Azərbaycan Prezidenti İlham Əliyev
jurnalistlər üçün tikilmiş binada
Milli Mətbuat Günü münasibətilə
mənzillərin paylanması
mərasimində iştirak
etmişdir
İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Prezidenti İlham
Əliyevin nitqi
- Əziz dostlar, hörmətli jurnalistlər, mətbuat işçiləri!
İlk növbədə, sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bu bayram günündə biz gözəl binanın açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu gün istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bakı Art City, yəni, incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik.
Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir.
Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.
İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.
Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.
Azərbaycanda azad jurnalistikanın rolu çox
böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin
formalaşmasında jurnalistikanın çox böyük rolu
vardır və bu rolu mən yüksək qiymətləndirirəm.
Əminəm ki, gələcəkdə də Azərbaycanda
söz azadlığı və bütün başqa
azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda
demokratiyanın inkişafında böyük addımlar
atılır, bütün azadlıqlar vardır - söz azadlığı,
sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin
keçirilməsi üçün yer nəzərdə
tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri
işıqlandırması üçün böyük
problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar -
vicdan azadlığı, din azadlığı tam təmin
edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda
bu sahədəki işlərə yüksək qiymət verirlər.
Yəni, müasir dövlət prinsipləri elə
olmalıdır ki, biz hər bir sahədə qabağa gedək,
ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq
edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti,
sözün əsl mənasında, hərtərəfli
inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə
getməsi əlbəttə ki, bizim gücümüzü
artırır.
Jurnalistlərin məsuliyyəti də əlbəttə
ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat
olan halda jurnalistlərin məsuliyyəti ön plana
çıxır. Mən şadam ki, son
illər ərzində bu istiqamətdə də müsbətə
doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini
daha da dolğun şəkildə dərk edirlər, mətbuatda
gedən, həqiqəti əks etdirməyən təhqiramiz
yazılara da az-az rast gəlmək olur. Bu
da jurnalistlərin məsuliyyətindən xəbər verən
amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə,
internet dövründə hər hansı bir yalan məlumatın
ömrü uzun ola bilməz. Ona görə jurnalistlərin məsuliyyəti hesab
edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində
olmalıdır. Bilirəm ki, jurnalist
ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri
daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət
qarşısında məsuliyyət daşıyır, əlbəttə,
jurnalistlər də bu məsuliyyəti
daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti
bəlkə də daha da böyük olmalıdır.
Mən jurnalistlərin peşəkarlığı ilə
bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki,
siz özünüz bu məsələlərlə
bağlı vaxtaşırı danışırsınız,
yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə
öz dəstəyini verə bilər. Əgər
dövlət tərəfindən hansısa bir əlavə tədbir
görülməlidirsə, biz bunu görəcəyik ki,
peşəkarlıq artsın.
Azərbaycanda gənc peşəkar jurnalist
kadrların hazırlanması daha da sürətlə getsin.
Əlbəttə ki, jurnalistlərin vətənpərvər
olmaları da hesab edirəm ki, çox vacib məsələdir.
Bütövlükdə Azərbaycan jurnalistikası
öz dövlətinə, xalqına, dövlətçiliyinə
bağlıdır. Siyasi baxışlardan
asılı olmayaraq, əksər hallarda dövlətin
maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da
partiya maraqları, korporativ maraqlar ön plana
çıxır. Buna əlbəttə
ki, yol vermək olmaz. Xüsusilə gənc
müstəqil dövlətlərdə vətənpərvərlik
hissləri daha da güclü olmalıdır və daim mən
bu məsələ ilə bağlı öz fikirlərimi
bildirirəm.
Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq
bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz
vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə
almalıdır və jurnalistikanın bu sahədə çox
böyük rolu vardır.
Çünki biz cəmi 22 ilə yaxındır ki,
müstəqil dövlətdə yaşayırıq, azad xalq
kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir,
böyük dəyərimizdir. Bu vəziyyəti
cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir.
Ona görə jurnalistlərin vətənpərvərliyi
çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik
prinsipləri üstünlük təşkil etməlidir.
İlk növbədə, dövlət
maraqları müdafiə edilməlidir. Dövlətə
zərər vura biləcək hər hansı bir addıma yol
verilməməlidir. Eyni zamanda, cəmiyyətdə
mövcud olan problemlər ölkə daxilində həllini
tapmalıdır. Mən bu barədə dəfələrlə
fikirlərimi bildirmişəm. Bu gün də
demək istəyirəm, hər bir ölkənin öz
inkişaf dinamikası, öz problemləri, nailiyyətləri
var, o cümlədən Azərbaycanın da. Bütün problemlər
ölkə daxilində həllini tapmalıdır.
Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki,
bütün məsələləri özümüz həll
etməliyik.
Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin
ümumi inkişafı ilə bağlı fikir
ayrılığı yoxdur. Ölkənin strateji xətti
- istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə
bağlı fikir ayrılığı demək olar ki, yoxdur.
Belə olan halda əlbəttə ki, daxili
problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas
üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan
xalqının əlindədir, ölkəmiz Azərbaycan
xalqının iradəsi ilə idarə olunur.
Ona görə vətənpərvərlik
mövzuları hesab edirəm ki, bizim mətbuatda daha da
geniş yer almalıdır. Müstəqilliklə
bağlı olan mövzulara daha da geniş yer verməliyik.
Müstəqilliyin üstünlükləri nədən
ibarətdir. Düzdür, bu mövzularla
bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək
olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir.
