəksiz ki, Nəsib bəyin məsləhətlərindən
qaynaqlanırdı. Hətta məqalələrin bəzilərinin
bilavasitə onun müşahidə və
araşdırmalarının, zəhmətinin nəticəsi
olduğu şübhəsizdir.
"Aləmi-nisvan", eləcə də müxtəlif
ölkələrdə qadınların siyasi fəallıq
göstərməsindən xəbər verirdi. Burada fin
qadınlarının parlamentə seçmək və
seçilmək hüququ qazanmaları, Vıborq şəhərində
mindən çox qadının iştirakı ilə mitinqin
keçirilməsi, ali təhsilli bolqar
qadınlarının tədricən məktəblərdə
aparıcı qüvvəyə çevrilməsi, Londonda
ingilis qadınlarının seçki hüququ tələbi
ilə parlamentə doğru yürüş etməsi kimi xəbərlər
dərc olunmuşdu. Tədqiqatçıların
yazdıqlarına görə, jurnalın siyasi mündəricəsinin
formalaşmasında da Nəsib bəyin xidməti və təsiri
hiss olunurdu.
Təsadüfi deyil ki, N.Yusifbəyli sonralar hökumət
başçısı olduğu dövrdə Azərbaycan
Cümhuriyyəti dünyanın bir sıra inkişaf etmiş
dövlətlərini qabaqlayaraq qadınlarla kişilərin
hüquq bərabərliyini təsbit etmiş, onlara seçmək
və seçilmək hüququ vermişdi.
1906-1912-ci illəri Şəfiqə xanımın ailə
həyatının ən xoş və hüznlü
dövrü adlandırırlar. Nə qədər
çətinliklərlə üzləşsə də, bu fədakar
xanım həmin illərdə sevdiyi insanın və atası
İsmayıl bəyin yanında idi. Müəllimlik
edir, qəzetçiliklə məşğul olurdu, ictimai fəaliyyətini
genişləndirirdi. Bundan savayı, iki
övladı - oğlu və qızı dünyaya gəlmişdi.
Sıxılmırdı, çünki nəhəng
insanların əhatəsində idi. O, xatirələrində
Nəsib bəylə birgə həyatlarının həmin
dövründən bəhs edərək yazırdı:
"1906-cı ildən Nəsib bəy "Tərcüman"
qəzetində çalışmağa başladı. Bu
çalışma fasilələrlə 1912-ci ilə qədər
davam etdi. Həmin dövrdə Gəncə bələdiyyə
idarəsi məclisinin üzvü seçilməsi onun şəhərdən
ayrılmasını mümkünsüz etmişdi. Yeni vəzifəsi
ona ictimai və milli işlərdə daha çox
çalışmaq fürsəti verirdi. Birinci Cahan hərbindən
sonra yaranmış vəziyyət illərcə aparılan
hazırlıq işlərinin, ümid və
çalışmaların boşa getmədiyini göstərdi.
Nəsib bəy 1917-ci il inqilabına qədərki bu illəri
şəhər işləri, məktəb, kitabxana və s.
arasında çalışmaqla keçirmişdi".
Azərbaycanda
görüləcək işlərin planı, layihəsi əsasən
Bağçasarayda qoyulurdu. Şəfiqə xanım
1954-cü ilin yanvarında yazdığı kiçik bir qeyddə
göstərirdi ki, Nəsib bəy universitet təhsilinin
başlanğıcında sosialist görüşlərinə
daha böyük üstünlük verirdi. "Hətta
Odessadakı tələbə mitinqlərinin birində
körpü üstündə dayanaraq inqilabi mahiyyətli nitq
də söyləmişdi... "Əməlli-başlı
solçu idi. Baxçasarayda atamın təsiri altında
iki-üç il ərzində qatı bir millətçi
oldu". Cələcək baş nazirin liderlik xüsusiyyətlərinin
meydana çıxmasında, onun siyasi cəhətdən
formalaşmasında Krım-Baxçasaray mühiti
mühüm rol oynamışdı. Şəfiqə xanım
xatirələrində yazırdı ki,
"Baxçasarayın gənc münəvvərləri və
yarımmünəvvər gəncləri ilə Nəsib
çox tez tanış oldu, birləşdi. Təbii ki,
özünü onlara sevdirmişdi. Teatra maraq burada da
özünü göstərdi. Nəsib bir truppa təşkil
edərək müsamirə və tamaşalar verməyə
başladı. Bəzi gənclərin sağa, yaxud sola meyillənmələrini
o, məharətlə yoluna qoyurdu".
