Səmərəli antikorrupsiya siyasəti öz bəhrəsini verir

 

Güclü siyasi iradə korrupsiyaya qarşı uğurlu mübarizənin əsas təminatıdır

 

 

 

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi coxsahəli islahatlar kursu ötən on ildə respublika iqtisadiyyatında dinamik inkişafa zəmin yaratmış, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olmuşdur. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər özünü ildən-ilə daha qabarıq şəkildə göstərməklə yanaşı, yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası inkişaf etmiş ölkələr sırasına öz yerini möhkəmləndirərək  beynəlxalq nüfuzunu daha da  artırmış,  bəşəri norma və prinsiplərə əməl edən müstəqil, sivil, demokratik və hüquqi dövlət kimi imicini gücləndirmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Bu yaxınlarda dünyanın 40 ölkəsinin 50-dən artıq  universitetini  təmsil edən 170-dən çox gənc arasında  canlı şəkildə və 10 minə yaxın tələbə arasında "online" keçirilən sorğuya əsasən  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev "İlin dövlət başçısı" seçilmişdir.

 

Ötən vaxtlarda olduğu kimi, son dövrlərdə də dövlət başçısının rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında mühüm əngəllərdən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha geniş vüsət almışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı  2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etmişdir. Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli  surətdə davam etdirməkdən ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.

 

Ölkə başçısı İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə eyni zamanda, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə  dair Milli Fəaliyyət Planı da təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planının qəbul edilməsi  Azərbaycanın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu prinsiplərə sadiqliyini  bir daha  nümayiş etdirir. Açıq Hökumət Tərəfdaşlığının  prinsiplərinə müvafiq olaraq dövlət orqanları  tərəfindən fəaliyyətləri barədə  ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan  xidmətlərin  keyfiyyətinin artırılması  kimi mühüm elementləri özündə əks etdirən Milli Fəaliyyət Planı , ilk növbədə, idarəçilikdə şəffaflığı təmin edən bütün komponentləri  özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə də mühüm töhfə verməyə başlamışdır.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə  məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında sıx təmas xətti olan bu qurum  korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla onun əsas hədəfi  vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması, vaxt itkisinin azaldılmasından ibarətdir.  Artıq yeni dövlət qurumunun fəaliyyəti  vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri  üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmış,  ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "artıq bir Azərbaycan brendi"nə çevrilmişdir. Bu gün  Azərbaycan standartları  bir çox ölkələr üçün əsl nümunədir.

 

Azərbaycan Respublikası beynəlxalq konvensiyaların tətbiqini tam şəkildə təmin etmək məqsədilə Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 5 (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6 (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10 (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 2003-cü il 15 may tarixli Əlavə Protokoluna Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş və cənab Prezidentin 2012-ci il  30 avqust tarixli sərəncamı ilə Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Baş prokuroruna həvalə edilməklə 2012-ci il 8 oktyabr tarixdə həmin sənəd imzalanmışdır. Eyni zamanda, sözügedən Konvensiyaya Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi 2012-ci il 1 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

 

Beynəlxalq təşəbbüslərə qoşulmaq istiqamətində işləri mütəmadi olaraq davam etdirən ölkəmiz beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və beynəlxalq sənədlərdə nəzərdə tutulan müddəaların milli qanunvericiliyə implementasiyasını davam etdirərək  korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2013-cü il 1 fevral  tarixli qanunla Azərbaycan Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının Əlavə Protokoluna qoşulmuşdur.

 

Mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq və dünya təcrübəsinin öyrənilməsi nəticəsində çox mühüm əhəmiyyət kəsb edən hüquqi şəxslərin cinayət məsuliyyətini müəyyən edən normaların  Azərbaycan qanunvericiliyinə daxil edilməsi  korrupsiya hüquqpozmaları ilə daha səmərəli  mübarizə aparmağa təminat yaratmışdır. Bununla əlaqədar dövlət başçısı tərəfindən 2013-cü il 30 aprel tarixdə mahiyyəti cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər üçün cinayət hüquqi tədbrlərin tətbiqini nəzərdə tutan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun imzlanmışdır.