Çünki bu mövzu daim gündəlikdə
olmalıdır. Müstəqilliyin üstünlükləri,
müstəqilliyin əlamətləri və gələcək
həyatımızla bağlı fikirlər, mülahizələr,
fikir mübadiləsi çox vacibdir. Çünki
bir daha demək istəyirəm ki, bizim nəslimizin ən
böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil
dövlətdə yaşayırıq. Bizdən
əvvəlki nəsillər də bu arzularla
yaşamışlar. Ancaq bu arzulara
çata bilməmişlər. Bizim
xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə
Azərbaycan Respublikasının vətəndaşı kimi
yaşayırıq. Biz bunu qiymətləndirməliyik
və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Müstəqillik, dediyim kimi, sadəcə olaraq
dövlət atributları deyildir. Müstəqillik
müstəqil həyatdır, müstəqil siyasətdir,
dövlətin və milli maraqların qorunmasıdır.
Xüsusilə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin xarici mətbuatda işıqlandırılması
ilə bağlı daha da böyük işlər
görülməlidir. Əlbəttə ki,
daxildə bu problem kifayət qədər
işıqlandırılır. Ancaq əsas
məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata
çıxaraq.
Son illər ərzində dövlət və ictimai
qurumlar tərəfindən bu istiqamətdə önəmli
addımlar atılmışdır, qeyri-hökumət təşkilatları
da bu sahədə fəaldır. Mətbuat
işçiləri də artıq xarici mətbuat
orqanlarına çıxırlar. Biz bu
mövzunu daha da geniş şəkildə
işıqlandırmalıyıq. Dövlət
öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr,
qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi
daha da geniş şəkildə aparmalıyıq.
Xocalı soyqırımı ilə bağlı olan məlumatların
xarici mətbuata çatdırılması böyük əhəmiyyətə
malikdir. Son
bir neçə il ərzində bir
neçə ölkə artıq Xocalı
soyqırımını soyqırımı kimi
tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai
qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim
diqqətdə saxlayır və bu, dünyada reallıqları
əks etdirir.
Danışmağa da sözümüz vardır. Çünki
Azərbaycan qısa müddət ərzində istənilən
sahədə böyük, bir çox hallarda analoqu olmayan
inkişafa imza atmışdır. Bu
inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha da
çox tanınır. Yəni, bunu inkar
etmək olmaz. Bəzi antiazərbaycan
qüvvələri buna nə qədər
çalışsalar da, bunu inkar etmək, bunu görməmək
mümkün deyildir. Biz Azərbaycan
reallıqlarını dünya mətbuatına
çıxarmalıyıq. Çünki
siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni
lobbisi onların gücü olan ölkələrdə bizə
qarşı təşkil edilmiş fəaliyyət aparır.
Nə üçün?! Bir
məqsədlə ki, sübut etsinlər və belə bir
fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində
yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar,
uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar
vaxtaşırı xarici mətbuata ötürülür.
Onlar öz şəbəkələri hesabına buna nail olurlar.
Ona görə biz çalışmalıyıq ki, Azərbaycan
reallıqlarını dolğun şəkildə xarici mətbuata
çatdıraq. Bu gün bizim əlimizdə internet kimi
universal bir vasitə vardır. Bundan daha
geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları
dünya birliyinin diqqətinə
çatdırılmalıdır, istər ictimai sahədə,
milli, dini dözümlülük sahəsində, istərsə
də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini
gözləyən problemlər, çatışmayan məsələlər
vardır. Biz bunu bilirik və jurnalistlər
də bu problemlərin aşkarlanmasında hökumətə
dəstək olurlar. Ancaq bununla bərabər,
nailiyyətlər də kifayət qədər çoxdur.
Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa
müddət ərzində müstəqil dövlət kimi
formalaşdı, gücləndi. Bu gün güclü
potensiala malikdir, öz taleyini özü həll edir. Beynəlxalq aləmdə böyük nüfuza
malikdir. Dünyanın ən mötəbər
qurumu olan BMT Təhlükəsizlik Şurasının
üzvüdür. İqtisadi və sosial məsələlərin
həllində bir çox ölkələr üçün
nümunə ola bilər. İnkişaf
etmiş ölkələrin meyarlarının bir çoxu
artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi
sahədə. Yəni, deməyə
sözümüz çoxdur. Sadəcə
olaraq, biz bu işləri daha çox əlaqəli şəkildə
aparmalıyıq. Yenə də
qayıdıram əvvəlki mövzuya, vətənpərvərlik,
dövlətçilik duyğuları bütün başqa məsələlərdən
üstün olmalıdır.
Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik, bir daha demək istəyirəm ki, ən böyük sərvətdir, ən böyük dəyərdir. Biz bundan sonra da müstəqilliyi qorumalıyıq. Bundan sonra da çalışmalıyıq ki, müstəqillik, dövlətçilik, azadlıq prinsipləri Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə indiki dünyada. Biz görürük ki, müxtəlif yerlərdə proseslər çox mənfi istiqamətdə gedir, qarşıdurmalar, böhran, kütləvi etirazlar. Yəni, bizim maraqlarımızı bizdən çox güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə hesab edirəm ki, bax biz gələcəkdə bu məsələlər ətrafında daha da ciddi fikirləşməliyik. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır.
Mən
bir daha, əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə
təbik etmək istəyirəm. Qeyd etmək istəyirəm,
bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin
sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq
dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin
sayı hələ də vardır. Bunu nəzərə
alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs,
yəni təklif irəli sürüldü ki, bu layihə
davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə
mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə
təmin edilməsi üçün əlavə tədbirlər
görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə
bu yerə "Jurnalistlər şəhərciyi" deyəcəklər.
Sağ olun.
Azərbaycan.-2013.- 23 iyul.- S.1,2.