Ağdamın ağ damları
Ömrümün bütün vacib səhnələrini şəkillərə çevirib yan-yana düzürəm, ən vaciblərini, dəyərlilərini ayırıramE Kimsə ömrü boyu sərvətlər toplayır, varidat yığır, kimsə ucaltdığı imarətlərlə öyünür. Jurnalistin var-dövləti isə şahidi olduğu hadisələr, yaşadığı hisslərdir. 20-25 il əvvəl döyüş bölgələrində gördüyüm, şahidi olduğum adi səhnələr bu gün mənə vətəni, onun ağır günlərini, saflığı, mərdliyi ilə seçilənləri və bütünlükdə baş verənləri daha dərindən dərk etməyə kömək edir. Ona görə də həyatımda cəbhə bölgələrinə qonaq getdiyim təkəm-seyrək günlər və bu günlərlə bağlı yaxşı və pis nə varsa - hamısı ömrümün unudulmaz parçası kimi qiymətlidir.
Divardan asılıb cəzasını çəkən Lenin
Ağdama birinci gəlişimdə bir orta məktəbdə oldum, direktor qoca, nurani, üzündə işıqlı təbəssüm gəzən ağsaqqal idi. Başının üstündə Leninin portreti asılmışdı. Soruşdum ki, niyə çıxarmırsınız, axı onun dövrü keçdi. "Ötməyib, oğul", - dedi. "- Ömrümüz boyu ona səcdə etmişik. Hər gün bu şəklin altında otururam, onu günahım kimi saxlayıram, ağrısını, əzabını çəkirəm. Qopardıb atmıram. Qoy şagirdlərimiz də faciələrimizdən çələng toxuyub boynumuza atanları tanısınlar. Bizi də bağışlamasınlar".
Moskvada, Mavzoleydə Lenini saxlayıb-saxlamamağı düşünürdülər. Ağdamda isə onu artıq "dar ağacı"na çəkmişdilər.
Ağdamı başa düşməyən ingilis
1990-cı ildə Ağdama "Bi-Bi-Si" radiosunun müxbiri Rocer Herinqlə getmişdik. Bir-iki gün qaldıq. Rocer pərt oldu ki, döyüş səsini yaza bilmədi. Uşaqlardan kimsə ovuclarını qapayıb şappıldatdı və uzaqdan gələn partlayışın səsinə bənzəyən boğuq səs alınanda ingilisi muştuluqladı ki, bu da sənin döyüşün, nə qədər istəyirsən partladım, səsini yaz, əliboş qayıdası deyilsən ki?! Rocer, olmaz, - deyib "Bi-Bi-Si"nin tarixindən bir əhvalat danışdı. Cənubi Rodeziyada şaxtaların birində partlayış olubmuş. "Bi-Bi-Si"nin hadisə yerində olan müxbiri reportajında partlayışın da səsini efirə verib. Lakin Cənubi Rodeziyada həmin şaxtada işləyənlərdən biri məhkəməyə müraciət edir ki, efirə yerin üstündəki adi barıtın partlayış səsi verilib, onun şaxtadakı qaz partlayışına dəxli yoxdur. Məhkəmə prosesini udan dinləyici şirkətdən böyük məbləğdə cərimə ala bilibmiş!
O vaxtdan
üzü bəri 23 il ərzində xarici
xəbər portallarında Qarabağ müharibəsi
haqqında dəfələrlə cəfəng, uydurma, birtərəfli
yazılara rast gəldim, amma heç bir ingilisin,
fransızın və ya amerikalının bu yazılara görə
kimisə məhkəməyə verməsini təəssüf
ki, eşitmədim. Əksinə, Qərb
KİV-lərinin işğalçı dövlətin
mövqeyini dəstəkləyən yazıları heç
vaxt gündəmdən düşmədi.