 

Dövlət qurumları tərəfindən vətəndaşlara təklif olunan elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

 

Mühüm antikorrupsiya tədbirlərindən biri kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2013-cü il 5 iyul tarixli qərarı ilə  "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  yol patrul xidmətini həyata keçirən və yol  hərəkətinin tənzimlənməsinə  cəlb olunan  əməkdaşlarının aylıq  vəzifə maaşlarına əlavənin verilməsi üçün  istifadə Qaydaları təsdiq edilmişdir.

 

Ölkə başçısının  siyasi iradəsinə müvafiq olaraq korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları  fəaliyyətini daha da təkmilləşdirməklə  bu işi  prioritet xətt kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında  Korrupsiyaya qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin 1-ci yarımilində də fəaliyyətini uğurla davam etdirmişdir.

 

 

 

Müraciətlər etibarlı ünsiyyət vasitəsidir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə keçirilən bütün tədbirlərdə vətəndaşların problemlərinin həll edilməsini dövlət orqanlarının vacib vəzifəsi kimi  irəli sürür. Dövlət orqanları ilə xalq arasında etibarlı ünsiyyət vasitəsi olan  müraciətlər həmişə diqqət mərkəzində saxlanılmaqla onlara diqqət gündən-günə artırılır. Hazırda respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin müxtəlif regionlarda keçirdikləri səyyar qəbullar  ictimaiyyət tərəfindən  müsbət qarşılanır.

 

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair ölkə başçısının tapşırıqlarının icrası ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılmış, prokurorluq orqanları ilə vətəndaşların  qarşılıqlı ünsiyyətinin asan və səmərəli  forması olan  "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə bu dövr ərzində - 3237 müraciət  daxil olmuşdur. İdarədə araşdırılmış 219 müraciətdən 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmışdır. Korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir. Digər müraciətlər "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanunun 10-1-ci maddəsinin tələblərinə müvafiq olaraq  aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müvafiq nazirlik, dövlət komitəsi və digər qurumlara göndərilmişdir. Aidiyyəti üzrə baxılması üçün göndərilmiş müraciətlər üzrə alınmış cavablardan görünür ki, bir sıra şikayətlər əsaslı hesab olunmaqla vətəndaşların pozulmuş hüquqları bərpa edilməklə təmin edilmiş, cinayət məsuliyyəti yaratmayan korrupsiya hüquqpozmalarına, süründürməçiliyə yol vermiş vəzifəli və digər cavabdeh şəxslər barəsində intizam tənbeh tədbirləri görülmüşdür.

 

Vətəndaşların  problemlərinin həllinə  göstərilən  qayğı və diqqətin nəticəsidir ki, keçən ilin müvafiq  dövrünə nisbətən  bu ilin  birinci yarısında  müraciətlərin sayı azalmışdır. Xüsusi qeyd olunmalıdır ki, şikayətlərin azalmasının əsas səbəblərindən biri "ASAN" xidmət mərkəzlərinin fəaliyyətə başlamasıdır.

 

 

 

Qabaqlayıcı tədbirlər

 

 

 

Qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq korrupsiya cinayətləri və hüquqpozmaları yayılmış sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla  preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilmişdir.

 

Belə ki, idarə tərəfindən müvafiq təhlillər aparılmaqla  korrupsiyaya daha çox məruz qalan sahələr müəyyənləşdirilmiş, həmin sahələrdə korrupsiyanı doğuran səbəb və şərait, onların aradan qaldırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə  göndərilmişdir. Həmçinin bilavasitə məmur-vətəndaş təmas nöqtələrinin aradan qaldırılması, dövlət orqanlarının elektron xidmətlər göstərməsi imkanlarının genişləndirilməsinə dair təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət qurumlarına təqdim edilmişdir.  

