Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə İslamabad şəhərindəki «Edhi Homes» kimsəsizlər evində təşkil olunmuş iftar süfrəsi Pakistan mətbuatında geniş işıqlandırılmışdır

 

Azərbaycanın  birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın İslamabad şəhərindəki "Edhi Homes" kimsəsizlər evində təşkil olunmuş iftar süfrəsi bu ölkənin mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkənin nüfuzlu ingilisdilli qəzetlərindən olan  "The News", "Pakistan  Observer", "The Lahore Times", "Diplomatic Star" jurnalı və "DNA NEWS","Pakistan in the World" və "One Pakistan" informasiya agentlikləri, habelə urdudilli "Jang", "Jahan e Pakistan" qəzetlərində mövzu ilə bağlı ətraflı məlumatlar verilmişdir.

Məqalələrdə bildirilmişdir ki, Pakistanın tanınmış dövlət və ictimaiyyət  xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verilmişdir.

Bildirilmişdir ki, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı  silsilə humanitar yardım proqramları çərçivəsində "Edhi Homes" kimsəsizlər evində sığınacaq tapan uşaqlara, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi müayinə olunmuş, hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərinin "Akbar Care" Serebral İflic İnstitutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, həmçinin Kulsum İnternational xəstəxanasında pulsuz açıq ürək əməliyyatları aparılmışdır.

Məlumatlarda Heydər Əliyev Fondu tərəfindən Həmza Fondu  üçün müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alınması, Ramazan ayı və Qurban bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində humanitar aksiyaların keçirilməsi, Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyinin ayrılması, Saif Fonduna maddi yardımların edilməsi də oxucuların diqqətinə çatdırılmışdır.

Eyni zamanda, vurğulanmışdır ki, Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yeni müasir qızlar məktəbi inşa edilmiş və 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı verilmişdir.

Daha sonra yazılarda tədbirdə iştirak edən Pakistan Senatı üzvlərinin  bu ölkədə həyata keçirdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar yeməyi təşkil etdiyinə görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirdiyi qeyd olunmuşdur.

 

Azərbaycan.-2013.- 23 iyul.- S.5.