«Ağ ölüm»ün qara fəsadı
Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.
Bu gün təkcə Meksikada narkomanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində əlləri ilə öz bədən əzalarına ölüm hökmü yazmaqdadır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Bu gün orada 26 milyondan çox insan həmin "ağ ölüm"ün iti caynaqlarında çırpınmaqdadır. Təəssüflər olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Ötən il respublikamızda 26 min 717 nəfər narkoman qeydə alınıb ki, onların da 60 faizdən çoxu gənclərdir. Həmin narkomanların təxminən 70 faizi dispanser uçotundadır. Lakin respublika baş nazirinin müavini, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun dediyi kimi, ölkədə narkomanların sayı yenidən dəqiqləşdirilməlidir. Hazırkı rəqəm reallığı əks etdirmir. Cünki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əldə etdiyi həmin statistik məlumat hüquq-mühafizə orqanlarında cinayət əməlinə görə və Səhiyyə Nazirliyində müalicə üçün qeydiyyata düşən narkotik istifadəçilərinin sayını ümumiləşdirməklə əldə edilib. Unutmamalıyıq ki, bu ağır bəlaya düçar olanların hec də hamısı qeydiyyata düşmür. Düzdür, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda narkotizm o qədər də dəhşətli şəkil almayıb. Ancaq unutmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. Üstəlik, QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromuna) aparan dəhşətli bir yoldur. Yəni, o, gizli şəkildə, sürətlə yayılma xüsusiyyətlərinə malik bir xəstəlikdir. Əgər 9 milyonluq millətimizin içində lap
9 min nəfər də olsa narkoman varsa, deməli, fəlakət uzaqda deyil və bu barədə mütləq həyəcan təbili çalınmalıdır!
Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O vaxt dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya çəpərlərini dağıdıb öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanlarıyla yanaşı, içtimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında sədləyə bilməsə, o, yaxın gələcəkdə böyük içtimai faciələrə gətirib çıxara bilər. Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yenu müharibə və münaqişə oçaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında. Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır.
Ötən il Azərbaycanda narkotik maddələrin qeyri-qanuni becərilməsi, saxlanması və satışı ilə bağlı 1762 fakt aşkar edilib və həmin faktlara istinadən 5785 nəfər həbs olunub. Hətta narkotik istifadəçilərindən 3289 nəfərinə məcburi müalicə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Narkotika nədir? Əhali, xüsusilə yurdumuzun gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etsin deyə bu barədə qısa da olsa söz açmaq istəyirik. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir. Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır. Böyük Fransız təbibi Fransua Moriakın dediyi kimi, "narkomaniya insanın öz ölümündən həzz almasıdır". Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir. Onların arasında QİÇS-ə yoluxanların 70 faizi venadaxili narkotiklərdən istifadə edənlərdir. Hətta narkotiklərdən burun vasitəsilə bir dəfə, yalnız bircə dəfə istifadə ildırım sürətli ölümlə nəticələnə bilər. Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit-C virusu ilə yoluxurlar ki, bu da çox təhlükəli və qarşısı heç bir qüvvə ilə alına bilməyəcək bir xəstəlikdir. Onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicəsi effektli olmur və ölümlə nəticələnir. Narkoman narkotik maddə əldə etmək üçün istənilən cinayəti törətməyə hazır olur. Narkotiklərin əksəriyyəti gənc ikən dünyasını dəyişir. Bəziləri, xüsusilə İİV-ə (insanda immunçatışmazlığı virusuna) və ya Hepatit-C-yə yoluxanlar uzun müddət müalicə alsalar belə, ailələri və cəmiyyət ücün ağır bir yükə və üz qaralığına çevrilirlər. Narkotik aclığı zamanı orqanizmdə baş verən dəyişikliklər əsasən əzələlərin gərilməsi ilə müşahidə olunur. Həmin gərginliyin ilk əlaməti sümük ağrılarıdır. Sonra yuxulu durum başlanır, əhval dəyişir, bədən daxilindəki ətraf ərazilərdə ağırlaşmalar, ağızda quruluq yaranır, orqanizm istiliyə düçar olur. Daha sonra ürəkbulanma, qusma, əsnəmə, hərarət, yuxusuzluq və ən əsası, nəyin bahasına olursa-olsun, yenidən oriat (morfin və heroin) qəbul etmək istəyi... Tiryəkdən istifadə edənlər adətən tənəffüsün qəfil dayanmasından dünyasını dəyişirlər. "Xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, insan zəhərin təsirindən dərhal dünyasını dəyişə bilər. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş-beyin zədələnir və bununla da həmin şəxs şikəstlik əzabına düçar olur. Belə halda insan düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu dəhşətli vəziyyət illərlə davam edə bilər. Çünki o, müalicəsi mümkün olmayan bir xəstəlikdir!
