Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən seçkilərdə

 (referendumda) istifadə edilməsi qaydaları haqqında TƏLİMAT

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/34 saylı Qərarı ilə təsdiq edilmişdir

 

 Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikasında bələdiyyələrin seçkilərində və Referendumda Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadə edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 110-cu maddəsi ilə və bu Təlimatla tənzimlənir.

1. DAİS-dən istifadəyə dair ümumi tələblər

1.1. DAİS seçki (referendum) (bundan sonra - seçki) prosesində məlumat bazalarının yaradılması və idarə olunması, dairə və məntəqə seçki komissiyalarının tərkibi və üzvləri, seçki dairə və məntəqələrinin hüdudları və dislokasiyaları, seçicilər və onların siyahıları, seçicilərin seçkilərdə iştirak fəallığı, seçkilərin nəticələri və yekunları barədə aşağı seçki komissiyalarının məlumatlarının şəbəkə daxilində operativ, birbaşa və təhlükəsiz ötürülməsi proseslərinin, habelə bazadakı məlumatların mühafizə edilməsi, yenidən işlənməsi, axtarışı və təhlilinin həyata keçirilməsini təmin edir.

1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi DAİS-in fasiləsiz, təhlükəsiz və keyfiyyətli işini təmin edir, dairə və məntəqə seçki komissiyaları tərəfindən bazalara məlumatların daxil edilməsi, yenilənməsi, ötürülməsi və saxlanması proseslərinin həyata keçirilməsinə metodiki yardım göstərir. Dairə seçki komissiyalarında qeyd olunan əməliyyatlar müvafiq komissiyanın katibliyinin aparıcı məsləhətçisi (kompyuter operatoru) tərəfindən yerinə yetirilir.

1.3. İş prosesində DAİS-ə qoşulmuş kompyuterlərdə yarana biləcək hər hansı bir problemin qısa müddət ərzində aradan qaldırılması və DAİS-ə qoşulmanın dərhal bərpa edilməsi üçün dairə seçki komissiyalarının istifadəsində qoşulmaya tam hazır vəziyyətdə ehtiyat kompyuterlərin olması nəzərdə tutulur.

1.4. Seçki Məcəlləsinin 46.11-ci və 46.12-ci maddələrinə uyğun olaraq seçici siyahıları aşağı seçki komissiyaları tərəfindən təsdiq edildikdən sonra, həmin məlumatlar əsasında Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən DAİS-dən istifadə edilməklə tərtib olunaraq (iki variantda - divarstolüstü)  çap edilir.

2. Nəzarət qruplarının yaradılması və fəaliyyətinə dair tələblər,  onların üzvlərinin hüquq və vəzifələri

2.1. Seçki günü DAİS-dən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilməsinə nəzarət məqsədilə müvafiq seçki komissiyası tərəfindən  onun həlledici və məşvərətçi səs hüquqlu üzvlərindən ibarət tərkibdə nəzarət qrupu yaradılır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr kompleksinin işə hazır olmasını, seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarından çıxarılan və sistemə daxil edilən məlumatların, habelə protokola əlavə edilmiş məlumatların düzgünlüyünü yoxlayır, bu Təlimatın, seçki qanunvericiliyinin və digər hüquqi aktların tələblərinə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamenti və planları ilə informasiya sistemindən istifadə üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya sistemləri üzrə mütəxəssisləri öz işinə cəlb edə bilər.

2.2. Nəzarət qrupu üzvlərinin aşağıdakı hüquqları vardır:

2.2.1. texniki rabitə kanalı ilə seçki komissiyalarına verilən hər hansı məlumatla tanış olmaq;

2.2.2. DAİS-in texniki sənədləşdirilməsi və sistemin texniki işçilərinin vəzifələrinə uyğun fəaliyyəti barədə izahat tələb etmək;

2.2.3. DAİS vasitəsilə və əllə işlənmiş məlumatları müqayisə etmək;

2.2.4. sistemin işçi heyətinin hər hansı birinin və müşahidəçilərin hərəkətləri qanunazidd olduqda seçki komissiyasının sədrini məlumatlandırmaq, pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin proseslərdən kənarlaşdırılması barədə təklif vermək.

2.3. Nəzarət qrupu üzvlərinin aşağıdakı vəzifələri vardır:

2.3.1. qanunvericiliyə uyğun fəaliyyət göstərmək;

2.3.2. komissiyaların normal fəaliyyətinə mane olmamaq.

2.4. Nəzarət qrupunun keçirdiyi yoxlamanın nəticələri müvafiq seçki komissiyasının cari sənədlərində əks olunmalıdır.

3. Məlumatların DAİS-ə daxil edilməsi, mühafizəsi,  ötürülməsi və ictimailəşdirilməsi

3.1. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hesabat saatlarına uyğun olaraq seçicilərin fəallığı barədə, habelə seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair seçki məntəqələrindən daxil olmuş məlumatlar yoxlanıldıqdan sonra təxirəsalınmadan müvafiq dairə seçki komissiyasının katibliyinin aparıcı məsləhətçisinə (kompyuter operatoruna) təqdim olunmalıdır.

3.2. Seçki komissiyalarından alınan məlumatlar bu Təlimatın 1 saylı əlavəsinə və seçki protokollarının forma və məzmununa uyğun olaraq DAİS-ə daxil edilir və həmin məlumatların düzgünlüyünün rəsmi təsdiqlənməsi üçün çap olunaraq nəzarət qrupuna təqdim edilir.

3.3. Nəzarət qrupunun üzvləri və məlumatların DAİS-ə daxil edilməsinə məsul olan şəxs (kompyuter operatoru) həmin məlumatların düzgünlüyünü imzaları ilə təsdiq etdikdən sonra İnformasiya Mərkəzinə ötürür.

3.4.  Məntəqələrdən daxilolma intensivliyinə əsasən məlumatlar eyni hesabat saatlarına uyğun olaraq tamya hissə-hissə də ötürülə bilər.

3.5. DAİS vasitəsilə yuxarı seçki komissiyalarından aşağı seçki komissiyalarına məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı informasiyanın ötürülməsi qadağandır.

3.6. Seçki komissiyasının üzvlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin və müşahidəçilərin DAİS-ə daxil edilən, oradan çıxarılan hər hansı məlumatla qanunvericiliklə müəyyən edilmiş qaydada, operatorun işinə mane olmamaq şərtilə tanış olmaq hüququ vardır. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinin tələbləri nəzərə alınmalıdır.

3.7. Seçicilərin səsvermədə iştirakı və səsvermənin nəticələri (yekunları) barədə DAİS vasitəsilə ötürülən məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab olunur.

3.8. Seçki komissiyasında saxlanılan səsvermənin nəticələrinə dair protokola DAİS-ə daxil edilmiş məlumatların çap olunmuş variantda mətni də əlavə edilir.

3.9. Seçicilərin seçkilərdə iştirakı, səsvermənin ilkinyekun nəticələri barədə DAİS-ə daxil edilmiş məlumatların ictimailəşdirilməsi üçün müvafiq tədbirlər görülür.

4. Yekun müddəalar

4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 16 iyul 2003-cü il tarixli 15/87 saylı Qərarı ilə təsdiq edilmiş "Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında" Təlimat qüvvədən düşmüş hesab edilir.

 

 

Azərbaycan.-2013.- 23 iyul.- S.9.