1909-cu ildə
İsmayıl bəy Qaspralı Krım-tatar icmasının dəvəti
ilə İstanbula gedir. Bu səfərə Nəsib bəyi də
özü ilə aparır. Onlar çoxsaylı siyasi və mədəni-ictimai
tədbirlərdə, türk dərnəyinin
toplantısında iştirak edirlər. Bir-birindən
maraqlı, həyəcanlı görüşlərə
qatılırlar. Orada Nəsib bəy gənclərin diqqətini
daha çox cəlb edir. Fikirləri, irəli
sürdüyü ideyalar onlara maraqlı görünür.
Krım Milli Hərəkatının liderlərindən olan Cəfər
Seyidəhməd Krımər öz xatirələrində
yazırdı: "İsmayıl bəy ciddi, mübahisə qəbul
etməyən bir əda ilə bizə elmə sahib
olmağı tövsiyə edir, elmi və siyasi əndişələrimizə
cavab verməyə isə lüzum belə görmürdü.
Yusif bəy də (Y.V.Çəmənzəminlidən
söhbət gedir - İ.Ə.) təxminən eyni fikirləri
müdafiə edirdi. Nəsib bəy isə biz gənclərdə
gördüyü imandan, fədakarlıq hisslərimizdən,
xüsusən də inqilab atəşində
yanmağımızdan, bütün əməllərimizi
xalqımızı xilas etməyə və onun adını
ucaltmağa səfərbər etməyimizdən çox
sevindiyini söylədi və tutduğumuz yola sadiq qalaraq bu əməl
uğrunda hazırlanmağa təşviq etdi. Nəsib bəy
hər şeydən ziyadə, xarakterimizin sağlam, doğru,
ciddi olmasına diqqət yetirməyimizi hərarətlə
tövsiyə elədi... Biz ruhən Nəsib bəyə
bağlanmışdıq". N.Yusifbəylinin və sonralar
Y.V.Çəmənzəminlinin Krım və Azərbaycan
türkləri arasında qurduğu əlaqələr daha da
möhkəmləndi, dostluğa çevrildi, zaman keçdikcə
hər iki xalq öz istiqlalı uğrunda mübarizəyə
qalxdı və bu mücadilə 1918-ci ildə daha geniş
vüsət aldı.
1908-ci ildə
"Tərcüman" qəzetinin 25 illik yubileyi qeyd edildi.
Möhtəşəm tədbirin yüksək səviyyədə,
təntənəli şəkildə keçirilməsində
Nəsib bəy və Şəfiqə xanımın əməyi,
səyləri görkəmli yazarların xatirələrində
xüsusi vurğulanırdı. Azərbaycan mətbuatında
neçə-neçə yubiley məqalələri çap
olundu, Bakıdan, Gəncədən, Şəkidən,
Şamaxıdan çoxsaylı təbrik məktubları
göndərildi.
Şəfiqə
xanım 26-27 yaşlarında artıq iki uşaq anası
olmasına, ev-ailə qayğıları ilə yüklənməsinə
baxmayaraq, həyat yoldaşı Nəsib bəyə, onun
silahdaşlarına, həmfikirlərinə əlindən gələn
köməyi göstərir, maarifçilik fəaliyyətindən
kənarda qalmaq istəmirdi. Çətinlikləri, problemləri
çox olsa belə özünü rahat hiss edirdi. 1908-ci ildə
qızı Zöhrə (anasının adını
qoymuşdu), bir il sonra oğlu Niyazi dünyaya gəlmişdi.
Nəsib bəy isə cavanlığına baxmayaraq, millətin
öncüllərindən sayılırdı, bütün məsələlərdə
onun fikirləri ilə hesablaşırdılar. Şəfiqə
xanım da həmişə olduğu kimi, əri ilə birlikdə
onun yanında idi.
