Görüş yeri dəyişmir
Qəbələ
V Beynəlxalq Musiqi Festivalı başladı
Bu gün Qəbələdə V Beynəlxalq Musiqi Festivalı öz işinə başladı. Bəllidir ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr Azərbaycan mədəniyyətinin təbliğini yüksək səviyyəyə qaldırmışdır. 2009-cu ildən Qəbələdə gerçəkləşən bu musiqi festivalı da məhz həmin layihələrdən biridir. Artıq beşinci ildir ki, dünyanın görkəmli musiqiçiləri, bədii kollektivləri, solistlər, dirijorlar, ifaçılar Azərbaycanın bu dilbər guşəsinə toplaşaraq böyük bir musiqi bayramı keçirirlər.
Beş il dalbadal eyni bölgədə beynəlxalq tədbirin mükəmməl şəkildə baş tutması hər şeydən əvvəl dövlətin bu sahəyə ayırdığı diqqətdən, verdiyi önəmdən, təşkilatçılığın yüksək səviyyəsindən xəbər verir. Bu səbəbdən də fəxr və fərəhlə deyə bilərik ki, təkcə paytaxtımız deyil, bölgələrimiz də beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə və uğur qazanıb. Beşinci dəfədir ki, yurdumuzun gözəl guşəsi olan Qəbələ şəhərində beynəlxalq musiqi festivalı keçirilir. Maraqlıdır ki, buraya gələn məşhur mədəniyyət xadimləri bir fikri tez-tez vurğulayırlar: "Qəbələdən ayrılan kimi yenidən qayıtmaq haqqında düşünürük".
Festivalın bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski hər il bu beynəlxalq festivalda iştirak edir. Hər dəfə də Qəbələyə gələn kimi jurnalistlərə verdiyi müsahibəsində bu sözləri deyir: "Bir ildir ki, bu günü səbirsizliklə gözləyirəm. Qəbələyə çox bağlanmışam. Bura çox qeyri-adidir. Dağların gözəlliyi, insanların mehribanlığı, festivala toplaşanların musiqiyə bağlılığı - hər şey mənə ləzzət edir". Maraqlıdır ki, ötən il festivalın konsert proqramının birində qəflətən şıdırğı yağış başladı. Açıq havada keçirilən bayram təntənəsinin hüsnünə isə bir xələl gəlmədi. Çünki festival təşkilatçıları hər şeyi nəzərə alaraq öz tədbirlərini görmüşdülər. Dərhal bütün tamaşaçılara çətir paylandı. O gün açıq havadakı konsert çox qeyri-adi, eyni zamanda füsunkar görünürdü. Sonra da o çətirlər tamaşaçıların özlərinə bağışlandı.
Qəbələdə keçirilən beynəlxalq musiqi festivalının ənənəvi hal alması yurdumuzun bu dilbər guşəsini dünyanın diqqət mərkəzinə çevirib. Həmişəki kimi, bu il də festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşib. Bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirən UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fikirləri festivalın mahiyyətini səlis şəkildə şərh edir: "Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlandığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təbliğ və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır... Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi tarixində yeni ənənələrəin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq".
Əvvəlki festivallarda iştirak edən yerli və xarici vokalçılar, simfonik, kamera orkestrləri, muğam ustaları, dünya şöhrətli ustad sənətkarlar və məşhur musiqi kollektivləri böyük uğurlara imza atdılar. Dünya mətbuatı Qəbələ festivalından maraqlı yazılar dərc etdi. Festivalın diqqətçəkən cəhətlərindən biri də milli musiqilərlə, muğamlarımızla klassik sənət nümunələrinin bir arada ünsiyyət taparaq xarüqələr yaratması oldu. Xüsusilə də yerli tamaşaçıların klassik musiqilərə, əcnəbi ifaçılara maraq göstərməsi, xarici qonaqların isə muğamlarımıza vurğunluqla qulaq asması, milli adət-ənənələrimizə, qonaqpərvərliyimizə, mətbəximizə aşiq olmaları barədə ürəkdolusu danışması festivalın yaddaqalan məqamlarıdır.
Həqiqətən də görüş
yerini dəyişmək olmaz.
Birinci ona görə ki, Qəbələ mistik bir bölgədir. Burada təbiətin
öz rəngi, gözəlliyi, qəribəliyi
var. Dağlarla meşələrin həmahəngliyi və bu bölgədə doğulan
insanların həssas ürəyə, musiqi
duyumuna malik olması,
dövlət tərəfindən yaradılan sabitlik,
hərtərəfli şərait və bütün
tamaşaçıların, demək olar ki, musiqisevərliyi özgə bir
dünya yaradır. Bir fakt da var ki,
Qəbələ son on ildə bambaşqa
libasa bürünüb.
