Misirin aparıcı elmi
jurnalında Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məqalə
dərc olunmuşdur
Misirin Əl-Əhram Strateji Araşdırmalar Mərkəzinin "Demokratiya" adlı elmi jurnalının 51-ci nömrəsində Şeymə Əbdüssalam İbrahimin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları" sərlövhəli elmi məqaləsi dərc edilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, müəllif Dağlıq Qarabağ münaqişəsinin təkcə regional deyil, həm də beynəlxalq problem olduğunu diqqətə çatdırır. Məqalədə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarında məcburi köçkünə çevrildiyi, rəsmi Yerevanın problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnaməni yerinə yetirmədiyi vurğulanır.
Müəllif Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə maneələr yaratdığını, Azərbaycanın isə sülh danışıqlarına hər zaman hazır olduğunu bildirir. Məqalədə vurğulanır ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilməsi mümkündür.
Müəllif Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarının, Dağlıq Qarabağda milli azlıqların dinc şəraitdə yaşamalarının təmin edilməsinin vacibliyini vurğulayır.
Yazıda qeyd edilir ki, münaqişə tərəfləri məsələni mərhələli şəkildə həll etmək üçün danışıqlar yolu ilə tələblərini irəli sürə bilərlər. Burada da haqlı tərəf kimi Azərbaycan uzun illərdir ki, bu variantdan istifadə edir, lakin Ermənistan tərəfi məsələyə ciddi yanaşmır və qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Müəllif yazır ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində indiyədək göstərdiyi səylər nəticə vermədiyi üçün danışıqların sonsuza qədər davam etməsi Azərbaycanı qane edə bilməz. Cənubi Qafqazda müqayisəolunmaz iqtisadi və hərbi gücə malik olan Azərbaycan iyirmi ildən çoxdur ki, sülh danışıqlarına ümid edir. Ona görə də rəsmi Bakı işğal olunmuş torpaqlarını hərbi yolla azad etmək üçün müəyyən addımlar ata bilər.
Yazıda
həmçinin sosial-iqtisadi problemlərin ildən-ilə daha
da artdığı Ermənistanın Azərbaycan ilə rəqabət
apara biləcək səviyyədə olmadığı
vurğulanır.
Azərbaycan.-2013.- 23 iyul.- S.12.