Lakin
atalar yaxşı deyib ki, sən saydığını say,
gör fələk nə sayır. 1912-ci ildə gənc ailə
iztirablı, sarsıntılarla dolu günlərini
yaşamağa başlayır. Bu dövrdə onlar artıq Gəncədə
məskunlaşmışdılar. Lakin günlərin birində
sanki sakit bir dənizdə fırtına qopur - ailənin rahatlığı
pozulur. Nəsib bəyin ailə xəyanəti üzə
çıxır. Şəfiqə xanım xəbər tutur
ki, canından çox sevdiyi həyat yoldaşı kənarda
imam nigahı ilə, hətta özünün
tanıdığı, dostluq, rəfiqəlik etdiyi Eynülhəyat
adlı gözəl və ziyalı bir xanımla izdivac qurub
yaşayır. Gənc qadının mənəvi
dünyası, ailəsi ilə bağlı gələcək
planları alt-üst olur. Evdə söz-söhbət,
narazılıq, gərginlik son həddə çatır.
Şəfiqə xanım xəyanəti qəbul edə bilmir
və övladları ilə birlikdə yenidən öz ata
ocağına qayıdır.
1914-cü
ildə İsmayıl bəyin xəstəliyi güclənir.
Xəbəri eşidən Nəsib bəy təcili
özünü Baxçasaraya çatdırır və son
günlərini yaşayan qayınatasının yatağı
başında durur. Həmin il sentyabrın 11-də
İ.Qaspralı dünyasını dəyişir. Nəsib bəy
dəfndə iştirak edir, yas mərasiminin bütün
qayğılarını, ehtiyaclarını öz üzərinə
götürür. Lakin bu hüzr də ailə münasibətlərini
istiləşdirmir.
İ.Qaspralının
ölümündən sonra Şəfiqə xanım qələminə
daha da qüvvət verir. O, böyük qardaşı Rüfətlə
"Tərcüman"ın ağırlığını
öz çiyinlərinə götürür. Şəfiqə
həm texniki redaktorluq edir, həm də yaradıcı işlə
məşğul olurdu. Ancaq nədən yazırsa-yazsın,
öz sevimli mövzusuna sadiqliyini hər zaman göstərirdi.
Maarif və qadın hüquqları uğrunda qələmi ilə
mübarizə aparırdı.
Çar
Rusiyasında yeni-yeni dəyişikliklər baş verdikcə,
Şəfiqə xanım öz fəaliyyət dairəsini
genişləndirməli olurdu. Belə ki, 1917-ci ilin aprel
ayında o, Kazan şəhərində keçirilən Rusiya
müsəlman-türk qadınları konqresinə nümayəndə
seçilir. Həmin ilin may ayında Moskvada Rusiya müsəlmanlarının
birinci konqresində Krımı təmsil edir.
Həmin
il Şəfiqə xanım üçün daha bir yeniliklə
əlamətdar olur. Aprel ayında Krımda onun rəhbərliyi
ilə "Qadın komitələri" yaradılır.
Dekabr ayında isə Şəfiqə Qaspralı Gözləvdən
Tatar Milli Qurultayına, 1918-1919-cu illərdə iki dəfə
Krım Millət Məclisinə üzv seçilir. Bu
dövrdə Şəfiqə xanım həmçinin
Baxçasarayda İsmayıl Qaspralı adına
Darülmüəllimatın və Milli Muzeyin
yaradılmasına, Gözəl Sənətlər Məktəbinin
təsis edilməsinə dəstəkçi olur. O, Krımda
milli qüvvələrin dövlətçilik uğrunda
apardığı mücadilədə əhəmiyyətli
rol oynayır. Lakin çar Rusiyası Krım türklərinin
bu işlərindən çox qəzəblənir. Bölgədə
vəziyyət getdikcə gərginləşir.
