Azərbaycan Prezidenti
İlham Əliyev jurnalistlər üçün tikilmiş
binada Milli Mətbuat Günü
münasibətilə mənzillərin paylanması
mərasimində
iştirak etmişdir
"525-ci qəzet"in baş
redaktoru Rəşad MƏCİD çıxış edərək
dedi:
- Hörmətli cənab Prezident, bu gün elə bir gündür ki, hissiz, həyəcansız, emosiyalardan uzaq danışmaq çətindir. Bəlkə 138 il öncə mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nüsxələrini alanda kövrəlmişdi, kövrək duyğular keçirmişdi, onun bir neçə həmfikirinin gözləri yaşarmışdı. Amma heç vaxt bütün mətbuatımızın tarixində belə bir hadisə olmayıb ki, bu qədər qələm adamı, onların yaxınları, doğmaları bu cür sevinc içərisində olsunlar. Bəlkə bu gün burada əyləşən insanlar arasında elələri vardır ki, sevincdən kövrəlir, göz yaşlarını, qəhərini boğur, amma təkliyə çəkilən kimi öz minnətdarlıqlarını, alqış və dualarını bildirirlər. Bütün bu alqış və duaların tək ünvanı Sizsiniz cənab Prezident! Bu xoş anları bəxş etdiyinizə, böyük ürəyinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Əlbəttə ki, bu həyəcanlı dəqiqələrdə biz Sizin atanızı, bizim jurnalistlərin dostu ümummilli lider Heydər Əliyevi xatırlamasaq günah olar. Ümummilli lider jurnalistlərin böyük dostu idi. 1998-ci ildə 100 ildən artıq Azərbaycanda mövcud olan senzuranı ləğv etdi və bundan sonra da məmur-mətbuat qarşıdurmasında həmişə mətbuatın tərəfində oldu. Mətbuatın inkişafı üçün bir neçə sərəncam imzaladı. Daha sonra bizimlə tez-tez görüşürdü və mənim yadımdadır ki, 2002-ci il iyulun 22-də aparıcı qəzet redaktorlarına üç saat yarımdan artıq müsahibə verdi. Mənim Qarabağla bağlı sualıma təxminən 45 dəqiqə cavab verdi və özü də dedi ki, indiyədək heç kimə demədiyim məsələləri sizə açıram. Ürəyində Qarabağla bağlı ən dəruni fikirləri bizə bildirdi. Axşam da tədbirimizə qatıldı, yenə bir saatdan artıq bizimlə bir yerdə oldu. O günü heç zaman unutmuruq. Ondan sonrakı, əvvəlki görüşlərdə də həmişə mətbuata həssas münasibətinin şahidi olmuşuq.
Yadımdadır ki, mən
2001-ci ilin dekabr
ayında çıxış edəndə bəzi jurnalistlərimizin mənzil probleminin,
Bakı şəhərində jurnalistlərin ev
almasının bir xəyal olduğunu söyləmişdim. O vaxt tale və vaxt imkan
vermədi, bir sıra xəyallar gerçəkləşmədi.
Amma ümummilli lider Heydər Əliyevin qurduğu, möhkəm əsaslarını yaratdığı
dövlətdə xəyalların
gerçəkləşməsi Sizə nəsib oldu. Siz mətbuat sahəsində
böyük ilklərə
imza atdınız.
Həm
2005-ci ildə "Əməkdar
jurnalist" adını
bərpa etdiniz, Azərbaycanın çoxlu
jurnalistlərinə fəxri
adlar verdiniz.
2008-ci ildə Mətbuata
Dövlət Dəstəyi
Konsepsiyasını imzaladınız
və daha sonra Kütləvi
İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunu yaratdınız.
Siyasi baxışlarına, dünyagörüşlərinə
heç bir fərq qoymadan bütün KİV-lərə
eyni şəkildə,
eyni qaydada dövlət tərəfindən
şəffaf maliyyələşmə prosesi başladı. Hər
il fond tərəfindən
yüzlərlə jurnalist
müxtəlif mövzularda
məqalələrinə görə
mükafatlandırılır. 2010-cu ildə Siz
Mətbuat Şurasının
binasının açılışına
gəldiniz, müstəqil
mətbuat barəsində
dərin fikirlərinizi
bildirdiniz. Yenə
Azərbaycan mətbuatı
tarixində möhtəşəm,
unudulmaz bir hadisə olan jurnalistlərin mənzil, məişət şəraitinin
yaxşılaşdırılması barədə sərəncam
imzaladınız. Bütün bunlarla
Siz Azərbaycan mətbuat tarixinə öz adınızı böyük hərflərlə
yazdınız.