Rocerlə geri qayıdacağımız günü
şam edib Bakıya çıxmaq istədik. Möhkəm
acmışdıq. Gec idi deyə
Ağdamda bütün kafe və restoranlar
bağlanmışdı. Çörək
yeməyə yer tapmadıq. Yadıma
düşdü ki, dostum İbrahimin bacısı
ağdamlıdır. Dostumun yeznəsi Rəşidi
bir neçə dəfə görsəm də, elə bir
yaxınlığımız yox idi. Rocer soruşanda ki,
onları tanıyırsanmı, "yox" - dedim. Heyrətdən gözləri bərəldi ki,
tanımadığın adamın qapısını necə
döymək olar? Münaqişədir,
insanlar onsuz da gərginlik içindədirlər. İngilisin etirazlarına məhəl qoymadım,
soruşa-soruşa Rəşidin evini tapdıq,
qapısını döydük. O, bayıra
çıxıb bizi görəndə ürəkdən
sevindi, yoldaşını çağırdı ki, ay Rəfiqə,
bir əl-ayaq elə görüm, İbrahimin dostu gəlib. Böyük bir otaqda iri, dəyirmi masanın
arxasında oturduq. Rocer evi, onun
yaraşığını, dəbdəbəsini görüb
heyrətləndi:
- Nə
gözəl malikanədir! Mənim də Londonda
mülküm var, - deyib çiyinlərini çəkdi.
- Amma bunun yanında heç nədir.
Heç yarım saat oturmamışdıq ki, Rəfiqə
bacı birinci xörəyi gətirdi, onun arxasınca süfrəyə
Ağdamın ən ləziz xörəkləri
düzüldü. Rocer özünü sehrli aləmə
düşmüş kimi hiss etsə də, Rəşidin dəvətsiz
gələn tanımadığı adamları evinə
buraxmasını, əziz qonaq kimi qarşılamasını
anlamadı.
Ağdamda insanlar cəsarətli, zəhmətkeş,
evcanlı idilər. Hamı tikirdi, qururdu, yaradırdı.
Rəşidin evi kimi rayonda minlərlə ev
var idi. Ağdam ağ damlardan ibarət
nağıl kimi varlı bir şəhər idi. Rəşid Ağdamdan çıxanda 4
qızına aldığı cehizi özü Bakıya
daşımağı kişiliyinə
sığışdırmadı. İstəmədi
ki, kimsə onu yükünü tutub Ağdamdan çıxan
görsün. Qürurlu idi bütün ağdamlılar
kimi! O, Bakıda işsiz qalanda da bir dəfə olsun onu
sınan, əyilən görmədim. O, heç kimə, hətta
vaxtilə əl tutduğu adamlara belə ağız
açmadı! Ailəsini də
qaldırmağa gücü çatdı.
İngilis müxbiri Rəşidin evini təriflədi,
süfrəsinə heyran oldu. Ancaq niyəsini anlamadı! Axı,
Londonda qardaşın belə qapısını razılıq
almamış döysən, səndən inciyə bilər, ya
da ki, birbaşa etiraz edər, qəbul etməz! Şərq
və Qərb mentaliteti başqadır. O vaxtlar artıq
iş yerləri ixtisara düşür, müəssisələr
bağlanır, maaş alanların sayı
azalırdı. Ancaq ağdamlılar ən
çətin günlərində belə
qürurlarını sındırmırdılar. Dar günləri üçün
saxladıqlarını belə qonaq gələndə ləyaqət
və mərdliklə süfrəyə düzürdülər.
Bu yaxınlarda Sumqayıtda ağdamlı məcburi
köçkün Tariyelə görə şəhər icra
hakimiyyətinə müraciət etmişdik. Onlar da sağ
olsunlar ki, sözümüzü yerə
salmamışdılar. Tariyel bir neçə
aydan sonra zəng vurub məni qonaq çağırdı.
Təşəkkür etdim ki, Taryel, elə hesab et ki, sənin süfrənin başında əyləşmişəm.
Tariyel müharibə
iştirakçısıdır, bir ayağı kəsilib,
infarkt keçirib, gözləri tutulub, ürəyinə
kardiostimulyator qoyulub. Bu, azmış kimi,
böyrəkləri də işləmir, dializ xəstəsidir.