1918-ci il
fevralın 23-də "Tərcüman"ın
bağlanmasına qərar verilir. Qəzetin mətbəəsini
də əldə saxlamaq mümkün olmur. Müsadirə
edilib Xarkova göndərilir. Beləliklə, 35 il türk
dünyasına "işıq saçan" "Tərcüman"
tamamilə susur. Krım tatarlarının lideri Cələbi
Cihan rus matrosları tərəfindən vəhşicəsinə,
işgəncələrlə öldürülür. Bu zaman təşviş
içərisində olan Nəsib bəy od-alov püskürən
Krımdakı vəfalı xanımını, gözəl
balalarını istər bundan əvvəl, istərsə də
bu dövrdə və sonra bir an belə unuda bilmir.
Övladlarının nigarançılığı ona
rahatlıq vermir. Dəfələrlə onları Bakıya dəvət
edir, israrlı, yalvarışlı məktublarla müraciət
edir. Ərinin doğmaları Şəfiqəyə
yazırlar ki, o, çox peşmandır. Bunu özü də
müxtəlif illərdə yazdığı məktublarda
etiraf edir. Nəsib bəyin həsrətlə və ürəkağrısı
ilə yazdığı bir etiraf məktubunda oxuyuruq:
"Şefi! Sənə çəkdirdiyim bunca iztirabları
unutmağını istəməyə haqqım
çatırmı? Hər halda mənə nifrət etməyə
əsasın var. Özüm barədə nə
yazacağımı bilmirəm. Həyat məni bəlkə də
layiq olmadığım mövqeyə yüksəldib. İndi
Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən
hörmət görürəm. Amma özümü xoşbəxt
saymıram. Uşaqları xatırladıqca varımdan yox
oluram. Yuxum ərşə çəkilib,
rahatlığım itib. Hansımızın daha çox
günah işlədiyini bilmirəm. Bildiyim tək şey
ortalıqda bir xətanın olmasıdır".
Nəsib
bəyin ailəsi, doğmaları da Şəfiqə
xanıma çox bağlıydılar. Bacısı
Şükufə 1916-cı ilin martında Şəfiqəyə
yazırdı: "İzzətli, səadətli Şəfiqə
sultan! Məktubunuz vüsul oldu. And olsun Allaha, oxuyandan sonra bir
saat ağladım. Axı çox yalvardım sizə ki, getməyin.
Yenə sözümə baxmadınız. Bir-iki ay səbr etsəydiniz,
sanıram, hər şey yoluna düşərdi. Sizin
getdiyinizi biləndə çaşıb qaldıq. ...Sizə
gözümüz alışmışdı.
Özümüzə böyük bacı, ana bilirdik. Bizləri
fəna hallara qoyub getdiniz. Bir dəqiqə də
yadımızdan çıxmırsınız".
Məktub
bu sözlərlə bitir: "Özgə bir əhval yoxdur. Nəsib
həmişəki kimi, işə gedib-gəlir, evdə
çörəyini yeyib-yatır. Axşamlar gəzməyə
çıxır. Təkbaşına dolaşıb
qayıdır.
Zöhrə
xanımın, Niyazinin gözlərindən öpürəm.
Sizi çox sevən Şükufə".
Çətin
məqamda Nəsib bəy Şəfiqə xanımdan bir daha
uşaqları da götürüb Azərbaycana dönməyi
rica edir. Çox tərəddüdlərdən sonra o bu təklifi
qəbul edir və 1919-cu ilin təxminən avqust ayının
ortalarında gözyaşları ilə
ayrıldığı Bakıya gəlir. Şəxsi
münasibətləri yoluna düşməsə də, Nəsib
bəy ailə başçısı kimi evinin,
uşaqlarının qeydinə qalır. Sevdiyi insanların əzab-əziyyətlərdən,
təqiblərdən, hətta ölümün pəncəsindən
qurtardığına şükürlər edir.
Əlbəttə,
Şəfiqə xanım Bakıya salamat çatdıqdan
sonra həyatını bundan belə iki övladına həsr
edə bilərdi. Lakin illərlə uğrunda mücadilə
apardığı amallar buna imkan vermirdi. Odur ki, yenidən
ictimai-siyasi proseslərə qoşuldu, Xalq Maarifi Nazirliyi
yanında uşaq bağçaları üçün tərbiyəçilər
hazırlayan kursların təşkilinə başladı.
