Azərbaycanın daxilində hökm sürən sabitlik bu gün böhran içində yaşayanları sevindirmir

 

Bu fikri Prezident İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söyləyib

 

 Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Başqa sözlə, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin pozulmasına, məhvinə gətirib çıxarır.

Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün ilk növbədə insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Məhz bu səbəbdən də Azərbaycanın inkişafının Prezident İlham Əliyev tərəfindən elan edilmiş vacib istiqaməti ilk növbədə əhalinin maddi rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması, orta təbəqənin mövqelərinin möhkəmləndirilməsidir. Dövlət başçısı praqmatik siyasətçi olaraq bu fikirdədir ki, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-dövlət münasibətlərinin bugünkü reallıqda ən yaxşı, ahəngdar forması olan demokratiya yalnız iqtisadi cəhətdən sürətli inkişaf yolunda olan, xüsusi mülkiyyətçilik münasibətləri inkişaf edən dövlətlərdə bərqərar ola bilər. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Müasir dövrdə "demokratiya bayrağı" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları" nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir. Müstəqil Azərbaycan da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində  sübuta yetirmişdir.

Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını" itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması, sadəcə,  təəssüf hissi doğurur.

"Amnesty İnternational" təşkilatı bu günlərdə dünyada azadlıqların vəziyyəti haqqında illik hesabatını yayıb. Bu dəfə də Azərbaycan kəskin tənqid edilib və demokratiya sahəsində geriləmə olduğu iddia olunub. "Amnesty İnternational"ın hesabatında Ermənistan ilə Azərbaycan arasında aparılan "müqayisə" isə dərin təəssüf doğurur. Hesabatda iddia edilir ki, guya Ermənistanda namizədlərin seçkiqabağı resurslara və KİV-yə bərabər çıxışına böyük əhəmiyyət verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri keçirilib. Seçkilərin alternativliyi artıb. Bundan əlavə, iddia edilir ki, Ermənistanda dinc və kifayət qədər hərtərəfli seçkilər Bakıda "Eurovision" mahnı müsabiqəsinə hazırlıq  zamanı ictimai yığıncaqların amansızcasına dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin iştirakçıları üçün böyük cərimələr tətbiq edilməsi ilə ziddiyyət təşkil edib. Hətta Ramil Səfərovun məsələsi qabardılır, onun necə "amansızcasına" erməni zabitini qətlə yetirdiyi təsvir edilir.

Bir müddət əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnaməsi də bu mənada ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdı. Sənəddə Azərbaycanda guya "söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanmışdı. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdi.

Hər bir kollegial orqanda olduğu kimi, Avropa Parlamentində də müzakirə olunan məsələlər üzrə qərar qəbul edilərkən səsvermədə iştirak etmək hər bir deputatın hüququ deyil, vəzifəsidir. Vəzifənin icra edilməməsi isə demokratik hal kimi dəyərləndirilə bilməz. Avropa Parlamentində kvorum (yetərsay) qaydasının olmamasına istinad edərək kvorum qaydasında guya "iştirak məcburiyyəti"nin olmasını qeyri-demokratik hal kimi qələmə vermək istəyənlər anlamalıdırlar ki, kvorum qaydasının olmaması parlament üzvlərinin cüzi bir hissəsinin toplaşaraq mötəbər bir qurumun adından qərəzli qərarlar qəbul etməsinə şərait yaradır. Parlamentin işində "iştirak məcburiyyəti" ilə "iştirak azadlığı"nı üz-üzə qoyub ikincini demokratik hal hesab etmək absurddur. Bütöv bir ölkənin, habelə bu ölkənin milyonlarla vətəndaşının mənafeyinə toxunan qərəzli qərarlar qəbul edilməsinə imkan verən hal demokratik hesab edilə bilməz. Belə qərarların qəbul edilməsi ən azından ədalətsizlikdir. Prezident İlham Əliyev iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Keçən rübdə mənim Avropa İttifaqına səfərim olmuşdur. Hesab edirəm ki, bu səfərin də çox böyük əhəmiyyəti vardır. Baxmayaraq ki, bu, mənim Prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni, bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq bu səfər də çox önəmli idi. Xüsusilə, nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində, əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç antiazərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək, bax, bu qətnamələrin qəbul edilməsinə nail olurlar.

Əslində, bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, onu demək istəyirəm ki, son bir il ərzində antiazərbaycançı qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini gücləndirmişlər. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə, böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat, əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir".

Əlbəttə ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Hamı bilir ki, Avropanın bir sıra  ölkələrində ictimai-siyasi vəziyyət heç də yaxşı deyil. Məsələn, Yunanıstan, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdə də sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada, amansızlıqla alınır.

Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı, analoqu olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, inkişaf etmiş ölkələr sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması, görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. "Demokratiya bayrağı"nı Azərbaycana qarşı təzyiq, habelə, öz enerji və iqtisadi maraqlarını təmin etmək üçün təsir vastəsi kimi istifadə etmək heç bir nəticə verməyəcək.

Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Hamıya məlum bir faktı - Ermənistanda son prezident seçkilərini xatırlayaq: İrəvanda hakimiyyətdə olan rejim son prezident seçkilərində total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə amansızcasına divan tutdu. Hökumət qüvvələri odlu silahdan açılan atəşlə onlarla nümayişçini qətlə yetirdi, yüzlərlə müxalifətçi həbs edildi. Yerevanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev dustağına çevrildi. Nəinki mətbuat, hətta internet üzərində də senzura tətbiq edildi. Qərbin demokratiya "təəssübkeşləri" baş verənləri tez zamanda unutmağa və unutdurmağa çalışdılar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə "yada düşmür". 

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamır və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana bilərlər. Belə uğursuz "ssenarilər"lə Azərbaycanda nəyəsə nail olmaq qeyri-mümkündür.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və  son 10 ildə inamla davam etdirilən hüquq islahatları nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən 20 ildə respublikamızda hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını söyləməyə ciddi əsaslar verir. Əlbəttə, müstəqil Azərbaycan bu sahədə əldə olunan müsbət nəticələrlə də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə, iqtisadi islahatların sürətinə, vətəndaşların ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə yeni-yeni addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız hüquqi və siyasi mühitin liberallaşdırılması, hər bir fərdin maraq və mənafeyinin qanunla müəyyən olunmuş şəkildə qorunması sahəsində yeni nailiyyətlərə imza atacaqdır.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 23 iyul.- S.5.