Azərbaycan və Özbəkistan uşaqların gözü ilə

 

İçərişəhərdə "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" rəsm sərgisi keçirilib. Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqların rəsm əsərləri nümayiş olunub.

Sərgidə Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək bildirmişdir ki, ilk sərgi bu il aprelin 26-da Daşkənddə keçirilib. Azərbaycan uşaqları Özbəkistanı yaxından tanımadıqları, görmədikləri halda ölkənin mədəniyyətini, tarixini əks etdirən şəkillər çəkiblər. Özbəkistan uşaqları isə çəkdikləri şəkillərdə Azərbaycanın tarixi abidələrinə, ədəbiyyatına, füsunkar təbiətinə daha çox müraciət ediblər. Maraqla qarşılandığından qərara aldıq ki, eyni ilə bu sərgini Bakıda da keçirək. Tədbirdə Azərbaycandan olan yeniyetmə uşaqlar, Özbəkistan tərəfindən isə Mədəniyyət Nazirliyinin nəzdindəki rəsm studiyalarının gənc tələbələri iştirak ediblər. Nümayiş olunan 50-yə yaxın rəsm əsərinin yarısı özbək, digər yarısı azərbaycanlı uşaqlar tərəfindən fırçaya alınıb.

Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan haqqında qardaş özbək, Özbəkistan haqqında isə Azərbaycan uşaqlarının düşüncələrini rənglərin dili ilə ictimaiyyətə çatdırmaq olub. Gələcəkdə digər ölkələrdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə çıxış edən Azərbaycanın Özbəkistan səfirliyinin nəzdində yaradılmış Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uşaqların sözlə ifadə edə bilmədikləri fikirləri, təxəyyülləri fırçaları ilə tablolarda yaratdıqlarını və bu amilin gələcəkdə dostluğumuzun daha da yüksək səviyyədə olacağını bir daha sübut etdiyini bildirib.

 

 

Aygün İBADOVA,

Dövlət Rəsm Qalereyasının elmi işçisi

 

Azərbaycan.-2013.- 21 iyul.- S.7.