Lakin tale bu həyatı da ona çox gördü. 1920-ci ilin
aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Nəsib
bəy kimlər tərəfindənsə müəmmalı
şəkildə öldürüldü, cümhuriyyət
liderlərinin ailələrinə qarşı bolşevik
terroru Şəfiqə xanımı yenidən ağır
problemlər, ən əsası təhlükələrlə
üz-üzə qoydu. Xüsusilə sevdiyi insanın həyatının
faciəli sonluğu içini göynədirdi, gözü onu
axtarırdı. Bu yoxluq münasibətlərindəki
soyuqluğun aradan qaldırılmasında kiçicik bir
ümidi də alt-üst etmişdi. Nəsib bəyin
ölümü ilə bağlı dəqiq məlumat ala bilməməsini
xatirələrində dəfələrlə vurğulayırdı:
"1920-ci il mayın ilk günlərində təbdili-qiyafət
edərək ata minib qərarlaşdırılan səmtə
yollanan Nəsib Kürdəmir yaxınlığında yoxa
çıxdı. Kürdəmirdən kiçik bir məktubunu
aldım. Gətirən məndən, mən də ondan
qorxa-qorxa açıb oxudum. Sağ-salamat Kürdəmirə
gəlib çatdığını xəbər verir,
Kürü keçmək üçün gözlədiyini
yazırdı. Ondan sonra nə bir səs, nə də bir soraq
gəldi..." Neçə illərdən sonra küskün
olsalar da, eyni şəhərdə yaşayıb bir-birlərini
görüb ünsiyyət qurmaq səadəti onlara yenə də
qismət olmadı.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Şəfiqə
xanımın başı üstünü təhlükələr
alır. İsmayıl bəy Qaspralının qızı, Nəsib
bəy Yusifbəylinin həyat yoldaşı olması, üstəlik
özünün də fəaliyyəti, xüsusilə
Krımda milli tatar dövləti yaratmaq uğrunda mübarizəsi
həmin qorxu və təhlükələrin qaçılmaz
olduğunu göstərirdi.
Amma qəribədir
ki, yeni rejim Şəfiqə xanıma iş təklif edir. O,
Xalq Maarif Komissarlığının "ana məktəbləri"
(yəni, uşaq bağçaları, yaxud məktəbəqədər
tərbiyə ocaqları) üzrə təlimatçı təyin
olunur. Lakin çox güman ki, bu, bolşeviklərin
"gözdən pərdə asmaq" siyasəti idi. Sovetlər
öz hakimiyyətlərini möhkəmləndirdikcə
"təmizləmə" prosesi daha sürətlə
aparılır, cəza maşını durmadan işləyirdi.
Şəfiqə
xanımın hər günü qorxu və həyəcan
içində keçirdi. Ailənin Bakını necə tərk
etməsini Vilayət Quliyev belə qələmə alıb:
"Yardım heç gözləmədiyi halda Türkiyədən
gəldi. Türkiyə Böyük Millət Məclisi
hökumətinin 1920-ci ilin sentyabrında Bakıya təyin
olunmuş təmsilçisi Məmduh Şövket Esendal
İsmayıl Qaspralının qızının, şəhid
Nəsib bəy Yusifbəylinin xanımının Bakıda iki
övladı ilə çətin durumda
qaldığını öyrənən kimi dərhal yollar
aramağa başladı. Həmin dövrdə TBMM hökuməti
ilə Sovet Rusiyası arasında imzalanmış Moskva
anlaşmasına görə türk hərbi əsirləri, habelə
müxtəlif vəsilələrlə Azərbaycana gələn
və inqilabdan sonra geri qayıda bilməyən türk ailələri
Türkiyənin Bakı təmsilçiliyindən sənədlər
alaraq vətənə dönürdülər.
Təbii
ki, sovetlər də həmin sənədləri nəzarətdə
saxlayırdılar. Lakin Məmduh Şövket risk etməyi qərara
aldı. Şəfiqə xanımla övladlarını
müharibənin Azərbaycana gətirdiyi Türkiyə vətəndaşları
kimi qeydiyyata götürdü. Sonra isə onlara türk
pasportu verərək Türkiyəyə keçmələrinə
və bölşevik cəhənnəmindən xilas
olmalarına yardım göstərdi".