Ancaq qonaq çağıran səsində ləyaqətli
bir nur var. Sözünü qəribçiliyə vurmadım,
getdim, Sumqayıtda kafelərin birində onun bir stəkan
çayını içib geri qayıtdım.
Görüşəndə də ümidsiz xəstə əvəzinə
qarşımda mətin, güclü, dərdə
dözümlü döyüşçünü
gördüm! Jurnalistə verilən bir tikə çörəkdən
nəmər bağışlayan kimi danışan vəzifə
sahiblərini görmüşəm və həm də dəfələrlə
çörək kəsməmiş evindən, işindən
buraxmayan məcburi köçkün, qaçqın süfrəsinə
oturmuşam, anamın açdığı süfrəyə
oturan kimi!
Güllə
yağışı altında
92-ci il idi. Ağdamda döyüşlər
şiddətlənir, küçələrdə gəzmək
belə təhlükəyə çevrilirdi. Biz şəhərə girəndə
"Qrad"ların səsini eşidirdik. Artıq rayon mərkəzindəki bir çox obyektlər
atılan mərmilərdən yanaraq xarabazarlığa
çevrilmişdi. Müharibəyə təzə gələn
adam mərminin
vıyıltısını eşidəndə elə bilir ki,
bomba onun içində partlayacaq. Biz qorxurduq,
lakin yerli camaat qorxu hissini dəf edərək həyatın
adi axarını yaşayırdı.
Bu
odun-alovun içində küçələrdə
dünyanı vecinə almayan uşaqları,
iş-gücünün dalınca gedən sakit insanları
görəndə onların mərdliyinə heyran qalmamaq
mümkün deyildi! Əslində, insanlar
müharibəyə alışmışdılar,
ölüm-itim də adiləşmişdi. Yanan, dağılan binalar, şəhidlərin
aramsız davam edən dəfn mərasimləri müharibənin
küçələrdən, həm də talelərdən
sağalmaz yara vuraraq keçdiyindən xəbər verirdi.
Rayon
İcraiyyə Komitəsi sədrinin birinci müavini, tələbəlik
dostumun atası Həmzə Əliyevlə güvəndiyim insanlardan biri
kimi görüşdüm. Hökmlü, məğrur
görkəmi var idi, yüz adamın arasında uzaqdan
seçilərdi. Bizdən bir qədər
aralıda partlayan mərmilərin səsinə diksinirdim,
onunsa üzündə bir cizgi belə dəyişmirdi.
Atışma səsləri vecinə deyildi! Ucaboylu, enlikürəkli,
əzəmətli bir kişi idi. O həm
də Qarabağa
Xalq Yardımı Komitəsinin Ağdam şöbəsinin
müdiri idi və bütün bölgədə böyük
nüfuzu vardı. Vəzifəsi var idi,
uşaqlarını çıxara bilərdi rayondan, amma
adamlar oğlu Əhədin Ağdərədə hamı ilə
birlikdə vuruşduğu üçün onun xətrini əziz
tuturdular, hörmətini saxlayırdılar. Onunla görüşüb
ayrılmaq istəyəndə buraxmadı: "Nahar edin, sonra
gedərsiz" - dedi. Kimisə işindən
ayırmaq, bir qarın çörəyə görə
vaxtını almaq yaxşı görünmürdü.
Ancaq Həmzə müəllim dedi ki, vaxtı çatanda səngərdə
əsgərlər də silahını yana
qoyub nahar edirlər. Atəş səsləri altında rayon
sovetinin yeməkxanasında oturduq, bufetçi
qarşımıza xaş qoyanda sevindim ki, beş
dəqiqəyə qaşıqlayıb duraram ayağa. Bizim tərəflərdə xaşı əti və
suyu ilə bir boşqabda süfrəyə qaşıqla verirlər.
