Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi

 cari ilin birinci yarısına dair hesabatını açıqlamışdır

 

İyulun 23-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT-lərin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilən tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə inamla həyata keçirilən müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi, 2013-cü ilin birinci yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır. Dövlət başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmişdir. Sənədə əsasən, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır.

Dövlət başçısının sədrliyi ilə 2013-cü il fevralın 12-də keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda mənfi halların, korrupsiyanın aradan qaldırılması ilə bağlı rəsmi strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət proqramı xarakteri daşıyan çıxışı prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoymuş, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da təkmilləşdirilməsini zəruri etmişdir.

Bu il iyulun 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı, bir daha korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurğulamış, hər bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmasını xüsusi qeyd etmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilikpraktiki tədbirlər həyata keçirilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 2013-cü il 1 fevral tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilmiş, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirən norma 2013-cü il 30 aprel tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Qeyd edilməlidir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin birinci yarısında da fəaliyyətini uğurla davam etdirmişdir.

Həmin müddətdə idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılmış, həmçinin 166 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 78 faizi üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 "Qaynar xətt" əlaqə mərkəzinə bu dövrdə 3.237 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

Hesabat dövründə törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanmışdır. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Cinayət işləri torpaq sahəsi ayrılması üçün Nurəddin və Seyfəddin Dövlətovlar tərəfindən qohumlarını cinayət məsuliyyətindən azad etmək üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinə 35 min ABŞ dolları məbləğində rüşvət vermələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10 min manat, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Bülbüinzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı TSEK-in sədri İmran Məmmədovun ömürlük əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 1.500 manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olmuşdur.

İlin birinci yarısında idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmin cinayət işlərindən bir şəxs barəsində bir rüşvət vermə, 25 şəxs barəsində 9 rüşvət alma, 12 şəxs barəsində 10 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, bir şəxs barəsində bir vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 səhlənkarlıq, 73 şəxs barəsində 32 mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manatya 48,4 faizi ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından idarənin mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişlər.

Qeyd edilmişdir ki, hesabat dövründə də idarənin əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkarlanmış pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir. Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövründə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir.

Meksika Birləşmiş Ştatları tərəfindən həmin konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə cari ilin aprel-may aylarında sözügedən dövlətin özünüdəyərləndirmə hesabatının qiymətləndirilməsi üzrə bölgüsü aparılmış, qeyd olunan həcmli hesabat idarənin əməkdaşları tərəfindən öyrənilərək müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi hazırlanmışdır.

Konfransda vurğulanmışdır ki, ilin birinci yarısında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, bu il iyunun 3-dən 7-dək Azərbaycan Respublikasının iştirakçısı olduğu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində həmin qurumdan, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti dövlət qurumları, qeyri-hökumət təşkilatlarının məlumat şəbəkəsinin nümayəndələri ilə səmərəli və işgüzar görüşlər keçirmişdir. Həmin görüşlər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) verdiyi tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səviyyəsinin mövcud durumu və qarşıda duran institusional islahatlar və perspektivlər müzakirə edilmiş, nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır.

Görüşlərdə nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq göstərilməsinin zəruriliyi vurğulanmış, eyni zamanda, son illərdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilmiş qanunvericipraktiki tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdində "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Bundan əlavə, hesabat dövründə Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir.

Qurumun Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları mütəmadi olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamış və zəruri tədbirlərin görülməsini təmin etmişlər. İdarə tərəfindən səlahiyyətli orqanlara məlumat vermiş fəal rüşvət verən şəxslərin cəzadan avtomatiktam olaraq azad edilməsi məsələsinə dair müvafiq normativ-hüquqi aktların layihələri hazırlanmışdır.

Bildirilmişdir ki, hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti bu il aprelin 12-dən 14-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən Anlaşma Memorandumu imzalanmışdır.

Çao Cianminq Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ilə görüşərək ölkələrimiz arasında ədliyyə və məhkəmə-hüquq sistemi, həmçinin IAACA çərçivəsində gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etmişlər.

Diqqətə çatdırılmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş, mühüm elmi araşdırmalarla məşğul olan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə də əməkdaşlığını uğurla davam etdirmiş, ötən dövrdə idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal iştirak etmişlər.

Vurğulanmışdır ki, ilin birinci yarısında idarə tərəfindən, həmçinin Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış "Korrupsiyaya qarşı mübarizə üzrə Panel", Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. İdarənin əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və "dəyirmi masa"larda fəal iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlərlə əlaqədar idarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc olunmuşdur.

Bildirilmişdir ki, cari il iyulun 18-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosialsiyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin olunacaqdır.

Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2013-cü ilin birinci yarısında gördüyü işləri müsbət dəyərləndirmişlər.

Sonda KİV və QHT təmsilçilərinin sualları cavablandırılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 24 iyul.- S.7.