Ağdamın işğalı: səbəblər
və nəticələr
Dağlıq Qarabağ münaqişəsi Avrasiyada ən qanlı münaqişələrdən biri kimi tanınmışdır. Düzdür, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırıldı, lakin münaqişə heç də "dondurulmamışdır". Son 19 ildə qoşunların təmas xəttində vaxtaşırı atışmalar nəticəsində hər iki tərəfdən yüzlərlə insan həyatını itirmişdir. Bu fikirlər "Turkish Weekly" analitik saytında dərc edilmiş məqalənin ana xəttini təşkil edir.
Atəşkəs barədə razılaşma əldə edilən gündən sülh sazişinə nail olmağa yönəlmiş danışıqlar səmərə verməmişdir. ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası və region ölkələri liderlərinin səyləri öz yerində, xalq diplomatları da görüşür, regiona səfərlər edir, tərəfləri barışdırmağa və ortaq dil tapmağa cəhd göstərirlər. Adətən, bu cür görüşlər ya Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, ya da Bakıda və Yerevanda keçirilirdi. Dağlıq Qarabağ separatistlərinin liderləri vaxtilə azərbaycanlıların məskunlaşdığı Şuşada "təmizliyə riayət olunmasını" nümayiş etdirməyə, habelə qeyri-adi gözəlliyi ilə seçilən bu şəhərdə Azərbaycan mədəniyyət abidələrinin bərpa edilməsi və qorunub saxlanması cəhdlərini nümayiş etdirmişlər. Lakin Azərbaycanın yerlə-yeksan edilmiş daha bir şəhəri var. Bu, ermənilərin Azərbaycan mədəniyyət abidələri ilə əslində, necə rəftar etdiklərini göstərir. Söhbət 1993-cü ilin yayında erməni silahlı qüvvələri tərəfindən yandırılıb külə döndərilmiş Ağdam şəhərindən gedir.
Ağdam rayonu Qarabağda iri inzibati bölgü vahidlərindən biridir. Coğrafi baxımdan Aran Qarabağda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) hüdudlarından kənarda yerləşir və 1094 kvadratkilometr ərazini əhatə edir. İşğaldan əvvəl Ağdam rayonunda 153 min nəfər yaşayırdı. Əhalisi sıx olan bu rayonun mərkəzi Ağdam şəhərinin bütün sakinləri azərbaycanlılar idi. 1988-ci il fevralın 22-də Dağlıq Qarabağ Muxtar Vilayəti parlamenti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qanunsuz sənədlər qəbul edəndə Ermənistan SSR-in və DQMV regional parlamentinin erməni deputatlarının hərəkətlərindən narazılığını bildirmək üçün etiraz edən bir qrup azərbaycanlı məhz bu şəhərdən Xankəndinə (keçmiş Stepanakertə) üz tutmuşdu, münaqişənin ilk qurbanları da bu şəhərin sakinləri oldu - Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı azərbaycanlı gənclər Əsgəran yaxınlığında münaqişə zamanı ermənilər tərəfindən qətlə yetirildi. Dağlıq Qarabağda mühasirədə olan şəhərlərin və kəndlərin azərbaycanlı əhalisinə yardım göstərmək üçün əməliyyatlar məntəqəsi Azərbaycan özünümüdafiə qüvvələri tərəfindən məhz bu şəhərdə yerləşdirilmişdi. 1992-ci il fevralın 25-26-da Xocalıda və onun ətrafında erməni silahlı qüvvələri tərəfindən törədilmiş qırğın zamanı salamat qalanlar məhz bu rayona tərəf qaçmışdı. O gecə cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı əhali qətlə yetirilmişdi.
Münaqişənin ilk mərhələlərində, hərbi əməliyyatlar geniş miqyas alana qədər ermənilər Ağdam sakinlərini terror yolu ilə sarsıtmağa çalışırdılar. Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Çarlz van der Leu terroru elə bir silah adlandırır ki, ermənilər bu silahdan istifadə məsələsində hamıdan üstündür ("Azerbaydjan: Poiski samosoznaniə", St. Martin Press, 1998 q., str. 182). Erməni millətçilər bu strategiyanı həyata keçirmək üçün Ağdam ətrafında bir neçə terror aktı təşkil etmişdi. Məsələn, 1990-cı ilin avqust ayında erməni terrorçular Tbilisi-Ağdam marşrutu üzrə hərəkət edən avtobusu partlatmış, nəticədə 20 nəfər dinc sakin həlak olmuşdur. 1991-ci ilin sentyabr ayında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutları üzrə hərəkət edən avtobuslara hücum edilmiş, birinci hadisədə 5 nəfər, 2-ci hadisədə 8 nəfər sərnişin həlak olmuşdu. Nəhayət, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan helikopterin reysi faciəli şəkildə başa çatmışdı. Həmin gün ermənilər bu təyyarəni Şuşa səmasında vuraraq heyət üzvləri də daxil olmaqla 44 nəfəri qətlə yetirmişdi.