Hara baxdımsa, masanın üstündə
qaşıq tapa bilmədim ki, bilmədim. Həmzə
müəllim lavaşı götürüb tələsmədən
səliqə ilə boşqaba doğradı, sonra cəngəli
götürüb dünyanın ən sakit guşəsində
oturubmuş kimi tələsmədən yeməyinə
başladı. Başa düşdüm ki, Ağdamda
xaşı qaşıqla yox, çəngəllə yeyirlər!
Uzaqdan atılan topların atəşləri
altında naharımız fikirləşdiyimdən xeyli uzun
çəkdi. Mən atəş sədaları
altında birinci dəfə nahar edən adam
kimi çox gərgin idim, hər dəfə çəngəli
boşqaba uzadanda mənə elə gəlirdi ki, xaş azalmaq
əvəzinə artır, boşqabın suyu qurtarmır ki,
qurtarmır. Əvvəldən axıra kimi Həmzə
müəllim tövrünü pozmadı, üstəlik, bir
pürrəngi çay da sifariş elədi.
Həmzə müəllimlə nahar edəndə yolunu
azan mərmilərdən birinin oturduğumuz yerə
düşə biləcəyini istisna etmirdim. Ancaq minlərlə adam bu atəş sədalarının
altında yatırdılar, dururdular və heç nəyin
qorxusunu çəkmədən yaşayırdılar. Ağdamda balaca uşaq da "güllə qələt
eliyir" - deyirdi.
Biz,
döyüş bölgəsinə ara-sıra gəlməyə
cəsarət edən jurnalistlər nədənsə daim bu təhlükələrin
altında adi günlərini yaşayan insanların qəhrəmanlığını
unuduruq! Bu atəşlərin sədaları
altında çantasını çiyninə atıb məktəbə
gedən on minlərlə uşaq qəhrəman deyildimi?
Güllə yağışı altında ailəsinin
çay-çörəyini hazırlayan,
oğul-uşağını məktəbə, ərini
işə ötürüb onların sağ qayıtması
üçün axşama kimi Allaha dua edən
qızlarımız, gəlinlərimiz, ana və
bacılarımız qəhrəman deyildimi?
Ordu yox
idi! Silahlar yığılmışdı! Ağdamda
özünümüdafiə dəstələri təşkil
olunmuşdu, əllərinə keçən silahla
yaraqlanıb hərə bacardığı kimi ermənilərin
qabağına çıxmışdı. Ana öz
balasına yeməyi posta, səngərə aparırdı! Belə insanlar qəhrəman deyildimi?
Böyük bir ölkənin torpaqları işğal
edilirdi, bu işğalın ağırlığını
savaş gedən rayonlarda hiss edirdilər, görürdülər,
başa düşürdülər. Bərdədən
üzü Bakıya sarı çıxanda müharibənin
ab-havası itirdi, adamlar başqa əhval-ruhiyyə ilə
yaşayırdılar. Topxana meşəsi
qırılanda yüz minlərlə insan Azadlıq
meydanına tökülmüşdü, ölkə kükrəyirdi.
Şuşa gedəndə nazirlərimiz
papaqlarının altından sürüşüb
paqonlarının arxasında gizlənmişdi. "Şuşa bizdədir" - deyib hamının
başının altına yastıq qoyurdular.
Şuşaya getmək üçün Ağdama yola
düşdüm, Xromortun altındakı dikdən
Şuşaya tərəf qalxmaq istəyəndə
döyüşçülərdən biri qəzəblə
bağırdı:
- Sənə
Bakıda Şuşa bizdədir deyən nəsliynən
qələt eliyir! Şuşa gedib!!! Qardaşım, namusumuz,
qeyrətimiz gedib!
Orada, yolun kənarında oturub ikimiz də "Qətl
günündəki" tatar Temirin ağlamağından betər,
ləyaqəti tapdanan kişilər kimi
hönkür-hönkür ağladıq. Kişilər
ağlamalı deyil, amma bizim "bəylər" romantik
"azadlığın atlarını" minib son mənzilə
çata bilmədilər, vəzifələrin yəhərlərindən
yarpaq kimi qopub getdilər! Böyük bir xalqı ağlar
günə qoydular! Ağdam yaddaşıma dərdlərin
və sirlərin dağ kimi qalandığı məkan kimi
qalıb.
