«Azərbaycan» qəzeti redaksiyasında «Mənziliniz mübarək» sevinci

 

Böyük maarifçi Həsən bəy Zərdabi millətin zülmətdən, cəhalətdən gün işığına çıxmasının birinci əlacını mətbuatda görürdü. Daşa bənzətdiyi insan beyinlərini elmlə, irfanla mürur ilə əritmək niyyətində idi. Ona görə də 138 il öncə millətimizin həyatında "Əkinçi" ilə bir işıq yandırdı. Çox şükür, sönmədi o işıq, zaman-zaman zülmətlərlə pərdələnsə də, işıq dediyin özünə bir yol tapıb qaranlıqları aydınlıqlara doğru yarır.

İyulun 22-də o işıq bir çox Azərbaycan jurnalistinin evini, həyatını da işıqlandırdı, nura qərq etdi. Sözə, qələmə, insan zehninin məhsuluna böyük dəyər verən ölkə Prezidenti İlham Əliyev bu dəfə bizim bayramımıza xəyalımızda belə təsəvvür etmədiyimiz hədiyyə ilə gəldi. İllər boyu evə ehtiyacı olan 156 jurnalist Prezident tərəfindən evlə mükafatlandırıldı. Xəyalı gerçəkləşənlər arasında "Azərbaycan" qəzetinin beş əməkdaşı da var. Kollektivimiz neçə gündür ki, təntənəli bir bayram əhval-ruhiyyəsindədir. Hər kəs ev alan yoldaşlarımızı bir dəfə deyil, bir neçə dəfə təbrik edib! Dünən bu əlamətdar hadisə və milli mətbuatımızın yaranmasının 138-ci ildönümü ilə bağlı redaksiyamızda bayram şənliyi keçirildi. Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV ev alan əməkdaşlarımızı gül buketləri ilə təbrik etdibildirdi ki, bu ənənə davam edəcəkdir. Çünki dövlət başçısı bayram günü mətbuat işçiləri üçün daha bir binanın təməlini qoydu. Bu, Azərbaycan Prezidentinin jurnalistlərin əməyinə verdiyi böyük dəyərdir ki, dünyada heç bir analoqu yoxdur.  Hesab etmək olar ki, Azərbaycan mətbuatının yaranmasının 140 illiyi daha da möhtəşəm şəkildə qeyd olunacaq, bu dəfə jurnalistlərə veriləcək mənzillərin sayı da xeyli çox olacaq: "Bilirsiniz ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra demokratik inkişaf yolunu tutdu. Təəssüf ki, o dövrdə ölkədə baş alıb gedən anarxiya, xaos, qanunsuzluq, hakimiyyət uğrunda arasıkəsilməz mübarizə nəinki ölkənin müstəqilliyini qoruyub saxlamağa imkan verdi, əksinə, Azərbaycanı əvvəlki kimi kiçik xanlıqlara bölünmək təhlükəsi ilə üzləşdirdi. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin təkrar olunacağı real idi. Bu təhlükə xalqın müdrik qərarı ilə sovuşdu. Ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə gətirildi. Yalnız bundan sonra müstəqilliyin möhkəmləndirilməsi yolunda çox cəsarətli və qətiyyətli addımlar  atıldı. Hər bir sahədəki durğunluq götürüldü, ölkədə həyat canlandı, hərəkətə gətirildi. 6 avqust 1998-ci ildə ulu öndər mətbuat üzərində senzura nəzarətini ləğv etdi və müstəqil mətbuatın yaradılması prosesinə başladı. O vaxt mətbuatın maddi-texniki bazası çox zəif idi, buna görə də ulu öndər ilk növbədə qəzetlərin mətbəələrə olan borclarının ödənməsini dayandırdı, redaksiyaları əlavə dəyər vergisindən azad etdi. İmkan yaratdı ki, qəzetlər özünə gəlsinlər, inkişaf etsinlər. Dəfələrlə jurnalistlərlə görüşdü, yaranmış məmur-jurnalist problemlərində daim jurnalistlərin tərəfini saxladı. Nəticədə ölkədə mətbuatın inkişafı xeyli irəlilədi.

Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin mətbuata qayğısını inkişaf etdirdi. Qəzetlərin mətbəələrə olan borcları dövlət hesabına silindi. 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, mətbuat işçilərinə fəxri adların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında sərəncamlar imzalandı. Azərbaycan mətbuatının yaranmasının 130 illiyi nəinki paytaxtda, bölgələrdə də yüksək səviyyədə qeyd olundu, jurnalistlər fəxri adlarla mükafatlandırıldı, bir neçə jurnalist Prezident təqaüdü ilə sevindirildi. Milli mətbuatın 135 illiyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Həmin sərəncamda dövlət başçısı dünyada analoqu olmayan bir addım atdı. Cənab İlham Əliyevin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Nəticə göz önündədir. Çox möhtəşəm bir bina peşə bayramı münasibətilə jurnalistlərin ixtiyarına verildi".

Cənubi Qafqazın parlayan ulduzuna çevrilən Azərbaycan yeni iqtisadisosial çağırışların məkanı olmaqla, atdığı riskliuğurlu addımlarıyla bir çox inkişaf etmiş Avropa ölkələrinə nümunədir. Uğurlarımız yeni hədəflərimizin müəyyənləşdirilməsində stimul rolunu oynayır.

Evlə təmin olunan 5 əməkdaşımızdan biri Rizvan Cəfərovdur. Bundan sonra o, işdən çıxıb kirayə yaşadığı evə deyil, öz şəxsi evinə gedəcək. Rizvan Cəfərov şöhbətə uşaqlıq xatirələrindən biri ilə başladı:

- Düz 43 il bundan öncə  - ulu öndər hakimiyyətə gələndən bir il sonra təhsil işçilərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün onları evlə təmin edirdi. Ev alan müəllim ailələri arasında mənim valideynlərim də vardı. O günlərin sevincini, aradan yarım əsrə yaxın bir vaxtın keçməsinə baxmayaraq, hələ də xatırlayıram.  Bu gün ulu öndərin varisi, ölkə Prezidenti, möhtərəm  İlham Əliyev Azərbaycan mətbuat işçilərinin bir qrupunu evlə təmin etdi. Onların arasında mən də varam! Bunu yalnız xeyirxahlıq şəcərəsi kimi dəyərləndirmək olar. Dövlət başçısının xeyirxahlığı nəticəsində onlarla jurnalist peşə bayramı günü mənzillə təmin olundu. Mən bundan böyük və dəyərli bir hədiyyə təsəvvür etmirəm! Jurnalistlərin evlə təmin olunmasında vəsilə olan hər bir kəsə minnətdarlığımı bildirirəm.

Əməkdar jurnalist Fərman Bağırov 52 ildir ki, fasiləsiz olaraq  mətbuatda çalışır. Bu gün jurnalist peşəsinə verilən dəyərdən böyük sevinclə danışdı:

- Cənab Prezident bizə çox böyük dəyər verdi. Belə bir hədiyyəni  biz yalnız arzulaya bilərdik! Ölkə rəhbəri arzularımızı gerçəyə çevirdi, şəhərin ən mənzərəli yerlərindən birində mətbuat işçiləri üçün gözəl bina tikdirdi. Bütün mənzillər rahat, işıqlı və genişdir. Sevincim hədsizdir! Bu, insan əməyinə, zəhmətinə verilən ən böyük dəyərdir ki, dünyanın heç bir yerində onun bənzərini, belə bir xeyirxahlıq nümunəsini tapmaq mümkün deyil! Mən ölkə Prezidenti cənab İlham Əliyevə və bu möhtəşəm binanın tikilib ərsəyə gəlməsində zəhməti olan bütün insanlara hədsiz minnətdaram. Cənab İlham Əliyev gördüyü bütün işlərdə sadə insanların qayğılarını nəzərə alır,  onların sosial problemlərini həll etməyə çalışır. Atdığı hər bir addımla sübut edir ki, ona səs verən milyonlarla insan seçimində düzgün olub!