Şəfiqə
xanım ömrünün axırınadək Türkiyədə
qalır. Burada çox məşəqqətlər çəkir,
acılı-şirinli günlər yaşayır. Doğrudur,
o, ilk dəfə balaları ilə Türkiyəyə gələndə
burada artıq iki qardaşı, bir bacısı məskunlaşmışdı.
Başqa qohumlar, dost-tanışlar da vardı. Amma hamısının
vəziyyəti çətin olduğundan ona heç kəs əl
tuta bilmədi. Dayısı Yusif Akçura Şəfiqəni
dövlət idarələrindən birində rus dili tərcüməçisi
kimi işə düzəltməyə səy göstərdi,
amma buna nail olmadı. Odur ki, Şəfiqə xanım bir
müddət yetimxanalarda çalışdı. Sonra
Türkiyə Hilali-Əhmər (indi "Qızıl ay")
cəmiyyətində işlədi. 1936-cı ildə
Atatürkün göstərişi ilə rus türkoloqu
Y.Rekarskinin "Yakut dili sözlüyü" çoxcildliyi
türk dilinə çevriləndə onu da tərcüməçilər
qrupuna daxil etdilər.
1920-1930-cu
illərdə Şəfiqə Qaspralı Türkiyədəki
Azərbaycan və Krım siyasi mühacirləri ilə əlaqəsini
kəsmirdi. 1930-cu ildə Türkiyədə Krım
Qadınlar Cəmiyyəti yaratması və onun fəaliyyətinə
axıradək rəhbərlik etməsi bu qadının necə
möhkəm iradəyə, yenilməz ruha və güclü
xarakterə malik olduğunu təsdiqləyirdi.
Şəfiqə
xanımın həyatın sərt sınaqlarından
alnıaçıq, üzüağ
çıxdığını göstərən bir fakt da
odur ki, daim çətinliklərlə üz-üzə qalan
bu qadın ömrünü şama döndərərək
övladlarının yoluna işıq saçdı. Hər
ikisinə ali təhsil verdi. Qızı Zöhrə Türkiyədə
öz gəncəli soydaşı ilə ailə qurdu.
Şəfiqə
Qaspralı ölənəcən "Nəsib bəy"
dedi, "Azərbaycan" dedi. Gəncə, Bakı bir an belə
yadından çıxmadı. Ərindən incidiyi zaman
"Yusifbəyli" soyadından imtina edən bu xanım illər
sonra bir gün xatirə və qeydlərini səliqəyə
salıb iri hərflərlə "Sudamısan,
torpaqdamısan, Nəsib? Ətrafın nurla dolsun!" sözlərini
yazdı və özündən ixtiyarsız yenidən
"Şəfiqə Qaspralı-Yusifbəyli"
imzasını atdı.
Ömrü
daim mübarizələrdə keçmiş bu mərd, cəsarətli
və vüqarlı xanım 1975-ci ilin avqustunda, 86
yaşında Türkiyədə həyata vida etdi.
* * *
Bir
haşiyə çıxıb qeyd etmək istərdik ki, adətən
görkəmli insanların doğmalarına münasibətləri,
ailə daxilində yaşam tərzləri, gizli saxlanan sirləri
hamının marağını çəkir. Bunun ilkin səbəbi
odur ki, həmişə bizə yol göstərən, həyatda
büdrəməmək üçün məsləhətlər,
tövsiyələr verən həmin şəxsiyyətlərin
bəzən özlərinin bəxti, taleyi gətirmir, şəxsi zəmində
həlli müşkül olan böyük problemlər
yaşanır, hətta onların qarşısında bu
insanlar aciz qalırlar. Nəsib bəy Yusifbəylinin də ailə
yaşantıları dramatik çalarla zəngin olmuşdur.
Siyasi ideallarını sonadək reallaşdıra bilmədiyi
kimi, ailəsini də yanında saxlaya bilməmiş,
ömrü yarımçıq qırılmış, həyatı
faciə və kədərlə bitmişdir.
İradə ƏLİYEVA
Azərbaycan.-2013.- 21 iyul.- S.4,5.