Ağdamın işğal edilməsi Ermənistan rəhbərliyi üçün strateji tapşırıq idi. Ağdamın Əsgəranda, Ağdərə və Xankəndidə ermənilərin mövqelərinə yaxın olmasını nəzərə alaraq Azərbaycanın bu iri mərkəzi şəhərinin işğalı və etnik təmizləməyə məruz qalması bütün müharibənin gedişini dəyişməli idi. Ağdamın işğalı əməliyyatı 1993-cü ildə ermənilərin hücumundan xeyli əvvəl hərtərəfli planlaşdırılmış, yoxsa Kəlbəcər işğal ediləndən sonra hücumu dəstəkləmək üçün başlanmışdı? Bu sualın cavabı indiyə qədər müəmmalıdır. Hər halda, Ağdamın işğalı əməliyyatı 1993-cü ildə başlanmış genişmiqyaslı hücumun tərkib hissəsi olub.
1992-ci ilin iyun ayında regionu erməni
silahlı qüvvələrindən azad
etmək üçün Azərbaycan ordusunun başladığı hücum
əməliyyatı Dağlıq Qarabağın
yarısını Azərbaycanın nəzarəti altına
qaytardı. Cəmi bir neçə ay ərzində Azərbaycan qoşunları Şuşa və Xankəndi ətrafına
gedib çatmışdı.
Aşkardır ki, bu uğur Rusiyanın Cənubi Qafqazda
maraqlarına təhlükə yaradır. Bununla
əlaqədar 1992-ci ilin axırlarında
Rusiyanın hərbi rəhbərliyi və Azərbaycan
hökuməti arasında bir sıra
görüşlər keçirildi. Həmin
görüşlərdə Moskva
Bakıya təzyiq göstərir, Rusiyanın sülhyaratma
qüvvələrinin Azərbaycana yeridilməsini tələb
edirdi. Azərbaycan hökuməti bu niyyətlərin nə ilə nəticələnə
biləcəyini qabaqcadan görürdü:
bu, Azərbaycanın müstəqilliyinin faktiki olaraq itirilməsinə
gətirib çıxarardı. Ona görə
də Azərbaycan hökuməti bundan imtina etdi. Məhz bu imtina keçmiş
DQMV ətrafında azad edilmiş
ərazilərin itirilməsinə səbəb oldu.
Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçov
açıq demişdi: "Yaxşı,
onda erməni silahlı qüvvələri
Kəlbəcəri alacaqlar". Nazir eyhamla bildirirdi ki, qarşıda erməniləri hərbi uğurlar gözləyir. ("Çernıy sad", Tomas
De Vaal, New York University Press, 2003, stp. 203).
1993-cü ilin fevral
ayında təpədən
dırnağa qədər
silahlanmış erməni
qüvvələri Azərbaycan
mövqelərinə irimiqyaslı
hücuma başladılar. Fevralın axırlarında
onlar Kəlbəcər
rayonunun strateji əhəmiyyətli Sırxavənd,
Çaldıran, Dəvədaşı
və Yaycı kəndlərini yenidən
işğal etdilər.
Bu qəsəbələr
DQMV-nin keçmiş
Mardakert rayonunun əraziləri idi, lakin 1992-ci ildə Kəlbəcər və Tərtər rayonlarının
inzibati bölgüsündə
dəyişiklik aparıldıqdan
sonra onlar Kəlbəcər rayonuna
aid edilmişdi. Ağdamdan qərbdə
yerləşən bu kəndlər işğal
edildikdən sonra ermənilər Sərsəng
su anbarına nəzarəti də ələ keçirdilər.