 

İdarəyə daxil olmuş cinayət haqqında məlumatların və bir sıra cinayət işlərinin araşdırılması və istintaq təcrübəsi zamanı əldə edilmiş məlumatlar, eləcə də kütləvi informasiya vasitələrində verilmiş  yazılar və verilişlər son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini göstərmişdir.

 

Bu səbəbdən idarə tərəfindən preventiv xarakterli tədbirlərin görülməsi istiqamətində işlərin davamı olaraq "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması  yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir. Əhalinin sosial müdafiə sahəsində müraciətləri üzrə ümumiləşdirmə aparılaraq xarakterik pozuntular müəyyənləşdirilmiş, onların başvermə səbəbləri araşdırılmışdır. Ünvanlı dövlət sosial yardımının təyin olunması, ödənilməsi, əlilliyin müəyyən edilməsi  sahəsində mövcud korrupsiya hüquqpozmalarının aradan qaldırılması, bu sahədə şəffaflığın artırılması,  konkret tədbirlərin həyata keçirilməsi barədə təkliflər  hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

 

İqtisadiyyatın müxtəlif  sektorlarında çalışanların  bir qisminin  qeyri-qanuni işləməsi, yəni maaşlarının qeyri-leqal şəkildə  verilməsi kimi pozuntulara yol verən fiziki və hüquqi şəxslərlə mübarizə tədbirlərinin kəsəri artırılmışdır. Konkret müraciətlər üzrə araşdırmalar zamanı vətəndaşların əmək hüquqlarının pozulması, işə götürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi kimi  hüquqpozmalara yol verilməsi nəticəsində dövlət büdcəsinə daxilolmaların azaldılması  faktları üzrə müvafiq tədbir görülməsi təmin edilməklə  bir sıra vəzifəli şəxslər barəsində inzibati icraat başlanılaraq baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilmişdir. Eyni zamanda, vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun "yaxın qohumların birgə işləməsinə yol verilməməsi" və sair  tələblərinin pozularaq cinayət xarakteri daşımayan  pozuntular üzrə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi üçün təqdimatlar verilmişdir. Ümumiyyətlə, "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə müvafiq olaraq  idarə tərəfindən aparılmış araşdırmalar zamanı qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və bir daha təkrarlanmamasına   dair  müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə  təqdimat verilməsi kimi qabaqlayıcı tədbirlərin ənənəvi  formasından geniş istifadə olunmuşdur.

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin normaları, orada korrupsiya pozuntularına şərait yaradan məqamların olması baxımından öyrənilmiş və müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

 

 

 

Cinayət təqibi

 

 

 

İxtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin tərkibində 2011-ci ildən başlayaraq əməliyyat qurumlarının fəaliyyət göstərməsi latent xarakterli cinayətlərin aşkar edilməsi işində mühüm rol oynamaqda davam edir. Belə ki, hazırlanan cinayətlər barədə   daxil olmuş müraciətlər üzrə həyata keçirilmiş təxirəsalınmaz və operativ əməliyyat tədbirləri nəticəsində 2013-cü ilin 1-ci yarımilində korrupsiya cinayətləri törətmiş 25 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 16 cinayət işi başlanılmışdır. Ümumiyyətlə korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan və əsasən gizli xarakter daşıyan rüşvətxorluq cinayətlərinin aşkar edilməsi istiqamətində tədbirlər daha da gücləndirilmişdir.

 

2013-cü ilin birinci yarımilliyi ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 166 müraciət üzrə 129 cinayət işi başlanılmışdır.

 

2013-cü ilin birinci yarımili ərzində idarənin İstintaq şöbəsində 265 cinayət işinin ibtidai araşdırılması həyata keçirilmişdir. Həmin cinayət işləri əsasən rüşvətvermə (aktiv rüşvətxorluq), rüşvətalma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma,  mənimsəmə və israfetmə, səhlənkarlıq, dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

 

2013-cü ilin birinci yarımili ərzində İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılmış, təqsirləndirilən şəxslərdən bəraət alanı olmamışdır. İstintaqı başa çatdırılmış  cinayət işləri üzrə  3 357 497 manat dəyərində əmlak üzərinə  həbs qoyulması təmin edilmişdir. İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.961 090,35 manat ziyanın ödənilməsi təmin edilmişdir.