Müharibə, məcburi köçkünlər və "OMON"
O illərin ən ağır xatirələri ölkəni ikiyə bölən anlaşılmaz mühitlə bağlı idi. Döyüş bölgəsində müharibə hiss olunurdu. Qan-qada var idi. Hər gün dəfnlər olurdu və üstünə oyuncaq gəlinciklər düzülən nisgilli məzarların sırası uzanırdı. İnsanların üzündə, ürəklərində və gündəlik həyatlarında müharibənin məhrumiyyətləri aydın görünürdü.
Bakıda, cəbhədən uzaq digər rayonlarda isə müharibə hiss olunmurdu. Bəzən döyüş zonasını tərk edən dinc əhaliyə dodaq büzənlər tapılırdı ki, "atıb gəliblər", "qaçıblar". Babam danışardı ki, İkinci Dünya müharibəsində kəndimiz Rusiyadan gələn qaçqınlarla dolu idi. Onlar ac-yalavac, vətənlərindən min kilometrlərlə aralı düşən insanlar idi. Əllərinə nə keçsə, yeyirdilər, adamlar tövlədə, mal-qarasının yanında yatırdı. Yollarda acından ölənləri yığıb dəfn edərdilər.
Bütün müharibələrdə dinc əhali
döyüş zonasını tərk edir. Ermənistandan, Qarabağdan
da dinc əhali qaçmağa məcbur idi. Öz ailəsini xilas etmək
hər bir kişinin borcudur! Dövlət bivec, insanlar
arxasız idi! Lakin bütün Qarabağ boyu
insanlar birləşib əliyalın olsalar da, öz müdafiələrini
təşkil etdilər. Kənd-kəsəyini
qoyub qaçmadılar. Hamı ancaq silah və bir də un istəyirdi. Ədalət naminə
demək lazımdır ki, Qarabağa bütün rayonlardan
yardım təşkil olunub göndərilirdi. Könüllülər vuruşmağa gəlirdi.
Lakin bu işlər elə səriştəsiz təşkil
edilirdi ki, xeyrindən çox ziyanı dəyən məqamlar
olurdu.
Reallıq isə ondan ibarət idi ki, döyüş
bölgəsində insanlar səngərə, savaşa
doğru, cəbhədən uzaq rayonlarda isə küçələrdən
müharibəyə əsgər yığan "OMON"dan
qaçırdılar. Döyüş bölgəsində cəsurların mərdliyindən,
digər rayonlarda isə "OMON"un əlindən
qaçan, canını qurtaranlar "rəşadət"indən
danışırdılar. Kimisi
qaçmağı, kimisi pul verib canını
qurtarmağı ilə fəxr edirdi. Ölkə elə
idarə olunurdu ki, insanlar bir-birinə yaxın olmaqdansa, arxa
çevirib nifrət edirdilər!
Dərd
insan kimi qollarını göyə açıb bağıra
bilir!
Vətən
dərdi, işğal altında yatan torpaqların dərdi... Vətəni
ovcuma alıb anlamaq, bağrıma basmaq, duymaq, dərk etmək istəyirəm.
Daha dərindən, daha güclü sevmək, ona daha möhkəm
sarılmaq üçün! Əsrdən-əsrə
adlayan müharibələrin mənasını, qalib və məğlub
savaşlarımızın, fasiləsiz dəyişən əlifbaların
arxasındakı həqiqətlərin kilidlərini açmaq
istəyirəm. Bir onu bilirəm ki, o illərdə hər
qarabağlının yanında üç-dörd nəfər
o biri rayonlardan gələn olsaydı və o vaxtkı hakimiyyət
də bivec olmasaydı, bu üzücü müharibənin
aqibəti başqa cür olardı...
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2013.- 24 iyul.- S.4.