İlahinin yaratdığı öz yerində, insan əlinin də möcüzəsi bu şəhəri, sözün əsl mənasında, klassik bir məkana çevirib. Məhz burada özünü Şərqin ən gözəl guşəsində
hiss edirsən. Qədimliklə
müasirliyin vəhdəti
o qədər dürüst
birləşdirilib ki,
Qəbələyə gələn
sevinir, ondan ayrılan isə bir il ümid bəsləyir ki, yenidən buraya qayıdacaq.
Qəbələyə gələn sənətkarların, musiqiçilərin
əksəriyyəti jurnalistlərə
verdikləri müsahibələrdə
bir fikri tez-tez vurğulayırlar:
"Bu yerlərin sakinlərinin
xarakteri bənzərsizdir.
Dünyanın çox yerini
gəzib-dolaşmışıq. Heç yerdə belə səmimi, mehriban, gülərüz, qonaqsevər
insanlar görməmişik.
Azərbaycan musiqisinin, muğamlarının
əvəzi yoxdur.
Hələ sizin xörəklər... Musiqiniz də
doyumsuzdur, mətbəxiniz
də. Şirniyyatlarınızın dadından heç
harada yoxdur. Paxlava, şəkərbura...
nələr bacarır
Azərbaycan xanımları!
Ürəyinizin zənginliyi, gözəlliyi
yaratdıqlarınıza həm
ecazkarlıq, həm də şirinlik gətirib".
...Qəbələ yenidən
qonaqlarını qarşılayır.
Artıq onlar bu yerlərə köhnə dost kimi gəlirlər. Beş il ərzində tanıdıqları insanlar,
salamlaşdıqları, görüşdükləri
ailələr, çaylarını
içdikləri, süfrələrində
çörək kəsdikləri
tanışları var. Festivalda
Rusiya, Türkiyə, Böyük Britaniya,
ABŞ, İtaliya, Fransa,
Koreya Respublikası, İsrail, Litva, Kuba və Qazaxıstandan
dünya şöhrətli
dirijorlar, musiqiçilər
və kollektivlər iştirak edəcəklər.
Həmişə olduğu
kimi, yenə də Yerusəlim Simfonik Orkestri, Kuba caz qrupu,
"Yeni Rusiya" Simfonik Orkestri və digərləri ilə bərabər Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının Kamera Orkestri çıxış edəcəklər.
Məşhur musiqiçilərdən
Amos Talmon, Boris Berezovski,
Dmitri Yablonski, Nina Koqan,
Aleksandr Solovyov, Mixail Qutman və
başqaları ilə
birlikdə xalq artistlərimiz Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın
Adgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov və bir çox ifaçılarımız birlikdə
sənət nümunəsi
yaradacaqlar. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati
dəstək verdiyi Qəbələ V Beynəlxalq
Musiqi Festivalında səslənən musiqilər
zümrüd libaslı
dağlarda əks-səda
verərək yeni bayram təntənəsinin
ovqatını aləmə
yayacaq.
Mübaliğəsiz və birmənalı olaraq deyə bilərik ki, Qafqaz bölgəsində bu cür təntənəyə
imza atmaqda Azərbaycanın rəqibi
yoxdur. Çünki sabitlik olan yerdə inkişaf, inkişaf olan yerdə mədəniyyətin
çiçəklənməsi şəksizdir. Bu gün Azərbaycan mədəniyyəti öz
qanadlarını elə
qüdrətli şəkildə
açıb ki, onun cazibəsinə dünya xalqlarının ən məşhur musiqiçiləri belə
vurğunluqla, heyrətlə
və məhəbbətlə
öz ehtiramlarını
bildirirlər. Avqustun 6-dək davam edəcək bu beynəlxalq musiqi festivalının proqramı olduqca zəngindir. Qonşu rayonlara
da qonaqların səfər etməsi nəzərdə tutulub.
Bu cür festivalların
keçirilməsi sivilizasiyalararası
mədəniyyətlərin qovuşmasını şərtləndirən
ən mühüm amildir.
İstedadlı insanlar, gözəl ifaçılar hər ölkədə ola bilər. Amma humanistlik, qonaqpərvərlik, böyüklük, yüksək səviyyədə mərasim təşkil etmək qabiliyyəti, dinindən, dilindən, irqindən asılı olmayaraq hamıya eyni gözlə baxmaq, dəyərləndirmək bacarığı hər xalqın qismətinə yazılmır. Sülhsevər Azərbaycanın sülhməramlı niyyəti onun başını həmişə ucaldıb. Bu ucalığın şərəf və şöhrəti isə dostları sevindirir, düşmənlərin isə qara niyyətini puça çıxarır. Azərbaycan mədəniyyəti öz qanadlarını geniş açaraq yeni zirvələr fəth edir. Qəbələ V Beynəlxalq Musiqi Festivalının təntənəsi sübut edir ki, hələ çox illər bu bölgə zamanın yaxasına tarixi zəfərlər yazacaq! Bu gün həqiqətən də bütün musiqisevərlərin diqqəti Qəbələyə yönəlib...
Flora XƏLİLOVA,
Azərbaycan.-2013.- 24 iyul.- S.8.