Ağdamın işğalının 20-ci ildönümü ilə əlaqədar keçirilmiş
yürüş-mitinqdə rayonun on mindən çox sakini iştirak etmişdir
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibətilə Quzanlı qəsəbəsindən rayonun girişindəki Şəhidlər abidə kompleksinədək ümumrayon yürüş-mitinqi keçirilmişdir.
AzərTAc xəbər verir ki, 10 mindən çox sakinin - rayon rəhbərliyinin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yürüş-mitinqdə Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğal altındakı torpaqların azad olunmasına çağıran və insanların doğma yurda qayıtmaq istəklərini əks etdirən şüarlar səsləndirilmişdir. Mərasim iştirakçıları abidə kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə ehtiramlarını bildirmiş, ruhlarına dualar oxumuşlar.
Mərasimdə çıxış edənlər 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətindən danışmışlar. Bildirilmişdir ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı elan olunmamış müharibənin əsas çətinliyi Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam işğalçılara qarşı savaşda minlərlə şəhid vermişdir. Torpaqlarımızın müdafiəsi zamanı fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Qəsbkarlar rayonun 1.154 kvadratkilometr ərazisinin 77,4 faizini - bir şəhər və qəsəbəni, 82 kəndi zəbt edərək vəhşicəsinə talamış, dağıtmış və yandırmışlar. İşğal olunmuş ərazidə 34 min 600 yaşayış evi, 27 sənaye, 29 kənd təsərrüfatı, 57 rabitə, 120 səhiyyə, 108 mədəniyyət obyekti, 173 məktəb və 59 məktəbəqədər tədris müəssisəsi və digər müəssisələr, çoxlu sayda abidələr, muzeylər məhv edilmiş, rayona 17 milyard manatdan çox ziyan dəymişdir. İşğal nəticəsində Ağdamın 143 min sakini məcburi köçkün vəziyyətinə düşərək respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Çıxışlarda belə bir əminlik ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Ağdamın
işğalının 20-ci ildönümü münasibətilə
Quzanlı qəsəbəsində rəsm, əl işləri,
foto və kitab sərgiləri təşkil edilmiş, mədəniyyət
evində Ağdamın işğaldan əvvəlki və
sonrakı görüntüləri əks olunmuş "Qafqaz
Xirosiması" filmi nümayiş olunmuş, həmçinin
uşaq musiqi məktəblərinin xor kollektivlərinin
ifası səslənmiş, ehsan süfrəsi
açılmışdır.
Azərbaycan.-2013.- 24 iyul.- S.4.