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, artıq 26 ildir ki, dünya əhalisi 26 iyunu "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü" kimi qeyd etməkdədir. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb, insanları sağalmaz xəstəliklərə dücar edıb, onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniya adlı bu cəhənnəm əzabına düçar olanların sayı ilbəil artmaqdadır.
Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin qovuşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Azərbaycan imperiya əsarətindən qurtulub müstəqilliyə qovuşduqdan və digər ölkələrlə əməkdaşlığı genişləndirdikdən sonra narkotik vasitələrin yayılması, çirkli pulların yuyulması üçün kriminal strukturlar qarşısında geniş üfüqlər açıldı. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə çevirmək cəhdində oldular. Həmçinin Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə, hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara Dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıb. Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir. Ulu öndərin
15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir. Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Bu sahədə ölkəmizdə normativ hüquqi baza da yaradılıb, müvafiq təşkilati strukturlar da, milli proqramlar da. Artıq 20 ildən çoxdur ki, Azərbaycan narkotizmin Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç bəşəri konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində, vahid əqidə bayrağı altında birləşərək yeni mübarizə metodları hazırlamaqda, bəşər sivilizasiyasını lərzəyə gətirən bu ölüm kabusunun qarşısının alınmasında birgə səy, hünər və əzmkarlıq nümayiş etdirməkdədir. Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır.
Ötən il Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələri dövlət sərhədindən keçirməyə cəhd göstərən 130 nəfərdən 235 kiloqramdan çox narkotik vasitə aşkar edərək götürmüşlər. Onlardan 95 nəfəri Azərbaycan, 33 nəfəri İran, 1 nəfəri Özbəkistan, 1 nəfəri isə Gürcüstan vətəndaşı olub.
Bu il iyunun 26-da isə respublika Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsindəki Regional Şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının "Xaşxaş-2013" şərti adı altında rayonun ucqar Arpana kəndi ərazisində kecirdikləri tədbir zamanı yabanı halda bitmiş, çəkisi 9 ton 250 kiloqram olan 19 min 300 ədəd xaşxaş kolu aşkarlanaraq yandırılma yolu ilə məhv edilmişdir.
Ölkə rəhbərinin narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından sonra insanları, xüsusilə, gəncləri sağalmaz xəstəliklərə düçar edib, onların ömür çırağını vaxtsız söndürən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirmək, orta və ali tədris müəssisələrində vaxtaşırı "ağ ölüm" ünvanlı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında elmi söhbətlər aparmaq, bu barədə xüsusi bukletlər hazırlayıb əhali arasında yaymaq, "Narkomaniyaya yox deyək" başlığı altında inşa yazı müsabiqələri keçirmək, narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetlər nümayiş etdirmək artıq bir ənənəyə çevrilib. İlin əvvəlindən bəri Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Ağcabədi, Lənkəran, Sabirabad, Şəki, Masallı, Yevlax və digər rayonlarda icra hakimiyyətlərinin, polis şöbələrinin, səhiyyə təşkilatlarının, tədris müəssisələrinin, gənclər və idman idarələrinin təşəbbüsü ilə keçirilən maarifləndirici tədbirlər bu sahədə atılan uğurlu addım kimi dəyərləndirilməlidir.
Zeynal VƏFA,
Azərbaycan.-2013.- 23 iyul.- S.11.