 

 

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası və digər dövlət orqanları ilə əməkdaşlıq

 

 

 

Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşdırılmış  orqan  Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası ilə sıx əməkdaşlıq hesabat dövrü ərzində də davam etdirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən ayrı-ayrı sahələr üzrə korrupsiyanın vəziyyəti, bu və ya digər sahələr üzrə səffaflığın artırılmasına dair təkliflər, ümumiləşdirmələr, Korrupsiyaya qarşı mübarizəyə dair  Milli Fəaliyyət Planının icrasına dair məlumatlar komissiyaya təqdim edilmiş, əməkdaşlığın səmərəli formalarından olan birgə treninq, seminarların təşkilindən geniş istifadə edilmişdir.

 

Təhsil sahəsində yol verilmiş korrupsiya hüquqpozmaları və cinayət işlərinin istintaqı üzrə təhlillər aparılmaqla, bu kateqoriyadan olan pozuntuların səbəbləri və onların aradan qaldırılmasına dair təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyasına təqdim edilmişdir. Korrupsiyaya qarşı mübarizə Komissiyasının  sədri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə cari il yanvar ayının 26-da təhsil problemlərinə həsr olunmuş geniş iclasda təhsil sahəsində  qanunsuzluqların  aradan qaldırılmasının  həlli yolları müzakirə edilmişdir.

 

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar idarə əməkdaşları tərəfindən "İnformatorların (korrupsiya halları haqqında məlumat verən şəxslərin) müdafiəsi haqqında" qanun layihəsi, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin  cinayət-prosessual  qanunvericiliyə daxil edilməsi,  korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vəzifəli şəxslərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması, korrupsiyaya qarşı mübarizədə  əməliyyat-axtarış tədbirlərinin  səmərəliliyinin artırılması, şahidlərin və cinayət təqibini həyata keçirən  orqanlarla əməkdaşlıq  edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə təkliflər və bununla əlaqədar qanunvericiliyə dəyişiklik və əlavələr edilməsi barədə qanun layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, idarədə dövlət orqanları tərəfindən aparılan elektron məlumat bazalarından real vaxt rejimində istifadənin təmin edilməsi  ilə əlaqədar hazırlanmış müvafiq normativ hüquqi aktlar və qanunvericiliyə dəyişikliklərin layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin birinci yarımilində də korrupsiyaya qarşı mübarizənin daha kəsərli aparılması üçün bütün dövlət orqanlarının birgə səylərinin tələb olunmasını nəzərə alaraq   prokurorluq  digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etmişdir.

 

Belə ki, bu müddət ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə digər hüquq-mühafizə orqanları - Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirlikləri və Dövlət Miqrasiya Xidmətindən ümumilikdə cinayət xarakterli 26 məlumat daxil olmuşdur. Həmin məlumatlar əsasında aparılmış araşdırmalar nəticəsində 24 cinayət işi başlanmışdır. Bu müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə başda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası olmaqla digər dövlət qurumları ilə işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

 

2013-cü il 18-19 fevral tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) və "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə "Kompyuter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda keçirilmiş elmi-praktik seminarda iştirak edən idarə əməkdaşları mövzu ətrafında səmərəli fikir mübadiləsi aparmışlar.