Daşdəmir Tağıyev hələ də ona üçotaqlı mənzilin verilməsinin gerçək olduğuna inana bilmir, amma əslində o da xəyalı gerçəkləşən yoldaşlarımızdan biridir:

- Ömrüm boyu öz evimin arzusunda olmuşam, həmişə də təəssüf hissi ilə özlüyümdə etiraf etmişəm ki, bu məsələni çətin ki həll edə bilim! Ona görə də bu günün səadətinə inanmaqda çətinlik çəkirəm! Əslində maaşımla ev almaq mümkünsüz idi! Cənab Prezident elə savab görüb ki, keçirdiyim hissləri  ifadə etməyə söz tapa bilmirəm. Bu böyük xeyirxahlığa görə ömrüm boyu ona minnətdaram.

Əməkdar jurnalist Flora Xəlilova da sevinənlərdən biridir:

- Bu, artıq ənənə şəklini alır. İki ildən sonra daha böyük jurnalist heyəti gözəl mənzillərlə təmin olunacaq. Dövlət başçısına hədsiz-hüdudsuz minnətdaram! Ev alanlar içərisində adımı eşidərkən çox xoşbəxt idim.

Tale mənə ağır məcburi köçkün həyatı qismət edib. Hələ tələbə olarkən valideynlərim dünən işğal tarixinin 20 ilini qeyd etdiyimiz Ağdamdan didərgin düşüb. Universiteti bitirdiyim gündən evsizliyin bütün məhrumiyyətlərindən keçən jurnalistlərdən biriyəm. Uzun illər nə vaxtsa evim olacağını ağlıma belə gətirmədən kirayədə yaşadım, evdən-evə köçdüm. Cənab İlham Əliyev bu müqəddəs ramazan ayında 156 jurnalistibütün Azərbaycan mətbuatını misilsiz mərhəməti ilə sevindirdi! Bu, nəinki minlərlə insanın qəlbində, qəzetimizdə, hətta uca Tanrının dərgahında da alqışlanan nəcib əməldir!   

Çay süfrəsi ətrafında davam edən söhbətdə Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldansağlam ənənələrindən, son dövrlər isə ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradıldığından danışıldı. Qeyd olundu ki, son illər KİV-in sayı xeyli artmışdır, çünki mətbuatın inkişafı üçün lazımi şərait yaradılıb. Lakin azad mətbuat insanın şərəf və layaqətini alçaltmaq, təhqir etmək demək deyil! Bunu hər bir mətbuat nümayəndəsi bilməlidir.

Çıxış edən əməkdaşlar əlamətdar gün münasibətilə ev alan iş yoldaşlarımızı ürəkdən təbrik edib sevinclərini bölüşdürdülər. Baş redaktor Bəxtiyar Sadıqov hamını bir daha bayram münasibətilə təbrik etdi, onlara geniş oxucu kütləsi, yaradıcılıq uğurları, ev almış həmkarlarımıza yeni mənzillərində xoşbəxt bir ömür yaşamalarını arzuladı. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin qarşısında duran ən başlıca məqsəd ölkəmizin yeniləşməsi, modernləşməsidir. Bu proses həyatımızın bütün sferalarını əhatə etməyi nəzərdə tutur. Azərbaycan mətbuatı və "Azərbaycan" qəzeti də bu inkişaf prosesində yaxından iştirak etməlidir. Çünki Azərbaycanın dünyadakı rolu nə qədər artarsa, bu, hər bir vətəndaşın, həm də jurnalistin qürur mənbəyidir.

Sonda redaksiyanın bütün kollektivi dövlət başçısı cənab İlham Əliyevə sonsuz təşəkkür və minnətdarlığını bildirən məktub ünvanlamağı, bu humanist və alicənab insana sonsuz sevincini çatdırmağı yekdilliklə qərara aldı.

 

 

 

Rəsmiyyə QARAYEVA,

Azərbaycan.-2013.- 24 iyul.- S.3.