Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
seçkilərdə (referendumda) iştirakına dair
TƏLİMAT
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının
18 iyun 2013-cü il tarixli 6/48
saylı Qərarı ilə təsdiq edilmişdir
Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakı qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra - Seçki Məcəlləsi) və bu Təlimatla tənzimlənir.
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, seçkilərin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış və Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər seçkilərdə (referendumda) (bundan sonra - seçkilərdə), əcnəbilər isə yalnız bələdiyyələrə seçkilərdə səsvermə hüququna malikdirlər.
1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilər bələdiyyələrə seçkilərin keçirildiyi gün (həmin gün də daxil olmaqla)18 yaşına çatdıqda və bələdiyyələrə seçkilərin təyin edilməsinədək (seçkilərin təyin edilməsi ili də daxil olmaqla) 5 ildən az olmayaraq müvafiq bələdiyyənin ərazisində yaşadıqda o şərtlə səsvermədə iştirak edə bilərlər ki, onların vətəndaşı olduqları ölkələrdə bələdiyyələrə seçkilərdə əcnəbilərin eyni hüquqları tanınmış olsun.
1.3. Bu Təlimatın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən tələblərdən hər hansı birinə cavab verməyən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər səsvermədə iştirak edə bilməzlər.
1.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan səxslər və əcnəbilər seçkilər zamanı səsvermədə iştirak etmək istisna olmaqla, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak edə bilməzlər.
1.5. Vətəndaşlığı olmayan şəxslər səsvermədə iştirak edərkən onların şəxsiyyətini müəyyən etməyə imkan verən əsas sənəd 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsidir. Əcnəbilər isə səlahiyyətli orqan tərəfindən qanunla müəyyən edilmiş formada verilən əcnəbinin şəxsiyyətini təsdiq edən müvafiq sənəd əsasında səsvermədə iştirak edirlər. Həmin şəxslərin Azərbaycan Respublikasında 5 ildən az olmayaraq yaşaması faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya onun şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri tərəfindən təqdim olunan siyahı və ya müvafiq icra orqanlarının verdiyi sənədlərlə təsdiq edilə bilər.
1.6. Səsvermə günü bu Təlimatın 1.5-ci bəndində göstərilən sənədlər müvafiq seçicilərin şəxsiyyətini təsdiq edən sənəd hesab edilir və həmin şəxslərin səs vermələri üçün mütləq müvafiq məntəqə seçki komissiyası üzvlərinə təqdim edilməlidir.
2. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçici siyahılarına daxil edilməsi və siyahıdan çıxarılması qaydaları
2.1. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin müvafiq seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi Seçki Məcəlləsinin 12-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin şəxslərin müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktına əsasən həyata keçirilir. Bu fakt vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qeydiyyatını həyata keçirən orqan tərəfindən müəyyən edilir.
2.2. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslərin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Seçki Məcəlləsində Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq dairə seçki komissiyasına təqdim edilir.
2.3. Xarici vətəndaşlara bələdiyyə seçkilərində iştirak etmək hüququ verən ölkələrin siyahısı müəyyən edildikdən sonra səsvermə hüququna malik olan əcnəbilərin siyahıları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və onun şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri tərəfindən səsvermə gününə azı 30 gün qalmışadək dairə seçki komissiyalarına təqdim edilir.
2.4. Dairə seçki komissiyası səsvermə gününə azı 25 gün qalmışadək Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin siyahılarının onların yaşayış yeri üzrə məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir.
2.5. Siyahılar üzrə göstərilən şəxslərin adlarının dəqiqləşdirilməsi və müvafiq düzəlişlərin edilməsi səsvermə gününə azı 25 gün qalmışadək Seçki Məcəlləsində müəyyən edilmiş qaydada məntəqə seçki komissiyası tərəfindən həyata keçirilir.
2.6. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məntəqə seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin 46-cı maddəsində göstərilən qaydada seçicilərin daimi siyahısına daxil edilir və adlarının qarşısında seçki komissiyasının katibi tərəfindən xüsusi qeyd aparılır.
2.7. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçicilər siyahısına daxil edilməsi, seçici siyahısından çıxarılması, onlara qeydiyyatdançıxma vəsiqələrinin verilməsi, seçicilər siyahısı ilə tanış edilməsi seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları üçün Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalara uyğun həyata keçirilir.
2.8. Seçici siyahıları təsdiq edildikdən sonra göstərilən şəxslər seçici siyahısından rəsmi sənədlər əsasında, habelə Seçki Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir.
3. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə iştirakla bağlı hüquqları
3.1. Vətəndaşlığı olmayan şəxslər və əcnəbilər seçkilərdə iştirakla bağlı aşağıdakı hüquqlara malikdirlər:
3.1.1.
səsvermə günü müvafiq seçki məntəqəsinin
ərazisində seçici kimi səsvermədə iştirak
etmək;
3.1.2. Seçki Məcəlləsinin 48-ci maddəsində göstərilən qaydada seçici siyahıları ilə tanış olmaq, seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat vermək;
3.1.3. seçki hüquqlarının pozulması ilə bağlı şikayətlə Seçki Məcəlləsinin 112-ci maddəsində göstərilən müddətdə və qaydada müvafiq seçki komissiyalarına müraciət etmək.
4. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə iştirakla bağlı vəzifələri
4.1. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə iştirakla bağlı aşağıdakı vəzifələri vardır:
4.1.1. mətbuat azadlığına hörmət bəsləmək;
4.1.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, siyasi partiyaların (siyasi partiyalar bloklarının) seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
4.1.3. seçkiqabağı (referendumqabağı) (bundan sonra - seçkiqabağı) təşviqat materiallarının yayılmasına mane olmamaq;
4.1.4. seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
4.1.5. seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
4.1.6. seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
4.1.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
4.1.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
4.1.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
4.1.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
4.1.11. seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;
4.1.12.
seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə
hörmət etmək, seçkilərlə bağlı hər
bir şikayəti səlahiyyətli orqana təqdim etmək və
həmin orqanın bu şikayətlə bağlı qərarına
riayət etmək;
4.1.13. hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;
4.1.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;
4.1.15. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
4.1.16. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
4.1.17. təzyiq göstərməklə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
4.1.18. heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
5. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin fəaliyyətində tətbiq olunan qadağalar
5.1. Seçkilərin təşkili və həyata keçirilməsi zamanı vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə aşağıdakılar qadağandır:
5.1.1. seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, seçki kampaniyalarında iştirak etmək;
5.1.2. referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək;
5.1.3. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək.
5.2. Göstərilən tələblərə riayət etməmə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
5.3. Bu Təlimatın 5.1.1-ci - 5.1.3-cü bəndlərində göstərilən qadağalar vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmamalıdır.
6. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin səsvermədə iştirakı
6.1. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə səs verməsi ümumi qaydada təşkil edilərək Seçki Məcəlləsinin 104-cü və 105-ci maddələri ilə tənzimlənir.
6.2. Həmin şəxslər səsvermə hüququnu həyata keçirən zaman Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
7. Yekun müddəalar
7.1.
Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 27
iyun 2003-cü il tarixli 4/26 saylı Qərarı ilə təsdiq
edilmiş "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası
Prezidentinin seçkilərində iştirakına dair" Təlimat,
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 iyul 2005-ci il tarixli 18/72 saylı Qərarı
ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə iştirakına
dair" Təlimat, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/17
saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin
və əcnəbilərin bələdiyyə seçkilərində
iştirakına dair" Təlimat, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il
tarixli 1/4-2 saylı Qərarı ilə təsdiq
edilmiş" Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin referendumda iştirakına dair" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 23 iyul.- S.10.