 

2013-cü il 26 aprel tarixdə Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2013-cü il 21 yanvar tarixli 2679 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı" çərçivəsində "Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu" mövzusunda keçirilmiş elmi-praktiki simpoziumda "İqtisadi cinayətkarlığa qarşı mübarizə: mövcud vəziyyət və qarşıda duran problemlər" mövzusu ilə çıxış edən idarənin əməkdaşı ulu öndərin iqtisadi siyasətdə şəffaflığın təmin edilməsinə yönəlmiş ardıcıl və sistemli tədbirlərin ölkəmiz üçün əhəmiyyətini vurğulamış, bu sahədə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat vermişdir.

2013-cü il 30 aprel tarixdə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 6.4-cü bəndinə əsasən, 2013-2014-cü illərdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılması ilə əlaqədar keçirilmiş tədbirdə statistik məlumat bazasında yer alacaq məlumatların, məlumat bazası formatının və elektron-texniki əsasının, habelə vahid statistik məlumat bazasının yaradılmasına dair digər məsələlərin birgə müzakirəsi keçirilmişdir.

 

 Səmərəli beynəlxalq əməkdaşlıq

 

 

 

Prokurorluq orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumlarla, habelə digər dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanları ilə işgüzar və səmərəli əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verilir.

Ölkə başçısı tərəfindən 2012-ci il 29 iyun tarixdə Azərbaycan Respublikasının "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" Sazişə qoşulması barədə Azərbaycan Respublikası Qanununun imzalanması bu beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə vermişdir.

2012-ci il 29-30 noyabr tarixlərdə Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin  iştirakı ilə ilk iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 60-dan çox ölkə və təşkilatın nümayəndələrinin, beynəlxalq müşahidəçilərin iştirak etdiyi assambleyada çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru korrupsiyaya qarşı mübarizənin Prezident  İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasının həyata keçirildiyini, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırmış, ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini vurğulamışdır.

Azərbaycan korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə   təşviqi məqsədilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından  biri kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının ədliyyə naziri bu beynəlxalq təşkilat yarandığı dövrdən qurumun vitse-prezidenti kimi  uğurlu fəaliyyət göstərir. Ölkəmizin nümayəndəsinin təşkilatın rəhbərliyində təmsil olunması ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  korrupsiyaya qarşı mübarizə  sahəsində  həyata keçirilən uğurlu siyasətə verilən yüksək qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Benəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti kimi təşkilatın aprelin 8-10-da Nyu-Delidə təşkil olunmuş İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir.  İclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və bu sosial bəla ilə qlobal səviyyədə mübarizənin gücləndirilməsi, antikorrupsiya orqanları fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə çevikliyin təmin olunması və digər aktual məsələlər müzakirə olunmuş, assosiasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərə, o cümlədən ölkəmizin ekspertlərinin iştirakı ilə hazırlanmış İAACA-nın Strateji Proqramına baxılmışdır. İAACA-nın vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri mühüm təşkilati məsələlərə dair əsas məruzəçi qismində çıxış edərək konkret təkliflər irəli sürmüş və müzakirələrin nəticəsi üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

2013-cü il 12-14 aprel tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyətinin  Azərbaycan Respublikasında rəsmi səfəri qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

Səfər zamanı Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) prezidenti Çao Cianminq Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokuror Zakir Qaralovla görüş keçirmiş və müzakirələrin nəticəsi olaraq ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Anlaşma Memorandumu" imzalanmışdır. Eyni zamanda, Azərbaycan Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu  arasında Beynəlxalq Prokurorlar Assosiasiyası və İAACA çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanmış, 2008-ci ilin mart ayında İAACA-nın İcraiyyə Komitəsinin iclasının və beynəlxalq konfransın Bakıda keçirilməsi müsbət hal kimi dəyərləndirilmişdir.

