Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Xaçmaz rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası və Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi Rayon Xəstəxanası yenidən qurulmuş, Regional İnkişaf Mərkəzi yaradılmış, Tarix-diyarşünaslıq və "Xalça" muzeyləri, təhsil, mədəniyyət, turizm və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, yeni istehsal və emal müəssisələri açılmış, yollar çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2013-cü il
Azərbaycan.-2013.- 24 iyul.- S.2.