Amma Sizin gördüyünüz
böyük işlər,
gerçəkləşdirdiyiniz xəyallar təkcə mətbuatla bağlı
deyildir, Siz Azərbaycanı dəyişdiniz,
qüdrətli bir dövlətə çevirdiniz.
Siz Bakımızın simasını
dəyişdiniz, onu regionun iqtisadi, mədəni, siyasi paytaxtına çevirdiniz.
İndi
biz Bakıya gələn
qonaqları gecə vaxtı Xəzərdə
gəmi ilə gəzdirərkən onların
paytaxtın işıqlarına,
gözəlliyinə heyranlıqla
baxmasından, gecə
işığında dalğalanan
bayrağımızı necə
heyranlıqla seyr etməsindən zövq alırıq.
Siz Azərbaycanın
regionlarını, bölgələrini
dəyişdiniz. Əvvəllər Strasburqa gedirdik,
orada mətbuatla bağlı tədbirlərdə
olurduq. İndi mətbuatla bağlı
tədbirlərimizi Yevlaxda,
Zərdabda, Gəncədə,
Ağcabədidə, Lənkəranda keçiririk. Elə həmin yerlərdə də özümüzü Strasburqda
olduğu kimi rahat hiss edirik. Bütün bu gerçəkləşdirdiyiniz
xəyallara, bu dəyişən Azərbaycana
görə Sizə böyük minnətdarlığımızı
çatdırırıq. İndi Sizin də, bizim də, xalqımızın da bir reallaşmayan arzusu, bir gerçəkləşməyən
xəyalı var. O da torpaqlarımızın işğaldan
azad olunması məsələsidir. Ötən ay Bakıda möhtəşəm
hərbi parad keçirildi. Bu günlərdə isə Siz həmin hərbi paradla bağlı fikirlərinizi
bildirdiniz. Ermənistan xalqına
bu paradla bağlı fikirlərinizi
bəyan etdiniz. Ondan daha əvvəl isə Siz 50 yaşınızı Ağcabədidə
- laçınlı məcburi
köçkünlərlə bir yerdə keçirmişdiniz. Bu, qüdrətli
bir dövlətin başçısı tərəfindən
böyük jest idi.
Bu, torpağını itirmiş insanlara böyük inam və güvən yaratmaq idi. Eyni zamanda, həmin
yerdən bir az aralıda
düşmənə, istilaçı
dövlətə qarşı
ünvanlanmış bir
mesaj idi. Ad gününüzü keçirdiyiniz
həmin torpaqlardan bir az o
tərəfdə bizim
işğal olunmuş
torpaqlarımız, yolunu,
cığırlarını ot basmış, sökülmüş evlərimiz,
kəndlərimiz, şəhərlərimiz
vardır. Bir az daha yuxarıda
şair Məmməd Arazın
təbirincə desək,
uzaqdan bir gecə lampası kimi göy üzündə,
yaxından bir ulduz topası kimi yer üzündə
olan Şuşa - Azərbaycan musiqisinin, mədəniyyətinin beşiyi
olan bir şəhər vardır. Anar müəllimin ümummilli
lider Heydər Əliyevlə bağlı
xatirələri haqqında
"Unudulmaz görüşlər"
əsərində bir məqam vardır. 1970-ci illərdə Siz öz valideynlərinizlə
birlikdə Şuşada olmuşunuz,
Şuşanı gəzmisiniz,
Cıdır düzünü
gəzmisiniz. Bu gün
inanırıq ki, Sizin rəhbərliyinizlə,
Sizin Ali Baş Komandanlığınızla Azərbaycan
torpaqları işğaldan
azad olunacaq, Azərbaycan bayrağı
Şuşada dalğalanacaq
və bir gün bizim yazarların, jurnalistlərin
yazılarından nisgilli
bir ah kimi keçən Cıdır
düzünün həndəvərində
Siz yaradıcı insanlar, jurnalistlər üçün bir yaradıcılıq
evinin təməlini
qoyacaqsınız. Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız
qüdrətli Azərbaycandır,
gördüyünüz böyük
işlərdir, reallaşdırdığınız
arzulardır, gerçəkləşdirdiyiniz
xəyallardır. Bu yolda
bütün Azərbaycan
xalqı, bütün
jurnalistlər ordusu Sizinlədir.
Gördüyünüz böyük işlərə,
bu ağayana təmkinli görüşünüzün
arxasında Vətən
sevgisi ilə çırpınan ürəyinizə,
bəxş etdiyiniz bu xoşbəxt anlara, bu savab
və yaxşılıqlara
görə Sizə bütün həmkarlarım
adından bir daha dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi
qorusun, Allah Sizi qorusun.
.AzərTAc
Azərbaycan.-2013.- 23 iyul.- S.3.