2012-ci il 10-11 dekabr tarixlərdə Azərbaycan Respublikasının iştirakçısı olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Paris şəhərindəki qərargahında "Şərqi Avropa və Mərkəzi Asiyada  siyasi iradəyə təkan verilməsi" mövzusunda keçirilmiş yüksək  səviyyəli görüçündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  Hüquq-Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri  Fuad Ələsgərovun  rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  ölkəmizin  davamlı iqtisadi inkişafını  təmin etmək məqsədilə  korrupsiyanın qarşısının alımasına  yönəlmiş möhkəm  siyasi iradə nümayiş  etdirdiyini vurğulamaqla  korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks islahatlar barədə  məlumat vermişdir. Cənab Fuad Ələsgərov həmçinin  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirilməsinə  başlanlmasını dəstəkləmiş və Bakı şəhərində  keçirilməsi planlaşdırılan  Monitorinq Missiyasının səfəri ilə  əlaqədar zəruri tədbirlərin görüləcəyini bildirmişdir.

Bunun  nəticəsi olaraq 2013-cü il 3-7 iyun tarixlərdə Azərbaycan Respublikasının iştirakçısı olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində həmin qurumun Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ali Məhkəmə, Bakı Apelyasiya və Bakı Ağır Cinayətlər Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, həmçinin Qeyri-hökumət təşkilatlarının Məlumat şəbəkəsinin nümayəndələri ilə səmərəli və işgüzar görüşlər keçirmişlər. Həmin görüşlər zamanı ölkəmizin OECD-nin verdiyi tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, ölkəmizdəki korrupsiyaya qarşı mübarizə səviyyəsinin mövcud durumu və qarşıda duran institusional islahatlar və perspektivlər müzakirə edilmiş, nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır.

Keçirilmiş görüşlərdə nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq göstərilməsinin zəruriliyi vurğulanmış, eyni zamanda, son illərdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdində "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, habelə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Ötən dövr ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə əlaqələr genişləndirilmiş, qurumun Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları mütəmadi olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamış və zəruri tədbirlərin görülməsini təmin etmişlər. GRECO tərəfindən ünvanlanmış son hesabat layihəsində ölkəmizə korrupsiya cinayətlərinin kriminallaşdırılması və siyasi partiyaların maliyyələşdirilməsi üzrə verdiyi 17 tövsiyədən idarə tərəfindən kriminallaşdırma sahəsində icra edilməmiş səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvətverən şəxslərin cəzadan avtomatik və tam olaraq azad edilməsi məsələsinə dair  müvafiq normativ-hüquqi aktların layihələri hazırlanmışdır.

Cari ilin aprel-may ayları ərzində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 2012-ci ilin iyun sessiyasında qəbul etdiyi qərara əsasən, Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Katibliyi ilə danışıqlar aparılmaqla sözügedən dövlətin özünü dəyərləndirmə hesabatının qiymətləndirilməsi üzrə iş bölgüsü aparılmışdır. İşin böyük hissəsini təşkil edən Meksikanın cinayət qanunvericiliyində korrupsiyanın kriminallaşdırılması vəziyyəti və hüquq-mühafizə sisteminin dəyərləndirilməsi Azərbaycan tərəfindən öz üzərinə götürülmüşdür. Qeyd olunan həcmli hesabat idarənin böyük prokuroru tərəfindən öyrənilərək müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi hazırlanmış və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Katibliyinə göndərilməklə müzakirə edilmişdir.

Prokurorluq əməkdaşları həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Şurasının MONEYVAL komitəsi, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və digər nüfuzlu qurumların  təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən antikorrupsiya tədbirləri, məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışlar.

 

 

 

Vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlıq, ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə tədbirləri

 

 

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində  vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdaşların  cəlb edilməsi kimi  vəzifələrin həyata keçirilməsi istiqamətində  müvafiq işlər görülməklə bu sahədə  sıx münasibətlərin qurulmasına xüsusi önəm verilir.