Hücumdan sonrakı hadisələr
ölkədə vəziyyətin
kəskinləşməsinə, siyasi böhrana səbəb oldu. Əvvələn, 1992-ci ildə ərazilərin
işğaldan azad edilməsi kampaniyasının
bir hissəsinə rəhbərlik etmiş polkovnik Surət Hüseynov Ağdərə
regionunu qeyri-adekvat müdafiə etməkdə
ittiham olundu və 1993-cü ilin fevral ayında öz vəzifəsindən
çıxarıldı. İkincisi, aprelin əvvəlində Kəlbəcər rayonunun
işğal edilməsi
Azərbaycanla müharibədə
Rusiyanın Ermənistana
kömək etmək niyyətini təsdiqlədi.
Azərbaycanın hiddətlənərək BMT-yə müraciət etməsi BMT Təhlükəsizlik
Şurası tərəfindən
822 nömrəli qətnamənin
qəbul edilməsi ilə nəticələndi.
Bu sənəddə Ermənistan işğalçı
qüvvələri danışıqsız
olaraq Kəlbəcərdən
çıxarmağa və
qaçqınları geri
qaytarmağa çağırırdı.
Lakin həmin sənədin qəbul edilməsi ciddi bir nəticə
vermədi. ABŞ, Rusiya və Türkiyənin birgə vasitəçilik missiyası
atəşin dayandırılması,
sülh danışıqlarının
davam etdirilməsi, Ermənistanın enerji blokadası barədə 6
günlük plan təklif
etmişdi. Mayın 24-də Azərbaycan xoş məram nümayiş etdirərək atəşin
birtərəfli qaydada
dayandırılmasını və ATƏT-in 500 hərbi
müşahidəçisini regiona qəbul etməyə hazır olduğunu bəyan etdi. Lakin artıq Ağdamı
tutmağı qərara
almış ermənilər
iyun ayında vasitəçilərdən xahiş
etdilər ki, həmin planın yerinə yetirilməsi bir neçə həftə təxirə salınsın.
1993-cü
il iyunun
4-də Surət Hüseynov
Əbülfəz Elçibəy
hökumətini ölkədə
vəziyyəti lazımınca
idarə edə bilməməkdə təqsirləndirərək
onun istefa verməsini tələb etmiş və öz qoşunlarını
Bakıya yönəltmişdi.
Surət
Hüseynov Rusiyanın
hərbi elitası ilə sıx əlaqə saxlayır.
Buna görə də onun qətiyyətli
hərəkətlərini çoxları
Rusiyanın Azərbaycanda
hakimiyyəti devirmək
üçün müdaxiləsinin
əlamətləri kimi
qəbul etmişdi.
Siyasi böhran və cəbhədə hərc-mərclik
erməni hərbçilərinin
cəsarətini artırmışdı.
İyunun 12-də erməni qoşunları Ağdam rayonunun bütün perimetri boyunca şiddətli hücuma başladılar. İyunun 12-də strateji əhəmiyyətli
birinci yüksəklik
- Ağdamdan 10 kilometr
şərqdə yerləşən
Fərrux dağı ermənilər tərəfindən
tutuldu, onlar növbəti altı həftə ərzində
şəhəri uzun müddət bombalamaq imkanı qazandılar.
Elə həmin gün ermənilər Ağdamdan
7 kilometr Cənub-Şərqdə
yerləşən iki
iri Azərbaycan kəndini - Yusifcanlı və Mərzili kəndlərini tutdular.
"Human Rights Watch" hüquq
müdafiə təşkilatının
hesabatına əsasən,
erməni qoşunları
işğal etdikləri
kəndlərdə qətlə
yetirilmiş insanları
da soyur, tam etnik təmizləmə aparır və qaçqınların öz
evlərinə qayıda
bilməməsi üçün
bu yaşayış məntəqələrini yandırırdılar.
Ermənilərin ağız dolusu
təriflədiyi komandirlərindən
biri, beynəlxalq aləmdə tanınmış
terrorçu Monte Melkonyan
Mərzili kəndinin işğalı zamanı
öldürülmüşdü. İyulun 5-dək
Ağdam şəhəri
faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı
və iyulun 23-dək
"Qrad" qurğularından
atəşə tutulurdu.
Həmin
gün Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb
külə döndərildi.
Ağdamda yanğınların tüstüsü 20 kilometr
məsafədən görünürdü.
"Human Rights Watch" qərbli
diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması
qoşunların intizamsız
olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli
götür-qoy edilmiş
plan tərtib olunmasına
dəlalət edir.
