Azərbaycan Avropa
İttifaqı ilə tərəfdaşlıq dialoqunun
bərabərhüquqlu
və strateji tərəfdaşlıq
əsasında inkişafında maraqlıdır
Brüsseldə Avropa İttifaqına (Aİ) üzv və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin IV görüşü keçirilmişdir. Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycanı ölkəmizin xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil etmişdir.
Toplantıya Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və qurumun Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sədrlik etmişlər.
Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak etmişlər.
Tədbir iştirakçıları "Şərq Tərəfdaşlığı"nın hazırkı vəziyyətini, onun Varşava sammitindən bu günədək əldə etdiyi nailiyyətlərini, Vilnüs sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə etmişlər.
Elmar Məmmədyarov ölkəmizin "Şərq Tərəfdaşlığı"ndakı fəaliyyəti və ümumiyyətlə, Aİ ilə əməkdaşlıq dialoqundan bəhs etmiş, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək verilməsi ilə bağlı qurumun üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan-Aİ dialoqunun gələcək perspektivləri və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunması bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinin öhdəlikləri əsasında reallaşması mümkündür.
Nazir Prezident İlham Əliyevin iyunun 21-də Brüsselə səfəri çərçivəsində Aİ Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə keçirdiyi görüşləri xatırlatmışdır. Diqqətə çatdırmışdır ki, görüşlərdə bir sıra vacib nəticələr əldə edilmişdir. Azərbaycan Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır.
Elmar
Məmmədyarov bildirmişdir ki, "Cənub" qaz dəhlizi
ilə bağlı qəbul edilmiş qərarlar Aİ-nin
enerji təhlükəsizliyinin gücləndirilməsində
və qurum ilə siyasi-iqtisadi münasibətlərdə
bundan sonra daha da geniş imkanların yaradılmasında
müstəsna rol oynayacaqdır.
Nazir Aİ ilə viza rejiminin asanlaşdırılması və readmissiya sazişləri ilə bağlı danışıqlarının, demək olar ki, tamamlandığını və Vilnüs sammitinədək həmin sənədlərin imzalanmasının əhəmiyyətini, qurum ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. E.Məmmədyarov bu sahədə Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını, "Şərq Tərəfdaşlığı" fəaliyyətində qender bərabərliyi və qadınların cəmiyyətdə rolunun artırılmasının fəaliyyət istiqamətinin inkişaf imkanlarının araşdırılmasını təklif etmişdir.
Nazir
tədbir çərçivəsində ukraynalı və
yunanıstanlı həmkarları ilə təkbətək
görüşlər keçirərək ikitərəfli
münasibətlərin genişləndirilməsinin perspektivlərini
müzakirə etmişdir.
Azərbaycan.-2013.- 24 iyul.- S.6.