Vətəndaş cəmiyyətinin üzvləri  idarənin təşkilatçılığı ilə  keçirilən tədbirlərə daim dəvət olunur, eyni zamanda, idarənin  əməkdaşları onların təşkil etdikləri beynəlxalq tədbirlərə, seminarlara  treninqlərə qatılırlar. Belə ki, "Şəffaf Azərbaycan" Korrupsiyaya qarşı mübarizə İctimai Birliyi tərəfindən 2013-cü il 11 mart tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı ilə "Sosial təminat sistemində ünvanlı sosial yardımın rolu",  2013-cü il 29 aprel tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə  birgə "Daşınmaz əmlakın qeydiyyatında şəffaflığın təminatı", 2013-cü il 28 iyun tarixdə "Bakıelektrikşəbəkə" ASC-nin iştirakı ilə "Elektrik enerjisi təchizatı sahəsində problemlər və onların həlli yolları" mövzularında təşkil olunmuş "dəyirmi masa"da iştirak edən idarə əməkdaşları  vətəndaş cəmiyyəti institutlarının digər nümayəndələri ilə qeyd olunan sahələrdə  əhaliyə göstərilən elektron xidmətlərin səviyyəsi, bu sahədə şəffaflığın artırılması, qanunvericiliyin tətbiqi təcrübəsinə dair müzakirələr aparmışlar.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında imzalanmış  Əməkdaşlıq Memorandumu  müxtəlif istiqamətlər üzrə uğurla icra olunur. Davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı  dözülməz münasibətin - vətəndaş mövqeyinin  formalaşdırılması üçün antikorrupsiya  biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması bu əməkdaşlığın bariz nümunələrindəndir. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin nümayəndələri ilə müxtəlif telekanallarda "Korrupsiyaya yox" layihəsi çərçivəsində  təşkil olunmuş verilişlərdə ayrı-ayrı sahələrdə korrupsiyanın vəziyyəti, ona qarşı birgə mübarizə tədbirləri mövzularında  müzakirələrdə iştirak edirlər. Bu dövrdə "AzTV" və "İctimai" televiziyada idarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri və istintaqı aparılan cinayət işləri barədə ictimaiyyətə mütəmadi məlumatlar verilmişdir.

İdarə tərəfindən  korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində əhalinin müxtəlif təbəqələri üçün aryı-ayrı sahələr üzrə bələdçilər, yaddaş kitabçaları,  korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə əks etdirən bülleten, buklet, kitablar, metodiki vəsaitlər hazırlanması işi həyata keçirilmişdir. Görülmüş işlərin yekunlarına həsr olunmuş yarımillik və illik mətbuat konfranslarının təşkili, idarə əməkdaşlarının televiziya kanalları, internet saytlarında vətəndaşları maraqlandıran sualları cavablandırması ənənə halını almışdr.

 

 

 

Korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək qiymətləndirilir

 

 

Təsadüfi deyil ki, bu gün  dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları  ən uca tribunalardan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində  əldə etdiyi uğurlar  barədə yüksək fikirlər səsləndirirlər.

Avropa Komissiyası üçün statistik tədqiqatlar aparan "Eurobarometr" agentliyinin 2012-ci ildə Avropa Birliyinə üzv olan bütün 27 ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, avropalıların təxminən 75 faizi korrupsiyanı ölkəsinin əsas problemi sayır. Yarısı isə son illər korrupsiyanın səviyyəsinin artdığını düşünür. Rəyi soruşulanların yarısı düşünür ki, son 3 ildə korrupsiyanın səviyyəsi xeyli artıb. Respondentlərin üçdəikisi əmindir ki, korrupsiya ölkənin maliyyə sisteminin bir hissəsidir. 8 faiz isə ötən il onlardan rüşvət istənildiyini deyib.

Avropa Birliyinin daxili işlər üzrə komissarı Cecilia Malmstrom bəyan edib ki, korrupsiya ölkəni daxildən dağıdan, demokratik institutlara inamı sarsıdan, siyasi rəhbərliyin məsuliyyətini azaldan bir xəstəlikdir. Bu, mütəşəkkil cinayətkar qrupların əlində oyundur. Korrupsiya nəticəsində Avropa Birliyinə dəyən iqtisadi zərər ildə 120 milyard avro qiymətləndirilir. Xüsusi vurğulamaq yerinə düşər ki, Avropanın ən aparıcı ölkələrinın korrupsiya "bəlasından" əziyyət çəkdiyi, maliyyə böhranı nəticəsində korrupsiya hüquqpozmalarının daha əcaib formalarda  təzahür etdiyi bir vaxtda Azərbaycanda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir.

