Sumqayıt dindarları Prezidentin
yeritdiyi
daxili və xarici siyasətə
dəstək aksiyası keçirmişlər
Dünən Sumqayıtın bir qrup dindarının təşəbbüsü ilə şəhərin Cümə məscidində Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətə dəstək aksiyası keçirilmişdir.
Mərasimdə çıxış edən Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sumqayıtın beynəlmiləl şəhər olduğunu, burada müxtəlifdinli minlərlə insanın yaşadığını qeyd etdi. Xatırlatdı ki, şəhər məscidi dindarların tələbini tam ödəyə bilmirdi, uzun illər təmir olunmadığından divarları uçub-dağılmaq üzrə idi. Tolerantlığı ilə seçilən bu şəhərin dindarları məscidin yenidən qurulması üçün ölkə başçısına müraciət etmişdilər. Prezident İlham Əliyevin tapşırığı əsasında dini ocaqda az vaxtda əsaslı təmir işləri görüldü, dindarların arzusu ilə möhtəşəm minarə ucaldıldı və məscidin ətrafı abadlaşdırıldı. Ölkə başçısının bu diqqət və qayğısını bütün şəhər sakinləri dinimizə göstərilən xüsusi qayğı kimi dəyərləndirirlər.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dindarların təşəbbüsü ilə keçirilən belə mərasimlərin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycanın mövqeyi dünyada daim möhkəmlənir. İstər xarici, istərsə də daxili siyasətdə əldə edilən nailiyyətlərin özülü ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf konsepsiyasına söykənir. Tarixə müraciət etsək görərik ki, məhz ulu öndərin, sonra İlham Əliyevin diqqəti nəticəsində Azərbaycanda islam dininə münasibət yaxşıya doğru çox inkişaf edib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini ocaqlara xüsusi proqram üzrə dəstək verilir. Cənab İlham Əliyevin prezidentliyi dövründə dini ocaqlar, məscidlər təmir edilərək xalqın ixtiyarına verilmişdir. Buna sübut kimi hazırda tədbir keçirilən Sumqayıt Cümə məscidini göstərmək olar.
E.Əzizov daha sonra qeyd etdi ki, bu gün Azərbaycanda əhalinin maddi rifah halı davamlı şəkildə yüksəlir, bütün şəhər və kəndlərin siması günü-gündən gözəlləşir. Bunu ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin timasalında da aydın görmək mümkündür.
Şəhər dindarları adından çıxış edən hacı Rüstəm Əliyev, Eldar Ömərov və digərləri bildirdilər ki, bu gün Sumqayıtda inkişaf çoxcəhətli xarakterə malikdir. Sənaye, digər profilli istehsal müəssisələrində, sosial həyatda və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə inkişaf edir. Elə bu da Sumqayıtın inikşafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rollardan birini oynayır. Sumqayıt bu gün əbəs yerə Azərbaycanın əsas sənaye mərkəzi adlandırılmır. Burada sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələrinin icrası da daim diqqət mərkəzindədir.
Dindarlar qeyd etdilər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaos və çaxnaşmalardan xilas etdi. Prezident İlham Əliyev maliyyə böhranlarının tüğyan etdiyi bir dövrdə Azərbaycanı lider dövlətə çevirdi. Sabit və nizamlı inkişaf yolu məhz ölkə rəhbərinin yürütdüyü siyasətin nəticəsidir. Əminliklə vurğulandı ki, sumqayıtlı dindarlar, bütün ölkə vətəndaşları kimi, qarşıdan gələn prezident seçkilərində də İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Akif ƏLİYEV,
Azərbaycan.-2013.- 24 iyul.- S.2.