BMT Təhlükəsizlik Şurası
Ağdam rayonunun işğalından sonra
ATƏT-in Minsk qrupunun keçmiş
sədri Mario Rafaellinin
hesabatı əsasında
853 nömrəli qətnamə
qəbul etmiş, bu sənəddə Ağdamın işğalını
pisləmiş, işğalçı
qoşunları ərazidən
çıxarmağa və
qaçqınları öz
yaşayış yerlərinə
qayıtmağa çağırmışdı.
Gizli deyildir ki, Ermənistan
bu tələbləri
hələ də yerinə yetirməmişdi
(Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh, Human Rights
Watch/Helsinki Organization hüquq müdafiə təşkilatının
hesabatı, 1994-cü il,
səh.16-48).
Ağdam işğal ediləndən
sonra cəbhə xəttində hərc-mərclik
yarandı. "Human Rights Watch" təşkilatının hesabatına
görə, avqustun axırlarında Füzuli,
Cəbrayıl və Qubadlı rayonları tutulanda hərbçilər
və mülki əhali arasında belə təsəvvür
yaranmışdı ki,
Azərbaycan ermənilərə
qarşı deyil, Gümrüdə yerləşən
Rusiya qoşunlarına
qarşı vuruşur.
Rusiyanın pulsuz verdiyi
ağır texnikanın
köməyi ilə cəbhənin Azərbaycana
aid hissəsinin yarılması
açıq-aşkar onu
göstərirdi ki,
general-polkovnik Qraçov
öz vədinə əməl etmişdi.
Nəticədə Azərbaycanın bir neçə rayonu "domino prinsipi"
üzrə ermənilər
tərəfindən tutulmuş,
əhalidə ruh düşkünlüyü yaranmışdı.
Azərbaycanın hərbi dairələrində
nizamsızlıq respublika
ərazisinin beşdə
bir hissəsinin işğalı ilə nəticələndi.
1993-cü ilin yayı
həmin dövrdə
Azərbaycan Prezidenti vəzifəsini icra edən ölkə parlamentinin sədri Heydər Əliyev üçün çox böyük bir sınaq dövrü oldu. Bir tərəfdən
ölkənin şimalında
irredentizm əlamətləri
hiss olunur, digər tərəfdən ölkənin
cənubunda polkovnik Əlikram Hümbətov suveren Azərbaycanın dezinteqrasiyasına yönəlmiş
siyasi təhriklər törədirdi. Bütün bunlar Qarabağ
cəbhəsində ermənilərin
irimiqyaslı hücumları
fonunda baş verirdi. Azərbaycan rəhbərliyi yalnız
ölkənin şimalında
və cənubunda
separatist hərəkatları yatırandan sonra xalqın iradəsini möhkəmlətməyə və
1993-cü ilin dekabr ayında əks hücuma başlaya bildi. Azərbaycan ordusu cəbhə
xəttinin şimalında
və cənub-şərqində
sanballı uğurlar qazansa da, Ağdam
rayonu işğaldan azad edilmədi.
ABŞ-ın Qaçqınlarla İş üzrə Komitəsinin 2000-ci il üçün hesabatına görə Ağdamın 153 min sakinindən 128584-ü ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüşdü. Erməni silahlı qüvvələri Ağdam rayonunu işğal etməklə Azərbaycana 6,179 milyard dollar ziyan vurmuşlar. Erməni qoşunları tərəfindən Ağdam rayonunun bir neçə kəndinin işğalı ifrat qəddarlıq və Cenevrə konvensiyasının normalarının kobudcasına pozulması ilə müşayiət olunurdu. Ermənilərin hücumları dövründə Ağdam rayonunda 5897 azərbaycanlı həlak olmuşdu. Bu, Ermənistan-Azərbaycan müharibəsi dövründə ən böyük insan tələfatıdır. Bu gün Ağdam şəhəri sükut içindədir. Ermənilərin yerlə-yeksan etdiyi şəhərin yalnız xarabalıqları qalmışdı. Halbuki vaxtilə Ağdam Aran Qarabağın dinamik inkişaf edən regional mərkəzi idi. Həmişə bütün şəhərin fəxri sayılan Ağdam məscidi indi həyat əlaməti olmayan xarabalıqları və yandırılmış ağacları müşahidə edir. Şəhərdə həyatın bərpa edilməsi yalnız bütün Qarabağ azad ediləndən sonra mümkündür. O vaxta qədər Ağdam susacaqdır.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 24 iyul.- S.5.