Ölkə başçısının rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində hökumət  qurumlarının yorulmaz səyləri nəticəsində "Transparensy İnternational" təşkilatının "2013-cü il Qlobal Korrupsiya  Barometri" hesabatında ölkəmizin  korrupsiyaya qarşı mübarizə sahəsində  ciddi irəliləyişlər etdiyi bir daha təsdiq olunmuşdur. Hesabatın nəticələrinə əsasən, respondentlərin 68 faizi korrupsiyaya qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən  mübarizə tədbirlərini səmərəli hesab edir. Azərbaycanın göstəriciləri  dünya ölkələri üzrə  müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə artıqdır. Dünya üzrə respondentlərin 50 faizindən çoxu korrupsiyanın səviyyəsinin son iki ildə artmış olduğu qənaətinə gəldiyi halda, Azərbaycanda respondentlərin 73 faizi  respublikamızda korrupsiyanın səviyyəsinin artmadığını qeyd etmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti  cari il iyulun 15-də regiona ilk səfəri çərçivəsində Bakıda keçirilən mətbuat konfransında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını xüsusi qeyd etmişdir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin mötəbər beynəlxalq təşkilatlar tərəfindən vurğulanması Vətənini, xalqını sevən hər bur vicdanlı vətəndaşda qürur hissi yaratmalı olduğu halda, təəssüf ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər tərəfindən bu nailiyyətlərə kölgə salmağa uğursuz cəhdlər edilir. Bu kimi cəhdlər əssasız olduğu üçün daim iflasa uğrayacaq və belə çağırışların məhz indiki halda səsləndirilməsi qazanılmış uğurlara qısqanclıqla yanaşmanın göstəricisidir. İyul ayının 16-da ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası (Helsinki Komissiyası) tərəfindən keçirilən brifinqdə "Milli Şura"nın icra aparatının rəhbəri Eldar Namazovun ölkədə baş verən korrupsiya  faktları ilə bağlı  Baş prokurorluğa müraciət etməsi və bu faktların araşdırılması barədə cağırışlarına cavab olaraq bildirmək istəyirəm ki, korrupsiyaya qarşı mübarizə məsələlərindən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Prosessual müstəqilliyə malik dövlət orqanı kimi prokurorluq  hər hansı bir siyasi  partiya və ya ictimai təşkilatın diqtəsi olmadan araşdırmaları qanunvericiliklə müəyyən olunmuş qaydada və üsullarla həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran  vəzifələrə həsr olunmuş  iclasında korrupsiya və rüşvətxorluğa  qarşı mübarizənin gözəl səmərə verdiyini  qeyd etməklə yanaşı, bu  istiqamətdə  sistem xarakterli tədbirlərin davam etdiriləcəyini bildirmiş, eyni zamanda, bütün xoşagəlməz halların aradan götürülməsini, hər bir dövlət məmurunun  korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalı olduğunu vurğulamış,  korrupsiyaya qarşı mübarizə  göstəricilərinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdə olmasını bir vəzifə kimi müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının  Baş  prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi dövlət başçısı tərəfindən prokurorluğa göstərilən yüksək etimada, onun tapşırıq və tövsiyələrinə  müvafiq olaraq  bundan sonra da respublikamızın  digər hüquq-mühafizə  orqanları ilə əlaqəli şəkildə  korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin  məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran  səbəb və şəraitin  müəyyən edilməsi istiqamətində  zəruri tədbirlərin davam etdirilməsini təmin edəcəkdir.

 

 

 

Kamran ƏLİYEV,

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan $g 2013.- 23 iyul.- S.7,8.